Müqəddəs peşə

 

"Mən müəllim adından yüksək ad tanımıram"

 

Heydər ƏLİYEV

 

 

Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmət və yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir kəs cəmiyyətdəki mövqeyinə, şəxsiyyət kimi formalaşmasına, qazandığı biliklərə görə özünü məhz xeyirxah müəllimlərinə borclu sayır. Onlar insanları kamillik zirvəsinə səsləyərək, ən əsas vəzifəni - gənclərin təhsili, təlim-tərbiyəsi məsələsini yerinə yetirirlər.

Müəllimlik elə bir zirvədir ki, bu şərəfə çatanlar başqalarından fərqli olaraq dövrü əhatə etmiş qaranlıqları daha tez duyub nəticə çıxarmağı bacarır, mövcud problemlər, onların həlli yolları və gələcək barədə mücərrəd qaydada deyil, konkret əmələ yönəlmiş formada düşünürlər. Belələri millətin xilası yolunu, intibahını haqlı olaraq elm və təhsildə axtarır, əzmkar axtarışları, tədqiqatları ilə çoxlarının bəhrələnəcəyi maarifçilik irsi və bütöv bir məktəb yaradırlar. Bəşəriyyətin xilasına yönələn ali idealları yaşatmağa, mənəvi meyarların cəmiyyətdə hakim olmasına çalışan bu irfan sahibləri üzərlərinə götürdükləri müqəddəs missiya ilə həm də ucalığa qovuşurlar. Mübaliğəsiz demək olar ki, hansı ölkədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, müəllimlər cəmiyyətin ən nüfuzlu, ən mötəbər insanlarıdır. Hər il  oktyabr ayının 5-də Beynəlxalq Müəllimlər Günü qeyd edilir. Bu tarixi gün bütövlükdə bəşər miqyasında müəllimlərin xoşməramlı və xeyirxah fəaliyyətinə verilən yüksək qiymətin, dərin hörmətin ifadəsi kimi əlamətdardır.

Bu gün ölkədə müəllim adının ucalığını təmin edən məqsədyönlü siyasət həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev müəllim əməyinə, zəhmətinə, onun maarifçilik fəaliyyətinə yüksək önəm verir, bu müqəddəs peşə sahiblərini cəmiyyətin ən dəyərli təbəqəsi adlandırır. Azərbaycanda təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, müəllim kadrların hazırlığı, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin mənimsənilməsi, habelə ümumtəhsil məktəblərində kompyuter və informasiya texnologiyalarının geniş tətbiqi məsələləri dövlət başçısının diqqət mərkəzindədir. Ölkə rəhbəri son 9 ildə imzaladığı mühüm fərman və sərəncamlarla, dövlət proqramları ilə Azərbaycan elminin və təhsilinin hamisi olduğunu praktik surətdə təsdiqləmişdir. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da iqtidarın bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə 130 milyon manat təşkil edən təhsil xərcləri 2011-ci ildə 1,4 milyard manata yüksəlmişdir. 2004-cü ildən 2011-ci ilə qədər dövlətin təhsilə ayırdığı büdcə vəsaiti 6 dəfə artmışdır. 2012-ci ildə təhsilə dövlət büdcəsindən 1,5 milyard manat vəsait ayrılmış, bu sahənin dövlət büdcəsi xərclərinin tərkibindəki xüsusi çəkisi 9,3 faiz təşkil etmişdir.

Hazırda ölkədə 4523 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 1304687 nəfər şagird təhsil alır, 150998 müəllim çalışır. Bakı şəhəri üzrə təhsil idarəsinin tabeliyində isə 330 ümumi təhsil məktəbi mövcuddur. Həmin məktəblərdə 29870 müəllim 311695 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur.

Ötən illər ərzində təhsil işçilərinin orta aylıq əməkhaqqı da davamlı şəkildə yüksəlmişdir. Əgər 2007-ci ildə orta aylıq əməkhaqqı 145,4 manat idisə, 2011-2012-ci illərdə bu rəqəm 280-300 manat təşkil edir. Son 5 ildə təhsil işçilərinin əməkhaqqı ilə yanaşı doktorantların, ali, orta ixtisas, peşə məktəblərinin, peşə liseylərinin tələbələrinin və şagirdlərinin təqaüdləri də əhəmiyyətli dərəcədə artırılmışdır. Prezident İlham Əliyevin yeni dərs ili qarşısında imzaladığı sərəncamlar dövlətin sosialyönümlü siyasətinin daha bir nümunəsi olmaqla, təhsil işçilərinin rifah halınının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 2012-ci il iyunun 20-də ölkə başçısı tərəfindən "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında, sentyabrın 15-də 2012-2013-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında,  sentyabrın 24-də gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında, oktyabrın 1-də respublikanın təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalanmışdır. Sonuncu sərəncamlarla 65 nəfər əməkdar müəllim adına layiq görülmüş, 58 nəfərə "Tərəqqi" medalı verilmişdir. Son 10 ildə ümumi təhsil sisteminin iki min nəfərdən çox işçisi, o cümlədən yüzlərlə müəllim fəxri ada və dövlət təltiflərinə layiq görülmüşdür.

Artıq məktəb müəllimləri ümumi təhsilin müasir məzmununun müəyyənləşdirilməsində, dərslik komplektlərinin hazırlanmasında tanınmış mütəxəssislərin bərabərhüquqlu tərəfdaşına çevrilmişlər. Bu gün onların səsi ixtisasartırma institutlarının auditoriyalarından gəlir, treninq və seminarlarda eşidilir. Neçə illərdir ki, yaradıcı müəllimlərin xarici ölkələrdə təcrübə mübadiləsi aparmasına, innovativ təhsil layihələrində iştirakına, mətbuatda çıxışlarına geniş imkanlar açılmışdır. Əvvəlki dövrlərlə müqayisə etsək, orta məktəb müəllimlərinin əməyinin stimullaşdırılmasına dövlət qayğısı qat-qat artmışdır. Bu da onların çalışdıqları kollektivlərdə, cəmiyyətdə etibar və etimad göstərilən şəxs kimi nüfuz dairəsinin genişlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. XXI əsrin ilk on ilində qazanılmış ən nəzərəçarpan uğurlar içərisində ümumi təhsil sistemində hazırkı dövrün, müasir insanın tələbatını əks etdirən məzmun standartlarının, təhsil proqramları (kurikulumları) və təlim nailiyyətlərinin dəqiq ölçülməsinə xidmət edən qiymətləndirmə meyarlarının, eləcə də yeni dərsliklərin hazırlanıb tətbiq edilməsi xüsusi vurğulanmalıdır. Bu gün "hafizə", "yaddaş" məktəbindən "təfəkkür", "düşüncə" məktəb modelinə keçidin əsasını təşkil edən yeni fənn proqramları mütərəqqi dünya təcrübəsindən bəhrələnməklə ölkəmizin görkəmli alim və mütəxəssislərinin rəhbərliyi ilə hazırlanmışdır. Bu prosesdə yüzlərlə müəllim və metodist yaxından iştirak etmişdir. 2008-2009-cu dərs ilindən etibarən tətbiqi ümumi təhsil məktəblərinin birinci siniflərindən başlanan həmin fənn proqramları (kurikulumları) üzrə tədrisin səmərəli təşkili məqsədilə son dörd il ərzində 40 minədək ibtidai sinif müəllimi xüsusi öyrədici təlim kurslarından keçmiş, onlar üçün il boyu müxtəlif maarifləndirmə tədbirləri təşkil olunmuş, yerlərdə aparılan monitorinqlərin nəticələrinə görə mövcud vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş qərarlar qəbul edilmişdir.

Bu gün cəmiyyət və dövlət tərəfindən təhsilə yüksək tələblərin irəli sürüldüyü bir vaxtda hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodiki cəhətdən kamilliyi, idarəetmə bacarığı, prinsipiallığı, yaradıcılığı, təşəbbüskarlığı, mədəni səviyyəsi, cəmiyyətdə nüfuzu ilə fərqlənməlidir. Həlli vacib problemlərdən biri də müəllim peşəkarlığı, eləcə də müəllimlərin peşə məsuliyyətinin, icra intizamının artırılması ilə bağlıdır. Faktlar məlumdur ki, birinci sinfə qəbul zamanı çox vaxt valideynlər uşaqlarının konkret bir müəllimin sinfində oxumasına etiraz edir, digər məktəblərə üz tuturlar. Bu problem çoxdan mövcuddur. Nə üçün? Ona görə ki, hər dövrün öz tələbi var. Müəllim də dəyişir. Dünən oxumağı öyrədənə müəllim deyirdilər. Bu günün müəllimi isə dərin biliyə, yüksək intellektə malik şəxsiyyətdir, ziyalıdır. Məsuliyyət mədəniyyətindən uzaq olan müəllimlərin dərslərində iştirakdan şagirdlər belə, boyun qaçırırlar. Əbəs yerə söyləmirlər ki, müəllimin ən obyektiv yoxlayıcısı məhz onun dərs dediyi uşaqlardır.

Bu gün müasir dövrlə ayaqlaşa bilən şəxsiyyətyönümlü təhsildən danışanda şagirdlərdə yaradıcılıq, tədqiqatçılıq, təşəbbüskarlıq, məsuliyyətlilik, cavabdehlik, liderlik bacarıqlarının formalaşdırılması başlıca məqsədlərdən biri kimi önə çəkilir. Əgər bu keyfiyyətlər indinin müəllimlərində olmasa, onlar həmin vəzifələri reallaşdırmaqda çətinlik çəkərlər. Ümumi təhsilin məzmunu mütəxəssislər tərəfindən müəyyənləşdirilsə də, hər bir müəllim öz fənninin eksperti olmalı, proqramlara, dərsliklərə, təhsil prosesinin təşkilinə yaradıcı münasibət bəsləməyi bacarmalıdır. Müəllimin vəzifəsi sadəcə olaraq dərslikdə olanları şagirdlərə öyrətmək deyildir. Belə olan halda nə müəllim, nə də şagird inkişaf edə bilər. Əsl müəllim bir informasiyanın neçə-neçə müvafiq informasiyalarla zənginləşdirilməsində, müstəqil araşdırma aparmaqla əlavə məlumatların toplanmasında, onların çeşidlənib zərurilərinin müəyyənləşdirilməsində aldığı biliklər əsasında öz fikirlərini irəli sürməkdə şagirdlərə yardımçı olan, istiqamət verən şəxsdir. "Öyrənməyi öyrətmək" müddəasının əsasını da məhz bu amillər təşkil edir. Bu isə vaxtilə ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" konseptual müddəasının dönməzliyinə əyani sübutdur.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün respublikamızda həyata keçirilən genişmiqyaslı islahatların qayəsində məhz təhsilin səviyyəsinin yüksəldilməsi, müəllim adının və nüfuzunun qaldırılması məsələləri dayanır. "Hər bir millətin mədəni tərəqqisi məktəblə, məktəbin tərəqqisi isə müəllimlərlə bağlıdır". Bu fikir xalqımızın görkəmli maarifçilər nəslinin böyük nümayəndəsi Nəriman Nərimanova aiddir. Müəllim elə bir gərəkli və xeyirxah missiyanın daşıyıcısıdır ki, onun gördüyü işi heç kəs yerinə yetirə bilmir. Əsl müəllim özünü daim xalqa, vətənə borclu hiss edir, bilik və bacarığını, qəlbinin hərarətini sabahımız naminə ərməğan edir. Onun adı üca tutulmalı, həmişə qorunmalıdır. Müəllimə qayğı cəmiyyətə, vətənə, onun bugününə və sabahına qayğı deməkdir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.7.