İkinci
Bakı Beynəlxalq Forumu çərçivəsində keçiriləcək
«dəyirmi masa» rəhbərlərinin
çıxışları dinlənilmişdir
Oktyabrın
5-də İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində
keçiriləcək "dəyirmi masa" rəhbərlərinin
çıxışları dinlənilmişdir.
İclasa sədrlik edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev qonaqları
salamlamış və forumun əhəmiyyətindən
danışmışdır.
"Postmodernist mədəniyyətdə ənənəvi
dəyərlər sistemi" adlı
"dəyirmi masa"ya
rəhbərlik edən Rusiya
Federasiyası Prezidentinin beynəlxalq mədəni
əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Mixail Şvıdkoy
keçirilən forumun əhəmiyyətindən
danışmış, mədəni əlaqələr fonunda qurulmuş əməkdaşlığa diqqət
çəkmişdir. O bildirmişdir ki, müasir
dünyamızda tərəflərin kompromislərə gələ
bilmələri üçün belə
dialoqların əhəmiyyəti böyükdür.
Bu dialoqlar müxtəlif
dillərdə danışan, ayrı-ayrı dini
inancları olan insanları bir araya gətirir,
onları narahat edən məsələləri
birlikdə həll etməyə çağırır.
M.Şvıdkoy
insanların ənənələrini itirməyə meyilli olduqlarını qeyd etmiş və vurğulamışdır ki, inkişaf dəyərləri
itirmək demək deyildir. "Bu gün hamı deyir ki, mədəniyyət
bütün problemləri həll edə
bilər. Bəli, o çox
şeyi həll edər. Lakin
o, iqtisadi, sosial, etik aspektlər vəhdətində
nəyisə həll edə bilər", - deyə "dəyirmi
masa" sədri
vurğulamışdır.
"Müasir KİV-lər və yeni
çağırışlar" "dəyirmi
masa"sına rəhbərlik edəcək Xuan
Manuel Fonruj
çıxışında insan talelərinin
həllində kütləvi informasiya
vasitələrinin rolunu önə çəkmişdir.
O, Argentinanı misal göstərərək
demişdir ki, ölkəsində
30 il əvvəl soyqırımı baş vermişdir və o zaman bu
hadisə öz əksini dünyada
bəlkə də lazımi qədər tapmamışdır.
Həmin hadisəni Azərbaycanda baş
verən Xocalı soyqırımına bənzədən
argentinalı qonaq belə kədərli
hadisələrin qarşısını almaq
səylərinin təbliğində informasiyalı cəmiyyətin
rolunu əvəzolunmaz
adlandırmışdır. O demişdir ki, "dəyirmi masa"mızda da məhz bu aspektlərə
diqqət yetiriləcəkdir.
Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, böyük
britaniyalı mütəxəssis Robert Skidelski rəhbərlik edəcəyi "İqtisadi inkişafın humanitar
aspektləri" adlı "dəyirmi masa"sının foruma töhfə verəcəyindən əminliyini
ifadə etmişdir. O demişdir
ki, bəzən rifahın artması və
humanitar dəyərlərin unudulması
müəyyən narahatlıqlar yaradır. Demokratiya
və iqtisadi artım paralel
şəkildə inkişaf etməlidir. İqtisadi artım cəmiyyətin
inkişafına öz təsirini hər zaman göstərməkdədir.
ABŞ-dan olan professor Qreqori Belenkin sədrlik edəcəyi "Konvergensiya edən texnologiyalar
və gələcəyin konturları" adlı "dəyirmi
masa" barədə məlumat vermişdir. O, internet və
onun insanların həyatındakı rolundan danışmışdır. Azərbaycanda
Elmin İnkişaf Fondu ilə tanış olduğunu
deyən qonaq qurumun fəaliyyətini
yüksək qiymətləndirmişdir.
Forum çərçivəsində reallaşacaq
"XXI əsrdə qloballaşma proseslərinə
yeni metodoloji yanaşmalar" adlı "dəyirmi masa"ya sədrlik edəcək
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin
deputatı Abel Məhərrəmov mövzunun əhəmiyyətini vurğulayaraq bildirmişdir
ki, bəşəriyyət son hədəf olaraq qlobal
vətəndaş cəmiyyəti yaratmaq
istəyir və buna belə forumlar təkan verir.
Artıq dünyanın aparıcı dövlətlərinin əksəriyyəti
bu istiqamətdə strategiyasını
müəyyənləşdirmişdir. Prinsip
isə ondan ibarətdir ki,
hər bir ölkə daxildə islahatlar aparmaqla
yanaşı, qlobal dünya
haqqında düşünməlidir.
"Müasir təbabətə baxışı dəyişən
texnologiyalar və molekulyar
biologiya" adlı "dəyirmi masa"ya rəhbərlik
edəcək Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov
demişdir ki, son illərdə
bəzi genetik xəstəliklərin
qarşısını əvvəlcədən almaq mümkündür. Bu istiqamətdə,
habelə orqan transplantasiyası sahəsində
əldə edilmiş nailiyyətlər sevindirici haldır. Lakin məhz
transplantasiya sahəsində böyük çətinliklər
yaşanır. Belə ki, donorlara
ehtiyacı olanların sayı onların sayından qat-qat çoxdur.
Bakı Slavyan Universitetinin rektoru Kamal
Abdulla multikulturalizmin problemləri üzrə "dəyirmi
masa"ya rəhbərlik edəcəkdir. O, rəhbərlik edəcəyi
tədbirin iki fərqli məkanda eyni zamanda keçiriləcəyini
və bunlarda 44 qonağın iştirak edəcəyini
bildirmişdir. Dünyada monocəmiyyətli quruluşların
daim iflasa uğradığını deyən K.Abdulla "dəyirmi
masa"da məhz bu problemlərin müzakirə
olunacağını bildirmiş, müxtəlif mədəniyyətlərin
əhatəsində inkişafın müxtəlif aspektlərinə
diqqət çəkiləcəyini vurğulamışdır.
AzərTAc
Azərbaycan.-2012.-
5 oktyabr.- S.5.