Akkan SUVER: Bakı Beynəlxalq Humanitar Forumu təkcə region üçün deyil, bütün dünya üçün olduqca əhəmiyyətli bir tədbirdir

 

 Bakı Beynəlxalq Humanitar Forumu təkcə region üçün deyil, bütün dünya üçün olduqca əhəmiyyətli bir tədbirdir. Forumda dünyada sülh, barışıq, sabitlik, xalqlar arasında dostluq, əməkdaşlıq kimi vacib məsələlər müzakirə olunur ki, müasir dövrümüzdə buna çox böyük ehtiyac vardır.

Bu sözləri müsahibəsində forumda iştirak edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri, professor Akkan Suver demişdir.

Akkan Suver bildirmişdir ki, forumda müxtəlif ölkələrin sabiq prezidentlərinin, Nobel mükafatı laureatlarının, tanınmış ictimai-siyasi xadimlərin, alimlərin iştirakı çox əhəmiyyətlidir.

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu deyən A.Suver Humanitar Forumda müzakirə edilən məsələlərin bəşəriyyətin üzləşdiyi bir sıra problemlərin həlli yollarının tapılmasına töhfə verəcəyini vurğulamışdır.

Bakının mədəni dəyərləri bölüşmək üçün mühüm məkan olduğunu vurğulayan Akkan Suver Humanitar Forumu qlobal dialoqun aparılmasına kömək edən ən mühüm tədbirlərdən biri kimi xarakterizə etmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.3.