Azərbaycan Prezidenti
İlham Əliyev Uruqvayın Nümayəndələr Palatasının
komissiya sədrinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Uruqvay Şərq Respublikası Nümayəndələr
Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan
dostluq qrupunun rəhbəri
Mario Jaime Trobonun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Dövlət
başçısı Uruqvay Şərq
Respublikasından böyük nümayəndə
heyətinin Azərbaycana səfərinin ikitərəfli
münasibətlərin inkişafı baxımından önəmini
qeyd etdi. Ölkələrimiz
arasında ikitərəfli əlaqələrin inkişaf dövrünü
yaşadığını vurğulayan Prezident İlham Əliyev bu
əlaqələrin daha da
genişləndirilməsi üçün
əlavə tədbirlər görməyin zəruriliyini bildirdi. Azərbaycan ilə Uruqvay arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı
daha da möhkəmləndirməyin
vacibliyini qeyd edən
dövlət başçısı münasibətlərimizin
genişlənməsində parlamentlərarası əlaqələrin
böyük əhəmiyyət kəsb etdiyini dedi. İkitərəfli
münasibətlərimizin
inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev
nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin
genişləndirilməsi işinə xidmət edəcəyinə
əminliyini ifadə etdi.
Uruqvay Şərq Respublikası Nümayəndələr
Palatasının xarici əlaqələr daimi
komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri
Mario Jaime Trobo nümayəndə heyəti üzvlərini
dövlətimizin başçısına təqdim etdi. O,
böyük nümayəndə heyəti ilə ölkəmizə
səfər etməsini Uruqvayın Azərbaycan ilə əməkdaşlığın
genişləndirilməsinə olan marağının göstəricisi
kimi dəyərləndirdi və əlaqələrimizin
müxtəlif sahələrdə inkişaf etdirilməsi
üçün böyük imkanların olduğunu dedi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2012.-
6 oktyabr.- S.1.