Los-Ancelesdəki nüfuzlu UCLA Universitetində Azərbaycandan bəhs edən kitabın təqdimatı keçirilmişdir

 

 Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə bu şəhərdəki nüfuzlu UCLA Universitetində Azərbaycan Diplomatik Akademiyasının araşdırmaçısı, hazırda Kembric Universitetinin doktoranturasında təhsil alan Taleh Ziyadovun "Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi"  kitabının təqdimatı keçirilmişdir.

Baş konsulluqdan bildirmişlər ki, universitetin Avropa və Avrasiya Araşdırmaları Mərkəzində keçirilən və bu ali ocağın professorlarının, tələbələrinin qatıldıqları tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev müstəqilliyinin bərpasından keçən dövr ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən söhbət açmışdır. O, təqdimatı keçirilən kitabın çox əhəmiyyətli mövzuya həsr olunduğunu bildirmiş və bu kimi elmi araşdırmaların Azərbaycanın gələcək inkişafı üçün faydalılığını diqqətə çatdırmışdır.

Təqdimat mərasimində kitabın müəllifi Taleh Ziyadov çıxış edərək Azərbaycanın gələcək illərdə Mərkəzi Avrasiyanın regional nəqliyyat və ticarət mərkəzinə çevrilməsi üçün böyük imkanlarının olduğunu bildirmişdir. O, Azərbaycan hökumətinin bu istiqamətdə artıq müəyyən işlərə başladığını qeyd etmiş, bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yol xəttinin və Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq dəniz ticarət liman kompleksinin inşasının həm Azərbaycan, həm də bütün bölgə üçün yüksək önəm daşıdığını vurğulamışdır. Natiq Avrasiyada regional mərkəz strategiyasının həyata keçirilməsinin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna böyük həcmdə birbaşa xarici sərmayələrin cəlb edilməsi üçün son dərəcə  vacib olduğunu söyləmişdir.

Kaliforniyanın Pepperdayn Universitetinin professoru Ceyms Koyl Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, regional mərkəz kimi perspektivlərindən və ABŞ ilə əməkdaşlığından söhbət açmışdır.

Sonda natiqlər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.7.