Azərbaycan Prezidenti İlham Əliyev Çili Deputatlar Palatası komissiya sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Çili Respublikasının Deputatlar Palatasının yoxsulluqla mübarizə, planlaşdırma və sosial inkişaf daimi komissiyasının sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Çili Deputatlar Palatasının komissiya sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd etdi. Səfərin ikitərəfli münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu vurğuladı.

Enrike Akkorsi Azərbaycana gələn nümayəndə heyətinin tərkibində Çilinin bütün siyasi partiyalarının təmsil olunduğunu məmnunluqla qeyd etdi. Bakı Beynəlxalq Humanitar Forumunda Prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını vurğulayan qonaq dünyada sülhün qorunmasında və qarşılıqlı anlaşmanın təmin olunmasında forumun əhəmiyyətini qeyd etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.1.