Albaniya Azərbaycan
ilə bütün sahələrdə əməkdaşlığın inkişafına
mühüm əhəmiyyət verir
ATƏT
Parlament Assambleyasının payız sessiyası çərçivəsində
Albaniyada səfərdə olan Azərbaycan Respublikası Milli
Məclisi Sədrinin müavini Bahar Muradova oktyabrın 4-də
bu ölkənin xarici işlər nazirinin müavini Selim
Belortaja ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimizin
xarici siyasətinin prioritetləri, beynəlxalq təşkilatlarda
qarşılıqlı fəaliyyətləri, beynəlxalq və
regional məsələlər, diplomatik əlaqələrimizin
inkişafı və bir sıra digər aktual məsələlər
müzakirə edilmişdir. Azərbaycanın enerji
imkanlarından dost Albaniyanın da bəhrələnməsi
üçün mövcud layihələr ətrafında fikir
mübadiləsi aparılmışdır.
Selim Belortaja ölkəsinin dost Azərbaycan
ilə ticarət əlaqələrinin, eləcə də
iqtisadi və humanitar sahələrdə əməkdaşlığın
inkişafına mühüm əhəmiyyət verdiyini
vurğulayaraq son vaxtlar dinamik xarakter
alan qarşılıqlı səfərlərin əməkdaşlığımızın
daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət
kəsb etdiyini bildirmişdir.
Bahar Muradova demişdir ki, parlament
diplomatiyası xalqlarımız və dövlətlərimiz
arasında münasibətlərin genişlənməsində
xüsusi rola malikdir. Odur ki, xalqlarımızın
yaxınlaşması üçün mədəni əlaqələrin
inkişafına xüsusi diqqət yetirmək lazımdır.
Bütün demokratik, inkişaf etmiş
ölkələrdə olduğu kimi, Azərbaycanda da insan
hüquqlarının təmin edilməsinə xüsusi önəm
verildiyini, azad, demokratik vətəndaş cəmiyyəti
quruculuğunda insan amili və onun fundamental
hüquqlarının qorunmasının prioritet vəzifə
olduğunu diqqətə
çatdıran B.Muradova, bu
hüquqlar içərisində hər bir insanın öz
evində və yurdunda yaşamaq haqqının mühüm əhəmiyyət
daşıdığını xüsusi
vurğulamışdır. O, bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkünün öz
evlərinə qayıtması üçün
ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların
beynəlxalq hüququn prinsiplərinə uyğun birgə fəaliyyət
göstərmələrinin vacibliyini qeyd etmişdir.
Təcavüzkar dövlətin
işğalçılıq siyasətinin nəticəsi olan
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə geniş məlumat verən
B.Muradova Macarıstan tərəfindən məhkum edilmiş Azərbaycan
ordusunun zabiti Ramil Səfərovun verilməsindən sonra Ermənistanın
Azərbaycana qarşı yeni kampaniyaya
başladığını diqqətə çatdırmışdır.
O, özünün də parlamentdə təmsil etdiyi doğma
yurdlarından qaçqın düşmüş əhalinin
pozulmuş hüquqlarının tezliklə bərqərar
olunması və Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi istiqamətində
beynəlxalq səylərin müsbət nəticə verəcəyinə
əminliyini ifadə etmişdir.
Yüksək qonaqpərvərliyə və
səmimi görüşə görə təşəkkür
edən Azərbaycan parlamenti Sədrinin müavini bu təmasların
intensiv xarakter almasına əsaslanaraq ölkələrimizin
bundan sonra da beynəlxalq aləmdə bir-birinə
qarşılıqlı dəstək verəcəyinə
inandığını bildirmişdir.
Bahar Muradova Avropa Parlamentinin 2012-ci il 13
sentyabr tarixli Qətnaməsi ilə əlaqədar Azərbaycan
Respublikası Milli Məclisinin bu il 1 oktyabr tarixli Bəyanatının
surətini S.Belortajaya təqdim etmişdir.
Görüşdə Azərbaycanın
Albaniyadakı səfiri Rəhman Mustafayev iştirak
etmişdir.
Azərbaycan.-2012.-
6 oktyabr.- S.2.