Laureatlar Azərbaycan Dövlət
İqtisad Universitetində
olmuşlar
Oktyabrın
3-də Azərbaycan Dövlət
İqtisad Universitetində
(ADİU) Bakı Beynəlxalq
Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə
gəlmiş iqtisadiyyat
üzrə Nobel mükafatı
laureatları Edvard Preskot və Kennet Errou ilə
görüş keçirilmişdir.
ADİU-nun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri,
professor Şəmsəddin Hacıyev rəhbərlik etdiyi ali təhsil
müəssisəsində iqtisadiyyat
üzrə Nobel mükafatı
laureatları ilə görüşlərin ənənəyə
çevrildiyini, ABŞ-ın
iki tanınmış
iqtisadçı alimi
ilə bugünkü görüşün
universitetin həyatında yaddaqalan, mühüm hadisələrdən olduğunu bildirmişdir.
Ölkənin nüfuzlu ali
təhsil ocaqlarından
biri olan ADİU haqqında qonaqlara geniş məlumat verən rektor amerikalı alimlərin universitetlə əlaqələrinin
davamlı olacağına
əminliyini ifadə etmişdir.
Sonra Harvard Universitetinin professoru
Kennet Errou və Arizona Dövlət Universitetinin professoru Edvard Preskotun həyat və yaradıcılığı haqqında
məlumat verilmişdir.
Professor K.Errou tədbirdə çıxış
edərək demişdir
ki, biz həm elmi inkişaf etdiririk, həm də həmkarlarımızla
və tələbələrlə
təcrübəmizi bölüşürük. Bu baxımdan universitetlərdə
keçirilən görüşlərin
böyük əhəmiyyəti
vardır. Azərbaycanın
qabaqcıl ali təhsil müəssisəsi
ilə tanışlığı yüksək
dəyərləndirən K.Errou dünyanın aparıcı alimlərinin
iqtisad elminə verdiyi töhfələrdən
söz açmış,
tələbələrə onlardan nümunə götürməyi tövsiyə
etmişdir.
Hazırda dünyada
iqtisadi artım tempinin sürətləndiyini,
bir çox ölkələrdə sosial
institutların inkişaf
etdiyini vurğulayan
professor E.Preskot
bildirmişdir ki,
əsrin sonunda Qərb ölkələri
ilə yanaşı, digər ölkələr
də iqtisadi baxımdan zəngin olacaqlar. Əslində, bu, iqtisadiyyat
sahəsində elmi biliklərin paylaşılmasının
real nəticəsi olaraq
özünü göstərəcəkdir.
E.Preskot universitetlərdə elmi araşdırmaların aparılmasının
əhəmiyyətini qeyd
etmiş, tələbələrin
tədqiqatları üçün
lazımi şərait
yaradılmasının zəruriliyini
diqqətə çatdırmışdır.
Sonra professor Ş.Hacıyev dünya iqtisad elminə verdikləri töhfələrə görə
amerikalı professorlar
K.Errou və E.Preskota Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri doktoru adı verilməsi barədə universitetin Elmi Şurasının qərarını
elan etmişdir.
K.Errou və
E.Preskota ADİU-nun fəxri
doktoru diplomu, mantiya və universitetin yubiley qızıl medalı təqdim
olunmuşdur.
Millətlərin tərəqqisində elmin, təhsilin önəmli rolunu vurğulayan tanınmış
alimlər bu sahələrin inkişafı
ilə bağlı fikirlərini söyləmiş,
gənclərə tövsiyələrini
vermişlər. Amerikalı
qonaqlar ADİU-nun fəxri
doktoru adına
layiq görülmələrindən
məmnunluqlarını bildirmiş,
universitetin kollektivinə
uğurlar arzulamışlar.
Sonra K.Errou və E.Preskot sualları cavablandırmışlar. Universitetin
professor və müəllimləri
qonaqlarla xatirə şəkli çəkdirmişlər.
AzərTAc
Azərbaycan.-2012.-
4 oktyabr.- S.7.