«Müasir
təbabətə baxışı dəyişən texnologiyalar və molekulyar
biologiya» mövzusunda «dəyirmi masa»da tibb elminin
qarşısında duran aktual vəzifələrdən
danışılmışdır
İkinci Bakı Beynəlxalq Humanitar
Forumu çərçivəsində "Müasir təbabətə
baxışı dəyişən texnologiyalar və molekulyar
biologiya" mövzusunda "dəyirmi masa"
keçirilmişdir.
"Dəyirmi masa"nın moderatoru Azərbaycan
Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Əhliman
Əmiraslanov çıxış edərək forumun əhəmiyyətini,
müzakirə edilən mövzuların
aktuallığını vurğulamış, bu mötəbər
tədbirdən gözləntilərin böyük olduğunu
diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, müasir dövrdə
bəzi genetik xəstəliklərin qarşısının
alınması mümkündür. Bu istiqamətdə, habelə
orqan transplantasiyası sahəsində bir sıra uğurlu
nailiyyətlər əldə edilmişdir.
"Dəyirmi masa" çərçivəsində
keçirilən üç bölmə iclasında
"Molekulyar biologiya: nailiyyətlər və perspektivlər",
"Transplantologiyanın tibbi və etik problemləri" və
"Tibbin deontoloji problemləri" mövzuları müzakirə
olunmuşdur.
Kimya üzrə Nobel mükafatı
laureatı Ada Yonat və Kembric Universitetinin professoru Qərib
Mürşüdovun moderatorluğu ilə keçirilən
birinci bölmə iclasında molekulyar biologiyanın nailiyyətləri
və perspektivləri geniş müzakirə edilmişdir.
A.Yonat "Yaşama müddəti:
arzular və reallıq" mövzusunda məruzəsində
insanların yaşama müddətinin azalması səbəblərinin
əsasən yoluxucu xəstəliklərlə bağlı
olduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, bu
problemin aradan qaldırılmasında əczaçılıq
şirkətlərinin üzərinə böyük vəzifələr
düşür.
Bölmə iclasında həmçinin
professorlar Adel Mahmudun "Vaksin kəşfinin gələcəyi",
Gyun Min Linin "Təkmilləşdirilmiş müalicəvi
protein istehsalında Çin dağsiçanı
yumurtalığının hüceyrə mühəndisliyi",
Məsud Əfəndiyevin "Molekulyar biologiya: Modelləşdirmə
nöqteyi-nəzərindən perspektivlər", İlham
Şahmuradovun "Azərbaycanda bioinformatikanın inkişaf mərhələləri"
mövzularında məruzələri dinlənilərək
müzakirə edilmişdir.
Professorlar Ömər Özkan və Nuru
Bayramovun moderatorluğu ilə keçirilən ikinci bölmə
iclasında transplantologiyanın tibbi və etik problemləri ilə
bağlı müzakirələr aparılmışdır.
Professorlar Koray Acarlının
"Hepatosellular karsinoma zamanı canlı donordan qaraciyər
transplantasiyasının etik aspektləri", Nuru Bayramovun
"Orqan transplantasiyasının hazırkı vəziyyəti
və etik problemləri", cərrah-həkim Mircəlal
Kazıminin "Transplantasiyanın etik və tibbi aspektləri"
mövzularında məruzələri dinlənilmiş və
müzakirə edilmişdir.
Natiqlər orqan köçürmələri
və bu sahədə olan yeniliklər barədə məlumat
vermiş, pasiyentlər üçün orqan
çatışmazlığı, bunun səbəbləri və
problemin həlli yollarından danışmışlar.
Bildirilmişdir ki, son illər qaraciyər
köçürülməsi əməliyyatları uğurla
həyata keçirilir və Azərbaycanda da bu istiqamətdə
mühüm nailiyyətlər əldə olunmuşdur.
Akademik Əhliman Əmiraslanovun,
professorlar Koray Acarlı və Dilşod Zikiriaxocayevin
moderatorluğu ilə keçirilən üçüncü
bölmə iclasında müasir tibbin deontoloji problemləri
ilə bağlı fikir mübadiləsi aparılmış, rəy
və təkliflər səsləndirilmişdir.
İclasda professor Abuzər Qazıyevin
"Onkologiyada deontoloji problemlər", tibb elmləri namizədi,
ürək-damar cərrahı Kamran Musayevin
"Kardiologiyanın deontoloji problemləri", cərrah-həkimlər
Vaqif Qələndərovun "Tibbi etika və plastik rekonstruktiv
cərrahiyyədə deontologiya problemləri", Kənan
Yusifzadənin "Sənaye əczaçılıq məhsullarının
tibbin etik kodeksinə təsiri" mövzularında məruzələri
dinlənilmişdir.
Məruzələrdə dünyada səhv
müalicəyə dair statistik göstəricilər barədə
məlumat verilmiş, tibbin etik prinsiplərindən söz
açılmışdır. Cəmiyyətin sağlamlıq
barədə maarifləndirilməsinin vacibliyini vurğulayan
natiqlər Azərbaycanda bu sahədə mühüm işlərin
görüldüyünü diqqətə
çatdırmışlar.
Bölmə iclasında "Tibbi etika və
deontologiya" mövzusunda məruzə ilə
çıxış edən akademik Adilə Namazova Azərbaycanda
tibbi etika və deontologiyanın tarixindən və bu sahədə
əldə olunan uğurlardan danışmışdır.
Qeyd edilmişdir ki, tibbi etika min illər bundan əvvəl
meydana çıxaraq böyük inkişaf yolu
keçmişdir. Dünyanın bir çox ölkələrində
olduğu kimi, Azərbaycanda da bu sahənin inkişafına
böyük diqqət göstərilir. Ulu öndər Heydər
Əliyevin "Həkim üçün ən əsas keyfiyyət
yüksək mənəviyyatdır" kəlamını
xatırladan akademik həkimləri daim öz işlərində
məsuliyyətli və vicdanlı olmağa
çağırmışdır.
"Dəyirma masa"ya yekun vuran
akademik Ə.Əmiraslanov
bildirmişdir ki, tədbirdə müzakirələrin əsas
xəttini həkim-xəstə münasibətləri təşkil
etmişdir. Həkimlər hər zaman bu məsələyə
xüsusi diqqət göstərməli, xəstələrlə
necə davranmağı bilməlidirlər. Bu sahədəki
problemlərdən danışan akademik onların aradan
qaldırılmasında həkimlərin və tibb
işçilərinin üzərinə böyük məsuliyyət
düşdüyünü qeyd etmişdir.
Vurğulanmışdır ki, Prezident
İlham Əliyevin Azərbaycanda səhiyyə sahəsinə
göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi
olaraq Azərbaycan Tibb
Universitetinin klinikaları müasir avadanlıq və yeni
texnologiyalarla təchiz olunmuşdur.
Dünyanın məşhur alimlərinə
Bakıya gələrək öz zəngin təcrübələrini
bölüşdüklərinə görə minnətdarlığını
bildirən akademik Ə.Əmiraslanov
forumda aparılan müzakirələrin öz bəhrəsini
verəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycan.-2012.-
6 oktyabr.- S.4-5.