BSU-da
tanınmış rus
yazıçısı ilə görüş
keçirilmişdir
Oktyabrın 4-də işə başlayacaq Beynəlxalq Humanitar
Forumda iştirak etmək
üçün Bakıya gəlmiş
tanınmış rus
yazıçısı Vladimir Nikolayeviç Voynoviç
Bakı Slavyan Universitetinin
(BSU) tələbə və müəllimləri ilə görüşmüşdür.
AzərTAc xəbər
verir ki,
görüşdə çıxış edən BSU-un rektoru, professor Kamal Abdullayev forumun əhəmiyyətindən
danışmışdır.
Qeyd olunmuşdur ki, forumda iştirak
edən qonaqların Azərbaycanın tarixi,
mədəniyyəti, o cümlədən
ədəbiyyatı ilə yaxından tanış olmaq imkanları vardır. Forum
eyni zamanda Azərbaycan
ictimaiyyətinin rus nəsrinin nümayəndələri
ilə tanış olması baxımından da
əhəmiyyətlidir.
Sonra K.Abdullayev nəinki
Rusiyada, eləcə də Avropa
və Amerikada da sevilən
yazıçı V.N.Voynoviçi görüş iştirakçılarına
təqdim edərək onun həyat və
yaradıcılığından danışmışdır.
V.N.Voynoviç Bakıya gəlməsindən məmnunluğunu
bildirmiş, gənclərlə
görüşünə böyük əhəmiyyət
verdiyini və bu cür görüşlərin
yaradıcılığına müsbət təsir göstərdiyini
demişdir.
Rus və Azərbaycan
xalqlarının uzun illər boyu birlikdə yaşadıqlarını vurğulayan yazıçı qeyd
etmişdir ki, tarixən
ədəbiyyat nümayəndələri iki
xalq arasındakı münasibətlərin
yaxınlaşmasında mühüm rol oynamışlar. Bundan sonra da
yazıçılar, şairlər və ədəbi tənqidçilər
münasibətlərin inkişafına böyük
töhfələr verəcəklər.
Gənclərlə
görüşə üstünlük
verməsinin səbəbindən danışan
tanınmış yazıçı diqqətə
çatdırmışdır ki, o, bu görüşlərdə
gənc nəslin fikirlərini və düşüncələrini
öyrənərək yaradıcılığında istifadə
edir. Yeni əsərlər yaratmaq üçün gənclərin
fikirlərini bilmək olduqca vacibdir. Ona görə ki, xalqlar arasındakı
münasibətləri gələcəkdə bugünkü
gənclik davam etdirməli olacaqdır.
Sonra V.N.Voynoviç
tələbələri maraqlandıran sualları
cavablandırmışdır.
Sonda tanınmış
yazıçı yeni çapdan çıxmış
"Böyüklər üçün nağıllar"
kitabının bir neçə nüsxəsini BSU-nun
kitabxanasına hədiyyə etmişdir.
Azərbaycan.-2012.-
4 oktyabr.- S.7.