Uruqvay Azərbaycanla əməkdaşlığa
böyük önəm verir
Oktyabrın 5-də Milli Məclisin Sədri
Oqtay Əsədov Azərbaycanda səfərdə olan Uruqvay
Şərq Respublikası Nümayəndələr
Palatasının xarici əlaqələr daimi
komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri
Mario Jaime Trobonun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Qonaqları
salamlayan Oqtay Əsədov bildirib ki, bu cür səfərlər
parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsinə
səbəb olur. Sədrin sözlərinə görə, Azərbaycan
Latın Amerikası ölkələri ilə əlaqələrə
böyük önəm verir. Bu ölkələrdən biri də
Uruqvaydır. Son zamanlar iki ölkə arasında siyasi əlaqələr
inkişaf edir. Xarici işlər nazirlərinin
görüşləri və imzalanan sənədlər isə
bu əlaqələri daha da genişləndirəcək.
Milli Məclisin
Sədri diqqətə çatdırıb ki, Azərbaycan bu əlaqələrin
beynəlxalq təşkilatlarda da inkişaf etdirilməsinin tərəfdarıdır:
"Biz istəyirik ki, Parlamentlərarası İttifaq
Assambleyasının 2014-cü ildə iclası Azərbaycanda
keçirilsin. Artıq bununla bağlı müraciət etmişik.
İstərdik ki, Uruqvay da bu məsələdə Azərbaycanı
dəstəkləsin. Hər iki ölkənin dostluq
qrupları mövcuddur. İkitərəfli əlaqələr
dostluq qruplarının vasitəsilə daha da möhkəmlənir.
Spikerlərin qarşılıqlı görüşləri də
ölkələrimiz arasında
münasibətlərin dərinləşməsinə
xidmət edir".
Oqtay Əsədov
onu da vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın lider
ölkəsidir. Regionun ümumi daxili məhsulunun 80 faizi Azərbaycanın
payına düşür. Ancaq inkişafa mane olan problemlər
mövcuddur. Onlardan biri Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ problemidir. Bir çox beynəlxalq təşkilatların
bu münaqişə ilə bağlı bəyanatları olsa
da, işğalçı ölkə buna məhəl qoymur.
Ermənistan sülh danışıqlarını uzatmaqla
mövcud status-kvonu saxlamağa çalışır. Azərbaycan
dövləti bu məsələnin ölkənin ərazi
bütövlüyü çərçivəsində beynəlxalq
hüquq prinsiplərinə uyğun sülh yolu ilə həllinə
tərəfdardır.
Azərbaycanın dünyanın
inkişaf etmiş ölkələri sırasına
qoşulduğunu söyləyən Mario Jaime Trobo isə qeyd
edib ki, Cənubi Qafqazın lideri olan bir ölkə ilə əlaqələri
inkişaf etdirmək Uruqvay üçün çox vacibdir.
Onun sözlərinə görə, son zamanlar Azərbaycan
Latın Amerikası ölkələri ilə əlaqələri
daha da inkişaf etdirməyə başlayıb. Bunu müsbət
qiymətləndirən qonaq qeyd edib ki, Uruqvay bütün
problemlərin hüquqi səviyyədə həll
olunmasının tərəfdarıdır.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2012.- 6 oktyabr.- S.2.