Avropa Parlamentinin
qəbul etdiyi qətnamənin heç bir hüquqi qüvvəsi
yoxdur
Rəşidə
DATİ: "Azərbaycan çoxmədəniyyətliliyin
inkişafı baxımından bir çox Avropa ölkələrinə
nümunə ola bilər"
Bakı
Beynəlxalq Humanitar Forumunda iştirak etmək
üçün ölkəmizdə səfərdə olan
Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin
meri Rəşidə Dati oktyabrın 5-də Milli Məclisdə
mətbuat konfransı keçirib.
Avropa Parlamentinin üzvü Rəşidə
Dati bildirib ki, Beynəlxalq Humanitar Forumun Bakıda keçirilməsi
onun əhəmiyyətini daha da artırır. Çünki
Bakı müxtəlif mədəniyyətlərin, qədimliklə
müasirliyin qovuşduğu bir məkandır. O, diqqətə
çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü ilə keçirilən bu forum Azərbaycanda
çoxmədəniyyətliliyə göstərilən
yüksək diqqətin bariz nümunəsidir. Qonaq bu beynəlxalq
tədbirin bir çox məsələlərin müzakirə
edilməsi və onların həlli yollarının
tapılması istiqamətində mühüm əhəmiyyətə
malik olduğunu nəzərə çatdırıb. Rəşidə
Dati Azərbaycanda müxtəlif dinlərin və xalqların
nümayəndələrinin qarşılıqlı hörmət
və anlayış şəraitində bir arada
yaşadığını yüksək qiymətləndirib:
"Azərbaycanda çoxmədəniyyətlilik birləşdirmə
rolunu oynayır. Azərbaycan çoxmədəniyyətliliyin
inkişafı baxımından bir çox Avropa ölkələrinə
nümunə ola bilər. Azərbaycanda çoxmədəniyyətlilik
cəmiyyətin birliyini təmin etdiyi halda bir sıra Qərb
ölkələrində isə çoxmədəniyyətlilik
bölgüyə gətirib çıxarır. Azərbaycanda
çoxmədəniyyətliliyin
stimullaşdırılması və inkişafı Avropa və
digər ölkələr üçün nümunə ola
bilər".
Azərbaycanla Avropa İttifaqı
arasında münasibətlərə toxunan qonaq onun daha da
inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq bu təşkilat
tərəfindən ölkəmizə qarşı qəbul
edilmiş qətnamənin hüquqi çərçivədən
kənar olduğunu xüsusi qeyd edib. O bildirib ki, bu qətnamənin
heç bir hüquqi qüvvəsi yoxdur və bəyannamə
xarakteri daşıyır.
Rəşidə Dati onu da
vurğulayıb ki, şəxsən özü Avropa
Parlamentində Dağlıq Qarabağ məsələsi
üzrə müzakirə təşkil etmək fikrindədir.
Onun sözlərinə görə, Avropa Parlamentinin növbəti
sessiyalarında bu məsələ qaldırılacaq və
bununla bağlı qurumun rəhbərliyinə rəsmi
müraciət ediləcək: "Mən və digər
deputatlar bu məsələnin qaldırılması istiqamətində
birgə işlər görəcəyik. Bu müzakirələri
təşkil etməkdə əsas məqsədimiz
Dağlıq Qarabağ münaqişəsinə
qaçqın və məcburi köçkünlərə,
Azərbaycanın mövqeyinə diqqəti yönəltmək olacaq".
Bu günlərdə Prezident İlham Əliyevin
Fransaya səfəri çərçivəsində Parisdə Azərbaycan Mədəniyyət
Mərkəzinin açılmasından danışan Rəşidə
Dati bu mərkəzin Azərbaycanın təkcə neft-qaz
ölkəsi deyil, həm də zəngin tarixə, mədəniyyətə
malik və uğurlu siyasət yürüdən ölkə
olduğunu nümayiş etdirmək üçün
mühüm əhəmiyyət
daşıdığını qeyd edib. Qonaq Fransa-Azərbaycan
münasibətlərinin həmişə yaxşı
olduğunu və bundan sonra da yaxşı olacağına əminliyini
bildirib.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
6 oktyabr.- S.2.