Azərbaycanın BMT yanında daimi nümayəndəliyi: BMT-nin Baş katibi də təsdiqləyir ki, Ermənistan işğala son qoymayınca regional əməkdaşlıq mümkün deyil

 

 BMT-nin Baş katibi tərəfindən hər il hazırlanan və dünya ictimaiyyətinin diqqətinə təqdim edilən "Regional və subregional səviyyələrdə adi silahlara nəzarət" və "Regional və subregional kontekstdə etimad quruculuğu tədbirləri" adlı hesabatların əlavələri dərc olunmuşdur.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən bildirmişlər ki, BMT Baş Məclisinin hər il qəbul etdiyi eyniadlı qətnamələr əsasında tərtib olunan bu hesabatlarda dövlətlərin beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə verdikləri töhfələr, xüsusilə regional və subregional səviyyələrdə adi silahlara nəzarət və etimad quruculuğu tədbirləri üzrə onlar tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, bu istiqamətlərdə həyata keçirdikləri siyasət, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri öz əksini tapmışdır.

Hesabatlarda Azərbaycan ilə bağlı əks olunmuş məlumatda adi silahlara nəzarət və etimad quruculuğu tədbirləri sahəsində ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində müxtəlif səviyyələrdə səmərəli fəaliyyət  göstərdiyi, BMT, ATƏT və digər beynəlxalq formatlar çərçivəsində tətbiq edilən müxtəlif mexanizmlərdə fəal iştirak etdiyi qeyd edilir. Bundan əlavə, Azərbaycanın tərəf olmadığı çoxtərəfli mexanizmlərdə könüllü əsaslarda iştirakı onun beynəlxalq sülhün və təhlükəsizliyin qorunması işinə dəyərli töhfəsi kimi qiymətləndirilir.

Hesabatlarda regional və subregional səviyyələrdə adi silahlara nəzarət və etimad quruculuğu tədbirlərinin səmərəli şəkildə həyata keçirilməsinə mane olan amillər də diqqətdən kənarda qalmamışdır. Belə ki, Ermənistanın tarix boyu Azərbaycana qarşı yeritdiyi ərazi iddiaları, işğalçılıq və etnik təmizləmə siyasəti Cənubi Qafqaz regionunda adi silahlara nəzarət mexanizmlərinin və etimad quruculuğu tədbirlərinin tətbiq edilməsi yolunda əsas maneə kimi dəyərləndirilir. Bildirilir ki, Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycanın ərazilərini işğal etməklə, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparmaqla və ona tabe olan separatçı rejim yaratmaqla öz beynəlxalq hüquqi öhdəliklərini açıq şəkildə pozur. Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq səviyyədə, o cümlədən BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurası tərəfindən dəfələrlə tanınmışdır.

Daha sonra qeyd edilir ki, Ermənistan tərəfi Azərbaycana münasibətdə apardığı işğal və etnik təmizləmənin nəticələrinin qorunub saxlanılması məqsədilə təmas xəttində mütəmadi olaraq atəşkəsi pozmaq, təmas xəttinə yaxın ərazidə yaşayan dinc azərbaycanlı əhalini qətlə yetirmək və mülki obyektləri atəşə tutmaq kimi müxtəlif təxribatlara əl atır. Ermənistan tərəfindən bu cür təxribatların sayının münaqişənin həlli ilə bağlı danışıqlar prosesində intensivləşmənin müşahidə olunduğu dövrlərdə daha da çoxaldığı xüsusilə vurğulanır. Həmçinin adi silahlara nəzarət və etimad quruculuğu tədbirləri sahəsində Ermənistanın öz beynəlxalq öhdəliklərini davamlı olaraq pozması hüquqi və siyasi cəhətdən, konkret faktlar əsasında təhlil edilir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi və beynəlxalq nəzarətdən kənarda qaldığı silah və hərbi texnikanın sayı və beynəlxalq öhdəliklərə zidd olaraq həyata keçirdiyi müxtəlif hərbi fəaliyyətlər barədə məlumat verilir.

Hesabatlarda Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulmayınca, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətindən imtina edərək digər dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyincə, Cənubi Qafqaz regionunda adi silahlara nəzarət, etimad quruculuğu tədbirləri və hərtərəfli regional əməkdaşlığın mümkün olmayacağı təsdiq edilir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.5.