Bakıda İkinci Beynəlxalq
Humanitar Forum öz işinə başlamışdır
Azərbaycan
Prezidenti İlham Əliyev forumun açılış mərasimində
və
plenar iclasında iştirak etmişdir
Oktyabrın 4-də
Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq
Humanitar Forumu öz işinə başlamışdır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
forumun açılış mərasimində iştirak
etmişlər.
Bakı Beynəlxalq Humanitar Forumu
aktual humanitar əməkdaşlıq məsələlərinin
müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və
konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri
olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi
üçün ideal yerdir. Forumun
keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında
Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul
edilmişdir.
Forumun həmtəsisçiləri Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putindir.
İkinci Bakı Beynəlxalq Humanitar
Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq
təşkilatı təmsil edən 694 nəfər iştirak
edir. Onlardan 10 nəfəri sabiq dövlət
başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i
dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor),
10-u mötəbər beynəlxalq təşkilatları təmsil
edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli
ictimai və siyasi xadimdir.
Dövlət başçısı
forumun açılışında nitq söylədi.
Rusiya Federasiyası Prezidentinin beynəlxalq
mədəni əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Mixail ŞVIDKOY forumun yüksək səviyyədə
təşkilinə görə Azərbaycan rəhbərliyinə
minnətdarlıq edərək dedi:
- Zati-aliləri, çox hörmətli
İlham Heydər oğlu,
Hörmətli Mehriban xanım,
Xanımlar və cənablar!
Bakı Humanitar Forumunun işə
başladığı üç ildən bir qədər
artıq müddətdə aydın olmuşdur ki, bu forum
müasir sivilizasiyanın fundamental məsələlərinin
müzakirə edilməsi üçün ən ciddi, ən
maraqlı məkanlardan biridir. Bu üç il ərzində
Azərbaycan, Bakı bir daha sübut etdi ki, ölkə son dərəcə
dinamik inkişaf edir, onun uğurları, nailiyyətləri
göz qabağındadır. Mənim fikrimcə, bu
inkişafın rəmzlərindən biri də bu gün bizim
ikinci beynəlxalq forumu keçirdiyimiz bu gözəl mərkəz,
gözəl zaldır. Forum iştirakçılarının
tərkibi Azərbaycanın, onun rəhbərliyinin, Prezident
İlham Əliyevin beynəlxalq nüfuzuna dəlalət edir.
Mən Rusiya Federasiyasının Prezidenti Vladimir
Vladimiroviç Putinin tapşırığını yerinə
yetirmək və onun foruma təbrikini oxumaq şərəfinə
layiq görülmüşəm.
Sonra Mixail Şvıdkoy Rusiya
Federasiyasının Prezidenti
Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu
oxudu.
Məktubda deyilir: "XXI əsr:
ümidlər və çağırışlar" Bakı
Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və
qonaqlarına
"XXI əsr: ümidlər və
çağırışlar" Bakı Beynəlxalq Humanitar
Forumunun iştirakçılarını və
qonaqlarını salamlamağa şadam. Sizin forum ilbəil sərhədlərini
genişləndirir, Rusiyanın, Azərbaycanın, digər
dövlətlərin ictimai həyatında əlamətdar,
gözlənilən hadisəyə çevrilir. O, məşhur
siyasətçilərin, alimlərin, yaradıcı
ziyalıların diqqətini cəlb edir, beynəlxalq humanitar əməkdaşlığın
mühüm aspektlərinə dair dialoqun inkişafına
sanballı töhfə verir. Əminəm ki,
qarşıdakı diskussiyaların yekunu müasir
çağırışlara cavab verən təzə,
konstruktiv ideyalar, elm və mədəniyyət, təhsil və
kütləvi kommunikasiyalar sahəsində yeni, mühüm təşəbbüslər
olacaqdır.
Sizin hamınıza səmərəli
iş arzulayır, ən xoş diləklərimi bildirirəm.
Rusiya Federasiyasının Prezidenti
Vladimir Vladimiroviç Putin".
UNESCO Baş Konfransının prezidenti,
Macarıstanın UNESCO yanındakı daimi nümayəndəsi
Katalin BOQYAY çıxışında bildirdi ki, humanitar əməkdaşlıq
üzrə Bakı Forumu dünyada sülh və təhlükəsizliyə
doğru addımların atılması üçün əla
fürsətdir.
"Azərbaycan UNESCO-nun çox dəyərli
tərəfdaşıdır", - deyən Katalin Boqyay
bildirdi ki, humanitar yardım azad cəmiyyətlərin irəliyə
doğru getməsinin əsasıdır. Qlobal iqtisadiyyatın
mövcud olduğu bir dövrdə dünya maliyyə
böhranının gətirdiyi mənfi amillərin
qarşısının alınmasının vacibliyinə diqqət
çəkən UNESCO nümayəndəsi dünyada ekoloji
problemlərin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində
mühüm addımların atılmasının zəruri
olduğunu bildirdi. Qeyd etdi ki,
UNESCO və onun missiyası insanların yaradıcı
potensialının inkişafına diqqət yetirir və təşkilatın
çoxmədəniyyətli platforması yeni
düşüncənin formalaşdırılması və ənənəvi
təcrübədə zənginliyin əldə olunmasına
çalışır. Katalin Boqyay sadalanan məsələlərlə
bağlı geniş fikir mübadiləsi aparmaqda Bakı
Forumunun mühüm əhəmiyyət
daşıdığını vurğulayaraq dedi:
- Bütün dünyada olan liderlərin
və görkəmli şəxsiyyətlərin bir araya gətirilməsində
Bakı Beynəlxalq Humanitar Forumu bizim insan dəyərləri
uğrunda apardığımız mübarizəyə
böyük töhfə verir. Mən Azərbaycan Prezidentinə,
Azərbaycanın birinci xanımı - UNESCO-nun xoşməramlı
səfirinə bu xüsusi tədbiri təşkil etdiklərinə
görə təşəkkürümü bildirirəm və
səbirsizliklə istərdim ki, "dəyirmi masa"da
iştirak edim. Ümidvaram ki, "Ubuntu" prinsipinə
uyğun olaraq biz fikir mübadiləsi aparacağıq.
Sağ olun.
Sonra UNESCO-nun baş direktoru İrina
BOKOVANIN forum iştirakçılarına videomüraciəti
səsləndi:
- Zati-aliləri, xanımlar və cənablar!
2012-ci ilin Bakı Beynəlxalq Humanitar
Forumuna müraciət etməkdən şərəf hissi
duyuram.
Mən UNESCO-nun məqsədlərinə
sadiqliyinə görə Azərbaycanın birinci
xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya
xüsusi olaraq minnətdarlığımı bildirmək istəyirəm.
2010-cu ildə təşəbbüs kimi irəli
sürülmüş Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq
təqvimdə artıq öz yerini tutubdur.
Bizim sürətlə dəyişən
dünyada meyilləri müzakirə etmək və gələcək
üzərində düşünmək məqsədilə
belə bir fürsət kimi yeni imkanlara ehtiyacımız
vardır. Bu forum qloballaşan dünyada elm və mədəniyyətin
oynadığı rolu, mədəni müxtəlifliyi və
media məsələlərini humanitar perspektivdən nəzərdən
keçirəcəkdir.
İrina Bokova videomüraciətində
onu da dedi ki, UNESCO humanitar təşkilat kimi mədəni
müxtəlifliyə, innovasiyaya və davamlı inkişafa
nail olmaq üçün bundan sonra da səylərini
artıracaqdır. XXI əsrdə insanları narahat edən məsələlər
- xüsusilə planetimizin qorunması, yoxsulluq,
ayrı-seçkilik, qeyri-sabitlik kimi məsələlərə
yeni tərzdə yanaşılmalıdır. "Biz
çıxış yolunu birgə fəaliyyətdə
görürük", - deyən İrina Bokova bu baxımdan
Bakı Forumunun xüsusi əhəmiyyətini qeyd etdi və tədbirin
işinə uğurlar arzuladı.
ISESCO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-TÜVEYCRİ də forumda
çıxış edərək dedi:
- Mən Bakı Beynəlxalq Humanitar
Forumunda iştirak etməkdən məmnunam və əslində
bu, dünyanın ən mühüm forumlarından birinə
çevrilmişdir. Bu forum siyasi, intellektual, elmi və akademik
şəxsiyyətləri, müxtəlif mənşəli və
müxtəlif ölkələrdən olan elit qrupları bir
araya gətirir. Sözün əsl mənasında bu, bizim ən
yüksək dəyərləndirilən təşəbbüslərdən
biridir. Bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən
irəli sürülmüşdür. Beynəlxalq ictimaiyyətə
təklif olunmuşdur ki, belə bir yanaşmaya əsaslanaraq
biz sülhə olan güclü inamımızı
nümayiş etdirək.
Bu cür mühüm bir hərəkət,
əslində, göstərilən beynəlxalq səylərə
böyük bir töhfədir və dünyada yeni,
güclü quruluşun yaradılmasına yönəldilibdir.
Əslində bu, universal qaydada qəbul olunmuş
tolerantlıq, dialoq, insanlar və xalqlararası
qarşılıqlı yanaşma kimi dəyərlərə
və beynəlxalq hüquqa da əsaslanır. Bu olan halda biz
tarazlı, uyğun, təhlükəsiz dünyanı hamı
üçün təmin edə bilərik.
"Bu forum bu sahədə göstərilən
beynəlxalq səylərə töhfə verir", - deyən
Əbdüləziz bin Osman əl-Tüveycri bildirdi ki, daha təhlükəsiz
gələcəyə gedən yolda bu cür forumlar
mühüm əhəmiyyət daşıyır. Bunun
üçün insan dəyərlərinə hörmətlə
yanaşma və iqtisadi tədbirlərin həyata keçirilməsi
vacibdir. "Gələcək üçün hazırlanan
yol xəritəsi yaxşı tərəqqiyə və
mükəmməl innovasiyaya söykənməlidir", - deyən
ISESCO-nun baş direktoru qeyd etdi ki, indi dünyada böyük
islahatlara ehtiyac vardır. Bu islahatlar çərçivəsində
beynəlxalq siyasi proseslər ciddi şəkildə nəzərdən
keçirilməli, məsələyə müxtəlif insan
yanaşmaları diqqət mərkəzində
saxlanılmalıdır.
Əbdüləziz bin Osman əl-Tüveycri
dedi:
- Bu tədbir mədəniyyətlər
və sivilizasiyalar arasında dialoqun gücləndirilməsinə,
düzgün sülh mədəniyyətinin təşviq
olunmasına yönəlibdir. Belə olan halda işğaldan əziyyət
çəkmiş insanların problemlərinin həllinə
xüsusi diqqət yetirilməlidir. Dağlıq Qarabağ
münaqişəsi buna bir misal kimi göstərilə bilər.
Buna görə beynəlxalq münasibətlərin yenidən
rasionallaşması vacib bir məsələ kimi üzə
çıxır. Belə olan halda, sözün əsl mənasında,
biz beynəlxalq siyasətə, bir növ, yeni təkan verməliyik.
Bu, bizim məsuliyyətimizdir. Bu, siyasi, intellektual və
akademik elitanın, bu forumda iştirak edən şəxslərin
məsuliyyəti, borcudur.
Çıxışımı bitirməzdən
öncə mən, həmçinin ISESCO-ya verdiyi dəstəyə
görə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə səmimi minnətdarlığımı,
təşəkkürümü bildirmək istəyirəm.
Çünki o, bir çox təşəbbüslərlə
çıxış etmişdir. Bu təşəbbüslər
insanları bir araya gətirə bilər və dialoqu uyğun
edə bilər. Mən bu foruma uğurlar arzulayıram və
hesab edirəm ki, Bakı intellektual və mədəni maarifləndirmənin
təcəssümü olacaq və burada intellektuallardan ibarət
forum uğurlu keçəcəkdir.
Çox sağ olun, diqqətinizə
görə minnətdaram.
Daha sonra Azərbaycan haqqında filmin
nümayişi oldu. Filmdə ölkəmizin qədim tarixi, zəngin
mədəniyyəti, Şərq ilə Qərb arasında
körpü rolunu oynayan, mədəniyyətlərarası
dialoq platformasında xüsusi yeri olan Odlar yurdu Azərbaycanın
keçdiyi inkişaf yolu barədə ətraflı məlumat
verildi. Son illərdə ölkəmizin müəllifi
olduğu irimiqyaslı layihələr, Bakının gözəlləşməsi
istiqamətində həyata keçirilən tədbirlər
videogörüntülər vasitəsilə
tamaşaçılara təqdim olundu.
Fasilədən sonra Bakı Beynəlxalq
Humanitar Forumunun plenar iclasının birinci hissəsi
keçirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.
Plenar iclasın birinci hissəsinə Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov sədrlik
etmişdir.
Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən
danışan Litvanın sabiq Prezidenti Valdas ADAMKUS
dünyanın tanınmış ictimai-siyasi xadimlərini, mədəniyyət
nümayəndələrini bir yerə toplayan bu forumun müxtəlif
məsələlərə dair fikir mübadiləsinin
aparılması üçün beynəlxalq miqyaslı
nüfuzlu elmi, siyasi platformaya çevrildiyini
vurğulamışdır.
Forumun işini yüksək qiymətləndirən
Estoniyanın sabiq Prezidenti Arnold RÜÜTEL elmi və mədəni
elitanın görkəmli nümayəndələrini bir araya
toplayan bu mötəbər tədbirin məhz Azərbaycanda
keçirilməsindən məmnun olduğunu bildirmişdir. O
demişdir ki, müasir dünyamızda yeni informasiyalar və
ideyalar sosial şəbəkələr vasitəsilə
sürətlə yayılır. Bu isə müasir həyatımızda
yeni çağırışların ortaya
çıxmasına səbəb olmuşdur. Bizim yeni çağırışlara
cavab verməyimiz baxımından belə mötəbər tədbirlərin
keçirilməsi mühüm əhəmiyyət kəsb
edir.
Azərbaycanın son illərdə
iqtisadi sahədə əldə etdiyi böyük uğurlara
toxunan A.Rüütel hazırda iqtisadiyyatımızın
sürətlə inkişaf etdiyini diqqətə
çatdırmışdır.
Azərbaycanın etnik və dini
tolerantlıq baxımından dünyada nadir ölkələrdən
biri olduğunu vurğulayan Xorvatiyanın sabiq Prezidenti Stepan
MESİÇ Bakıda müşahidə etdiyi inkişaf
prosesinin onda böyük təəssürat
yaratdığını bildirmişdir. O, Bakı Beynəlxalq
Humanitar Forumunu mədəniyyətlərarası dialoqun
inkişaf etdirilməsi
baxımından da çox önəmli platforma
adlandırmışdır.
Bolqarıstanın sabiq Prezidenti Jelyu
JELEV bu mötəbər tədbirin ölkələr
arasındakı münasibətlərin inkişafında
xüsusi rol oynayacağını əminliklə qeyd
etmişdir. Azərbaycanın belə mötəbər tədbirlərin
keçirilməsində artıq
böyük təcrübəyə malik olduğunu bildirən
sabiq Prezident forumda müzakirə ediləcək məsələlərin
bəşəriyyətin üzləşdiyi bir sıra
problemlərin həlli yollarının tapılmasına
kömək edəcəyini vurğulamışdır.
"Biz vahid dünyada
yaşayırıq və belə bir məqamda humanitar dəyərləri
qorumaq çox vacibdir", - deyən Latviya
Respublikasının sabiq Prezidenti xanım Vayra VİKE-FREYBERQA
çıxışında əsas diqqəti insan
hüquqlarının qorunmasına cəlb etmişdir. O,
dünyanın əksər ölkələrində olduğu
kimi, Azərbaycanda da bir milyondan artıq insanın
hüquqlarının pozulduğunu, onların doğma
torpaqlarından didərgin salındığını diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, dünya
ictimaiyyəti bu məsələdə qətiyyətli mövqedən
çıxış etməlidir.
Azərbaycanın dini
dözümlülük baxımından nümunəvi ölkə
olduğunu vurğulayan Vayra Vike-Freyberqa forumda dünyanın
tanınmış siyasətçilərinin, Nobel
mükafatı laureatlarının, bir sıra beynəlxalq təşkilatların
nümayəndələrinin iştirak etməsini ölkəmizin
gündən-günə artan nüfuzunun bariz nümunəsi
kimi səciyyələndirmişdir. Həmçinin ölkəmizin
sürətli inkişafının nəzərdə tutulan
ideyalarının həyata keçirilməsinə geniş
imkanlar açdığı qeyd olunmuşdur.
Avropa Parlamentinin üzvü, Paris şəhərinin
7-ci rayonunun meri xanım Raşida DATİ
vurğulamışdır ki, iqtisadi cəhətdən sürətlə
inkişaf edən, regional layihələrin təşəbbüsçüsü
olan Azərbaycan dünyada çox nadir bir örnəkdir. Azərbaycanın
multikulturalizmə böyük önəm verdiyini vurğulayan
R.Dati ölkəmizdə müxtəlif dinlərin və
xalqların nümayəndələrinin
qarşılıqlı hörmət və anlayış
içində bir arada yaşadığını diqqətə
çatdırmışdır.
R.Dati belə vacib tədbirin Bakıda
keçirilməsinin forumun əhəmiyyətini daha da
artırdığını demişdir. Çünki Bakı
müxtəlif mədəniyyətlərin, qədimliklə
müasirliyin qovuşduğu bir məkandır. O, həmçinin
bildirmişdir ki, bu beynəlxalq tədbir bir çox məsələlərin
müzakirə edilməsi və onların həlli
yollarının tapılması istiqamətində
qarşıya qoyduğu məqsədlərə nail
olacaqdır.
Rumıniyanın sabiq Prezidenti Emil
KONSTANTİNESKU Bakı Beynəlxalq Humanitar Forumunun ötən
il olduğu kimi, uğurla nəticələnəcəyinə
əminliyini bildirmişdir. O vurğulamışdır ki, bu tədbirdə
müzakirə ediləcək məsələlər bəşəriyyətin
üzləşdiyi çağırışlara cavab verməsi
baxımından mühüm töhfələri ilə yadda
qalacaqdır. Çünki müxtəlif peşə sahiblərinin,
xüsusilə də mədəniyyət sahəsini təmsil
edən insanların Bakıda bir araya gələrək
mühüm məsələləri müzakirə etməsi
böyük nəticədir.
E.Konstantinesku Bakı Beynəlxalq
Humanitar Forumunu yüksək səviyyədə təşkil
edən Azərbaycanın bunu artıq ənənəyə
çevirdiyini də diqqətə
çatdırmışdır.
Qırğız Respublikasının
sabiq Prezidenti xanım Roza OTUNBAYEVA isə Azərbaycanın zəngin
tarixi və mədəni irsindən bəhs etmişdir. Sabiq
Prezident sovet dönəmindən müstəqillik illərinədək
və daha sonrakı dövrlərdə inkişaf edən Azərbaycanın
dünyada artan nüfuzuna da toxunmuşdur. Forumun əhəmiyyətindən
danışan R.Otunbayeva burada multikulturalizm və medianın cəmiyyətdə
rolu məsələsinin daha çox müzakirə
olunmasının aktuallığından
danışmışdır.
Bakı Beynəlxalq Humanitar Forumunun
yüksək səviyyədə təşkilinə görə
Azərbaycan Prezidentinə təşəkkürünü
bildirən Bolqarıstan Respublikasının sabiq Prezidenti Peter
STOYANOV çıxışında multikulturalizmə
xüsusi yer ayırmışdır. O, özündə
qarşılıqlı anlaşmanı və digər xalqlara
və dinlərə hörmətlə yanaşmanı əks
etdirən multikulturalizmin Azərbaycanda xüsusən diqqət
mərkəzində saxlandığını
vurğulamışdır. Bildirilmişdir ki, indi dünya
elitasının nüfuzlu nümayəndələrini bir araya
toplayan Azərbaycan bu forumu təşkil etməklə ciddi
uğura imza atmışdır. Odur ki, forum dünyanı
narahat edən məsələlərlə bağlı fikir
mübadiləsi aparmaq, mədəni dəyərləri
bölüşmək üçün mühüm məkandır.
Bu gün Azərbaycanın öz nümunəvi dəyərlərini
bütün dünyaya təqdim etdiyini deyən P.Stoyanov
bildirmişdir ki, Azərbaycan əlverişli coğrafi
mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən
istifadə edərək artıq dünyada ən mühüm
dialoq mərkəzlərindən birinə çevrilmişdir.
Peter Stoyanov son illərdə ölkəmizin
yüksək iqtisadi inkişaf nümayiş etdirdiyini diqqətə
çatdıraraq bu işdə Prezident İlham Əliyevin
xidmətlərini, ölkədə həyata keçirilən
siyasi kursun uğurlarını yüksək qiymətləndirmişdir.
Ən əhəmiyyətlisi isə odur ki, Azərbaycan
özünün bu uğurlu təcrübəsini həmişə
başqa ölkələrlə bölüşməyə can
atır.
"Bakı Beynəlxalq Humanitar
Forumu doğru məqamda irəli sürülən
ideyadır", - deyən Latviyanın sabiq Prezidenti Valdis
ZATLERS tədbirin yüksək səviyyədə təşkilinə
görə minnətdarlığını
çatdırmışdır. Qlobal dünyanın sürətlə
dəyişdiyini, texnoloji inkişafın bu dəyişikliyi
daha da gücləndirdiyini vurğulayan sabiq prezident
bildirmişdir ki, əsas məqam bu dəyişikliyə
uyğunlaşmaqdır. Texnoloji inkişafın mədəni və
tarixi ölçüləri yoxdur və o, cəmiyyət
qarşısında yeni çağırışlar müəyyən
edir. Biz bu çağırışlara cavab vermək, dəyişikliklərə
uyğunlaşmaq üçün bir-birimizlə daha yaxın
və mehriban münasibətlər qurmalıyıq.
Valdis Zatlers bildirmişdir ki, Azərbaycan
xalqı və dövlətin rəhbərliyi özünə
əmindir və hansı addımlar atmaq lazım olduğunu
çox yaxşı bilir. Bu mötəbər tədbirin
Bakıda keçirilməsi məhz bu əminliyin göstəricisidir.
Bolqarıstan Respublikasının sabiq
Prezidenti Georgi PIRVANOV çıxışında qeyd
etmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumu regional çərçivədən
kənara çıxaraq qlobal məsələlərin
müzakirəsinə töhfə verən ən mühüm
tədbirlərdən biridir. G.Pırvanov Azərbaycanın belə
böyük miqyaslı tədbirlərə yüksək səviyyədə
ev sahibliyi etməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir.
"Bu forumun daha bir əhəmiyyəti
onun qlobal təhlükəsizlik məsələlərinin həllində
yaxından iştirak etməsidir", - deyən Georgi
Pırvanov bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanı
strateji tərəfdaş kimi qəbul etməlidir.
Çünki bunu şərtləndirən amillər
çoxdur. Georgi Pırvanov UNESCO və Avropa
Şurasını bu cür möhtəşəm forumun hər
il təşkil olunması üçün Azərbaycana daha
çox dəstək verməyə
çağırmışdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi Xəlil AKINCI regional
sülhün və təhlükəsizliyin təmin
olunması baxımından forumun əhəmiyyətini
yüksək qiymətləndirərək rəhbərlik
etdiyi təşkilatın həyata keçirdiyi tədbirlər,
türkdilli ölkələr arasında əlaqələrin
daha da möhkəmləndirilməsi istiqamətində
atılan addımlar, qəbul edilən qərarlar barədə
məlumat vermişdir.
Xəlil Akıncı bu forumun yüksək
səviyyədə təşkilinə görə bir daha Azərbaycan
Prezidenti İlham Əliyevə təşəkkür
etmişdir.
Bakı Beynəlxalq Humanitar Forumunun
plenar iclasının Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Mahmud KƏRİMOVUN sədrliyi ilə
keçən ikinci hissəsində Nobel mükafatı
laureatları çıxış etmişlər.
Kimya üzrə Nobel mükafatı
laureatı Əhməd ZEVAYL müasir dünyada elm və təhsilin
inkişafının prioritetə çevrilməsinin
vacibliyini önə çəkmiş, ölkəmizdə bu
məsələyə xüsusi diqqət verilməsinin təqdirəlayiq
olduğunu demişdir.
İqtisadiyyat üzrə Nobel
mükafatı laureatı Kennet Cozef ARROU forumda müzakirə
edilən məsələlərin müasir dövr
üçün çox aktual olduğunu
vurğulamışdır. K.Arrou qeyd etmişdir ki, hazırda
müxtəlif səylərə baxmayaraq, dünyada
münaqişələrin sayı azalmaq bilmir. Bunun səbəbi
hərtərəfli düşünülmüş
yanaşmaların olmamasıdır. Dünyada gedən iqtisadi
proseslərdən danışan Nobel
mükafatçısı qeyd etmişdir ki, ölkələr
arasında müxtəlif istiqamətlərdə, həmçinin
turizm sahəsində əlaqələr olsa da, qlobal
iqtisadiyyatda problemlər tam həllini tapmamışdır.
Kimya üzrə Nobel mükafatı
laureatı Rudolf Artur MARKUS ekoloji məsələlərə
diqqət çəkərək dünyada baş verən
iqlim dəyişikliklərinin daha çox müzakirə
predmeti olmasını vacib bilmişdir. Alim demişdir ki, elm
sahəsində yeniliklər çox sürətlə baş
verir və hətta bu, inqilabi səciyyə daşıyır.
Elmin inkişafı, eyni zamanda, bir sıra problemlər də
yaradır. Məsələn, alimlər hələ də ozon
təbəqəsindəki deşiyin hansı səbəbdən
genişlənməsi ilə bağlı konkret fikir söyləyə
bilmirlər. Bununla belə, elm qlobal səviyyədə problemlərin
həllinə nail ola bilər.
Fizika üzrə Nobel mükafatı
laureatı Robert Betts LAFLİN enerji məsələlərindən
danışmış, Azərbaycanın bu sahədə fəaliyyətinin
dünyada böyük maraq doğurduğunu demişdir.
Bakı forumu Azərbaycanın bu sahədəki təcrübəsinin
öyrənilməsi baxımından da çox əhəmiyyətlidir.
İqtisadiyyat üzrə Nobel
mükafatı laureatı Fin KİDLAND Prezident İlham Əliyevin
çıxışında mühüm məsələlərə
toxunduğunu bildirmiş, müasir dünyada təcrübə
mübadiləsinin vacibliyinə diqqət çəkərək
bu sahədə Azərbaycan praktikasının səmərəli
olduğunu qeyd etmişdir.
Fizika üzrə Nobel mükafatı
laureatı Deyvid Conatan QROSS da dünyada inkişaf proseslərinin
təməlində elmə, təhsilə verilən önəmin
dayandığını vurğulamışdır. D.Qross
demişdir ki, elm ən mühüm beynəlxalq fəaliyyət
növüdür. Bu baxımdan elm beynəlxalq əməkdaşlığın
əsas vasitəsinə çevrilə bilər. Qloballaşan
dünyada bütün problemlər də qloballaşır və
bu səbəbdən problemlərlə mübarizədə
vahid model olmalıdır.
İqtisadiyyat üzrə Nobel
mükafatı laureatı Edvard PRESKOT
çıxışını ətraf mühit və ekoloji
problemlərin aradan qaldırılması ilə bağlı həyata
keçirilməsi vacib olan məsələlər üzərində
qurmuşdur. Nobel mükafatçısı demişdir ki,
insanlar hazırda daha çox qlobal istiləşmə prosesindən
narahatdırlar. Amma qlobal soyuqlaşma daha böyük
problemdir. Bu gün biz dünyanın ən gözəl şəhərlərindən
birindəyik və burada "qara qızılın insan
kapitalına çevrilməsi" istiqamətində
böyük işlər görülür. Bu forumun
keçirilməsi açıq şəkildə göstərir
ki, biz belə tədbirlərlə bir-birimizi zənginləşdiririk.
Fizika üzrə Nobel mükafatı
laureatı Corc Ficerald SMUT da bildirmişdir ki, dünyanı
narahat edən iqlim dəyişikliyinin ağır fəsadlar
verməməsi üçün müasir texnologiyaların tətbiqinə
böyük ehtiyac vardır. Bunun yollarını müzakirə
edib müəyyən nəticələrə gəlmək
üçün Bakı Beynəlxalq Humanitar Forumu çox səmərəli
platformadır. Bu forumda iştirak etməyimdən çox məmnunam.
İqtisadiyyat üzrə Nobel
mükafatı laureatı Rocer Bryus MAYERSON ABŞ-da təzahür
edən maliyyə böhranının yaratdığı
problemlərdən bəhs etmişdir. O demişdir ki,
qloballaşan dünyada bu cür problemlər təkcə bir
ölkənin deyil, bir çox ölkələrin
iqtisadiyyatını zəiflədir. Bunun
qarşısının alınması üçün
bütün imkanlardan vahid səylərlə istifadə etmək
lazımdır.
Kimya üzrə Nobel mükafatı
laureatı xanım Ada YONAT Bakı Beynəlxalq Humanitar
Forumunun bəşəriyyəti narahat edən fundamental məsələlərin
müzakirəsi baxımından mühüm məkan
olduğunu demişdir. Əminəm ki, biz bu forumda faydalı
müzakirələr aparacaq, təcrübələrimizi
bölüşəcək, çıxış
yollarını arayacağıq.
Kimya üzrə Nobel mükafatı
laureatı Dan ŞEXTMAN dünyada gedən demoqrafik proseslərin
nəticələri barədə çıxış
etmişdir. Dünyada insanların sayı artmaqdadır və
tezliklə bu rəqəm 7 milyard olacaqdır. Belə şəraitdə
enerji ehtiyatları tükənərsə, bəşəriyyət
bundan sonra necə yaşayacaqdır?! Bu məsələdə
alimlərin üzərinə böyük məsuliyyət
düşür. Məhz onlar texnologiyaları inkişaf etdirməklə
qlobal problemlərin həllinin çıxış
yollarını tapa bilərlər.
İkinci Bakı Beynəlxalq Humanitar
Forumu oktyabrın 5-də işini "dəyirmi masa"larda
davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.-2012.-
5 oktyabr.- S.1-3.