NDU-da Heydər Əliyev universitetinin növbəti məşğələsi keçirilib

 

Naxçıvan Dövlət Universitetində ali məktəbin Heydər Əliyev universitetinin "Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi" adlı sayca 160-cı məşğələsi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanın tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz ulu öndərlə əlaqədardır.

Heydər Əliyev rəhbərlik etdiyi dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Ulu öndər böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmişdir. Ümummilli liderin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş  işıqlandırılmışdır.

Sonra universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayevin eyni adlı məruzəsi dinlənildi. Məruzədə vurğulandı ki, Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdı. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilmış, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.7.