Nailə VƏLIXANLI: Milli Azərbaycan Tarixi Muzeyində silah sərgisinin açılması mühüm əhəmiyyət kəsb edir

 

Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif dövrləri əks etdirən silah sərgisinin açılmasının  xalqımızın qədim sənət nümunələri ilə  tanışlıqda  çox böyük əhəmiyyəti olacaqdır.

Bu sözləri Bakıda keçirilən IV Beynəlxalq türk əl toxumaları və ənənəvi sənətlər konqresində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı AzərTAc-a müsahibəsində demişdir.

N.Vəlixanlı bildirmişdir ki, silah istehsalı metalişləmənin aparıcı sahələrindən biri olmuşdur. Silahların hazırlanması el sənəti və birbaşa el ustalarının adı ilə bağlıdır. Milli Azərbaycan Tarixi Muzeyinin silahlar və bayraqlar fondunun əsas hissəsini təşkil edən silahlar Azərbaycanın maddi-mədəniyyət abidələri kimi milli mənəvi dəyərlərimizi, soykökümüzü təsdiqləyən tarixi mənbədir.

Muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silahsazlarının yüksək peşəkarlığını, onların bədii-estetik zövqünün göstəricisidir. Bu baxımdan silah sərgisi mühüm əhəmiyyət kəsb edir.

Akademik qeyd etmişdir ki, "Torpağa sancılmış qılınc" adlı sərgidə təkcə Azərbaycan silahları deyil, Şərq və Avropa silahları da nümayiş olunacaqdır. Sərgi oktyabr ayının 5-dən 2013-cü il yanvarın 15-dək nümayiş etdiriləcəkdir.

 

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.6.