Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi
üçün rəsmi müraciət təqdim olunmuşdur
Səudiyyə
Ərəbistanının Ciddə şəhərində
İslam Həmrəyliyi İdman Federasiyasının
(İHİF) İcraiyyə Komitəsinin 18-ci iclası
keçirilmişdir.
AzərTAc Gənclər və İdman
Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər
verir ki, iclasda gənclər və idman naziri, Azərbaycan Milli
Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Azad Rəhimovun rəhbərlik
etdiyi nümayəndə heyəti də iştirak etmişdir.
Nümayəndə heyətində MOK-un və İHİF-in
vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və
İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri İlham Mədətov və MOK-un məsul
işçisi, İslam Qadın və İdman
Federasiyasının birinci komitəsinin üzvü
Könül Nurullayeva yer almışlar.
Tədbirdə İHİF-in İcraiyyə
Komitəsinə Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik
Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi
müraciət təqdim olunmuşdur. Azad Rəhimov və
Çingiz Hüseynzadə iclasda çıxış
etmişlər. Burada həmçinin İslam Həmrəylik
Oyunlarının paytaxtımızda keçirilməsi ilə
bağlı ilkin texniki kitabın təqdimat mərasimi
keçirilmişdir. Kitabda tədbirlər planı,
görüləcək işlər, mövcud vəziyyət,
nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan
uğurlar, könüllülərin iş prinsipi, turizmin
inkişafı və sair mövzular əksini
tapmışdır.
İclasda Azərbaycan və Bakı
haqqında qısa videoçarx da nümayiş
etdirilmişdir.
Azərbaycan.-2012.-
5 oktyabr.- S.7.