Bakıda IV Beynəlxalq uşaq muğam festivalı keçirilir

 

 Bakıda IV Beynəlxalq uşaq muğam festivalı keçirilir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin reallaşdırdığı bu layihənin əsas məqsədi muğam ənənələrini yaşatmaqmilli dəyərlərimizi bu orijinal musiqi forması ilə dünya miqyasında tanıtmaqdır.

İlk dəfə 17 il bundan əvvəl yalnız respublika miqyasında təşkil olunan uşaq muğam festivalı artıq dördüncü ildir ki, beynəlxalq səviyyədə reallaşmaqdadır. 2009-cu ildə start götürən 1-ci Beynəlxalq uşaq muğam festivalının işində yalnız 1 ölkə (Özbəkistan) iştirak etdiyi halda, hazırda bu musiqi bayramında təmsil olunan ölkələrin sayı Azərbaycan da daxil olmaqla, 8-ə çatmışdır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, IV Beynəlxalq uşaq muğam festivalının bu ilin  mayından başlanan seçim turları sentyabr ayında yekunlaşmışdır. Azərbaycanı bu festivalda müxtəlif regionlardan gənc istedadlar təmsil edir.

Təşkilat komitəsinin qərarı ilə festivalın baş mükafat olan "Qran-pri", I, II, III yerlər və beş həvəsləndirici mükafat nominasiyaları üzrə mükafatları təsis edilmişdir.

Yuxarıda qeyd olunan nominasiyalardan əlavə, finala vəsiqə qazanmış hər bir iştirakçı Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunacaqlar. Baş mükafatın sahibi və digər qaliblər üçün isə xüsusi diplomlar təsis edilmişdir.

Qaliblər iştirakçıların çıxışlarından dərhal sonra müəyyən ediləcəkdir. Mükafatlandırma mərasimi isə bütün çıxışlar başa çatdıqdan sonra olacaqdır.

Festivalın final mərhələsi oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

 

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S.8.