Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva: UNESCO-nun özəlliyi ondadır ki, bu təşkilat
bütün dünya üçün hər zaman aktual olan təhsil,
elm, mədəniyyət kimi sahələri diqqətdə
saxlayır
Oktyarbın
4-də Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq
Humanitar Forumunda iştirak edən UNESCO Baş
Konfransının prezidenti, Macarıstanın UNESCO yanında
daimi nümayəndəsi Katalin Boqyayın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Böyük UNESCO ailəsinin üzvlərini
Azərbaycanda görməkdən məmnun
qaldığını deyən Mehriban xanım Əliyeva
UNESCO-nun dünyanın ən mötəbər təşkilatlarından
biri olduğunu vurğuladı.
Mehriban xanım Əliyeva İkinci
Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlər
kontekstində UNESCO-nun rolunun vacibliyini bildirdi.
"Dünyada beynəlxalq təşkilatlar
çoxdur. Onlar müxtəlif sahələrə dair məsələlərlə
məşğuldur. Amma UNESCO-nun özəlliyi ondadır ki,
bu təşkilat bütün dünya üçün hər
zaman aktual olan təhsil, elm, mədəniyyət kimi sahələri
diqqətdə saxlayır", - deyən Azərbaycanın
birinci xanımı vurğuladı ki, UNESCO öz konkret
işləri ilə bütün dünya üçün
yaxşılıq edir.
Bu gün Azərbaycan ilə UNESCO
arasında möhkəm əlaqələrin
yaradıldığını deyən Mehriban xanım Əliyeva
əminliklə qeyd etdi ki, gələcəkdə bu əməkdaşlıq
daha da inkişaf edəcəkdir.
Xoşməramlı səfir Mehriban
xanım Əliyeva qonaqların diqqətinə
çatdırdı ki, Azərbaycan UNESCO çərçivəsində
reallaşan görüşlərin keçirildiyi arenaya
çevrilməyə hazırdır. Bugünkü dünyada
qarşılıqlı əlaqələrin ən aktual məsələlərdən
biri olduğunu vurğulayan Azərbaycanın birinci
xanımı dedi ki, məhz bu mövzu İkinci Bakı Beynəlxalq
Humanitar Forumunda da diqqət mərkəzində olan
mühüm məsələlərdən biridir.
Azərbaycanda həm keçmişdə,
həm də müasir dövrdə müxtəlif dinlərə,
millətlərə hörmətlə
yanaşıldığını, ölkəmizdə
bütün xalqların sülh şəraitində
yaşadığını vurğulayan birinci xanım Mehriban
Əliyeva bu baxımdan Azərbaycanın bu sahədə model
olmağa hazır olduğunu da qeyd etdi. "Ümidvaram ki, bu
forum bu sahədə yeni addım olacaq və qəbul edilən
qərarlar kağız üzərində qalmayacaqdır",
- deyən Mehriban xanım Əliyeva forumun mədəniyyətlərarası
dialoqa mühüm töhfə verəcəyini
vurğuladı.
Birinci xanım Mehriban Əliyeva əminliyini
bildirdi ki, Bakıya gələn qonaqlar ölkəmiz ilə
daha yaxından tanış olduqdan sonra gələcəkdə
də Azərbaycana səfər edəcəklər.
Dəvətə görə minnətdarlığını
bildirən UNESCO Baş Konfransının prezidenti Katalin Boqyay
forumun gözəl nəticələr verəcəyinə əminliyini
bildirdi. Azərbaycanın dinamik inkişafını yüksək
qiymətləndirən qonaq ölkəmizdə adət-ənənələrin
qorunub-saxlanıldığını xüsusi
vurğuladı.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2012.-
5 oktyabr.- S.5.