Milli Məclisdə
görüş
Oktyabrın 5-də Milli Məclisin Sədri
Oqtay Əsədov Avropa Parlamentinin deputatı xanım Rəşidə
Datini qəbul etdi.
Görüşdə Spiker Avropa
Parlamentinin Fransadan olan nümayəndəsini Milli Məclisdə
görməyindən məmnun olduğunu söylədi. Qeyd
edildi ki, bu cür görüşlər
qarşılıqlı münasibətlərimizin bir sıra
aspektlərini müzakirə etmək baxımından çox
önəmlidir. Müstəqil Azərbaycan dünyanın
mötəbər beynəlxalq qurumları, o cümlədən
Avropa Parlamenti ilə əlaqələrin inkişafını
daim diqqət mərkəzində saxlayır.
Avropa strukturlarına inteqrasiya ölkənin
xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan
quruma üzv ölkələrlə də əlaqələrini
genişləndirməkdədir. Biz bundan sonra da Avropada
özünəməxsus yeri olan Fransa ilə siyasi, iqtisadi, mədəni
və humanitar sahələrdə əlaqələrimizi
genişləndirmək niyyətindəyik.
Sədr qeyd etdi ki, bəzən beynəlxalq
qurumlar tələskənliyə yol verir, obyektiv
reallığı əks etdirməyən məlumatlar əsasında
qərarlar qəbul edirlər. Azərbaycan da bu hallarla
rastlaşır. Bədxahlarımızın təsiri altında qəbul
olunmuş bu qərarlar ölkə ictimaiyyətini haqlı
olaraq narahat edir, Azərbaycanın ən ağrılı
problemi olan Dağlıq Qarabağ münaqişəsinin
tezliklə aradan qalxmasına maneçilik törədir. Biz
münaqişənin beynəlxalq hüquq normaları əsasında
ədalətli həllinə tərəfdarıq.
Səmimi qəbul üçün minnətdarlığını
bildirən Avropa Parlamentinin fransalı üzvü xanım Rəşidə
Dati Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar
Forumda iştirakından və burada keçirdiyi
görüşlərdən söz açdı. O, Avropa
Parlamentində və Fransada Azərbaycanın
çoxsaylı dostları
olduğunu və ölkəmizin uğurlarına sevindiklərini
söylədi. Xanım Rəşidə Dati ölkəmizin
inkişafı barədə məlumatları və bölgə
həqiqətlərini avropalı deputatlara
çatdıracağını bildirdi.
Qeyd edildi ki, Azərbaycan Avropa Parlamenti və
Fransa üçün Cənubi Qafqazda çox önəmli
ölkədir. Buna görə bölgədə baş verən
ictimai-siyasi proseslərə diqqət böyükdür. Biz gələcəkdə
də Qafqazın bu bölgəsi
ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik.
İnanıram ki, münasibətlərimizin inkişafı hər
iki tərəf üçün faydalı olacaqdır.
Görüşdə tərəfləri
maraqlandıran məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2012.-
6 oktyabr.- S.2.