Çili Azərbaycan ilə təkcə siyasi deyil, iqtisadi, mədəni sahələrdə də əməkdaşlıq etməyə maraq göstərir

 

 Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda səfərdə olan Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi  nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə sədr qonaqların Bakıda olduqları müddətdə Azərbaycan haqqında bilgilərini daha da artıracaqlarına,  ölkəmizin mədəniyyəti, tarixi ilə yaxından tanış olacaqlarına əminliyini bildirmişdir. Qeyd edilmişdir ki, Qərblə Şərqin qovşağında yerləşən Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınmışdır. İqtisadi artım  dinamikasına görə regionda liderlik edən Azərbaycan  dünya dövlətləri ilə əlaqələrin inkişafına böyük önəm verir.

Azərbaycan dost Çili ilə yüksək səviyyədə siyasi əlaqələrin genişləndirilməsində və parlamentlərarası münasibətlərin inkişafında maraqlıdır. Biz hər iki ölkə parlamentində dostluq qruplarının yaradılmasını təqdirəlayiq hesab edirik. İnanırıq ki, siyasi əlaqələrimizin yüksələn xətlə inkişafı iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərəcəkdir. Zənnimizcə, biznes forumların keçirilməsi, nümayəndə heyətlərinin və iş adamlarının qarşılıqlı səfərləri bu baxımdan əhəmiyyətli olacaqdır. Münasibətlərimizin hüquqi bazasının yaradılmasında hər iki ölkə  parlamentlərinin üzərinə də böyük vəzifə düşür.

Bildirilmişdir ki, bu gün sürətlə inkişaf edən Azərbaycan beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Gələcəkdə Parlamentlərarası İttifaqın 130-cu sessiyasını Bakıda keçirmək niyyətindəyik. Bu məsələdə çilili dostlarımızın dəstəyinə ümid edirik.

Çili Parlamentinin Azərbaycan ilə dostluq qrupunun rəhbəri Enrike Akkorsi Bakıda keçirilən Humanitar Forumda iştiraklarından və burada  müzakirə olunan mövzuların əhəmiyyətindən söz açmışdır. O, bu cür səfərlərin xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini söyləmişdir.

Bildirilmişdir ki, münasibətlərimizin dərinləşməsində parlamentlər mühüm rol oynayır. Hər iki ölkənin qanunverici orqanlarında yaradılmış dostluq qrupları arasında mütəmadi görüşlərin keçirilməsi təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Çili Azərbaycan ilə təkcə siyasi deyil, iqtisadi, mədəni sahələrdə də əməkdaşlıq etməyə maraq göstərir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.2.