«Müasir KİV-lər və yeni çağırışlar» mövzusunda «dəyirmi masa»da mətbuatın müasir cəmiyyətin transformasiyasında rolu məsələləri müzakirə edilmişdir

 

 Oktyabrın 5-də "Kempinski Badamdar" hotelində İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Müasir KİV-lər və yeni çağırışlar" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

"Dəyirmi masa"nın gündəliyindəki məsələlərin hər biri ayrıca bölmə iclasında müzakirə olunmuşdur. Birinci bölmə iclasında sosial şəbəkələrin müasir cəmiyyətin transformasiyasında roluonun dünya miqyasında siyasi proseslərə təsiri, ikincidə bəşəriyyətin insanın varlığına və rifahına aid olan qlobal humanitar problemlərin aktuallaşdırılması şəraitində müasir jurnalistikanın rolu, üçüncüdə isə sabit platforma və mədəniyyətlərarası kommunikasiya kanalı kimi müasir media məsələləri müzakirə edilmişdir.

AzərTAc-ın baş direktoru Aslan Aslanovun, İTAR-TASS-ın baş direktorunun birinci müavini - şef redaktor Mixail Qusmanın və Yunanıstanın keçmiş xarici işlər naziri, parlamentin üzvü Dora Bokayannisin moderatorluq etdikləri birinci iclasda dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media qurumlarının rəhbərləri, ekspertlər, məsləhətçilər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültəsinin professor-müəllim heyəti, tələbələr və s. iştirak etmişlər.

Bölmə iclasını AzərTAc-ın baş direktoru Aslan Aslanov açaraq qonaqları İkinci Bakı Beynəlxalq Humanitar Forumunda salamlamış, onlara səmərəli , maraqlı diskussiyalar arzu etmişdir.

"Bu forumun keçirilməsi ideyası meydana gələndə, dinamik inkişaf edən bir dövlətin paytaxtında dünya elminin və mədəniyyətinin görkəmli xadimlərinin, adlı-sanlı ekspertlərin iştirakı ilə yeni minillikdə bəşəriyyəti düşündürən aktual humanitar mövzuları müzakirə etmək üçün nüfuzlu beynəlxalq platforma yaradılması nəzərdə tutulmuşdu. Tam inamla deyə bilərəm ki, artıq məqsədə nail olunmuşdur, humanitariyanın geniş coğrafiyasını əhatə edən Bakı Beynəlxalq Forumuna artan maraq mənim fikirlərimin əyani təsdiqidir", - deyən baş direktor vurğulamışdır ki, bu marağı şərtləndirən əsas amillərdən biri də sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın inkişaf dinamikasıdır. Həqiqətən, Azərbaycan iqtisadi artım templərinə görə regionun lider dövlətidir. Siz hamınız bilirsiniz ki, bir il əvvəl Azərbaycan böyük rəqabət şəraitində 155 dövlətin səsini qazanaraq BMT  Təhlükəsizlik Şurasının üzvü seçildi, bu nüfuzlu quruma uğurla sədrlik etdi. Bu il Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin tarixinə möhtəşəm Bakı yarışmasının adını yazdı. Olimpiyaçılarımız da bizi sevindirdilər, Vətənə medallarla qayıtdılar. Transformasiya prosesində inkişafımızın hədəfini qısaca belə ifadə edərdim: Azərbaycan inamla dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilir. Odur ki, belə bir platformanın Azərbaycanda yaradılması tamamilə məntiqəuyğun və  vaxtında atılmış addımdır. Digər tərəfdən, XXI əsrdə bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşan dünyada baş verən prosesləri nəzərə almaqla forumumuzun gündəliyindəki aktual məsələlərin müzakirəsini tamamilə zəruri edir. Dünyada o qədər humanitar məsələ yığılıb qalmışdır ki, onların həlli yolları bu gün tapılmasa, sabah artıq gec olacaqdır.

İTAR-TASS-ın baş direktorunun birinci müavini - şef redaktor Mixail Qusman bildirmişdir ki, medianın yeni forması olan sosial jurnalistika inkişaf etməkdədir. Sosial jurnalistika bir çox sahələrin inkişafına da öz təsirini göstərir. Ənənəvi xəbər sənayesi və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrə toxunan M.Qusman qeyd etmişdir ki, yeni media bir çox üstün cəhətləri ilə önə çıxır və müasir dövrdə sosial jurnalistika artıq sosial platformaya çevrilir.

Yunanıstanın keçmiş xarici işlər naziri, parlamentin üzvü Dora Bokayannis isə tarixdən dərs götürməklə müasir KİV-lərin inkişafının əhəmiyyətini diqqətə çəkmişdir. "Müasir dünyada toqquşmaların və mədəniyyətlərarası dialoqun işıqlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür", - deyən D.Bokayannis qeyd etmişdir ki, hazırkı dövrdə qarşılıqlı anlaşma mühitinin yaradılmasında yeni medianın, xüsusəninternetin rolu xüsusi paya malikdir. Yeni media öz rolunu layiqincə yerinə yetirsə, düşünürəm ki, dünyamızda belə toqquşmalar da olmaz.

Sonra bölmə iclası məruzələrlə davam etmişdir. Dünya Xəbərlər Agentlikləri Şurasının prezidenti, Argentinanın "TELAM" xəbər agentliyinin inkişaf meneceri Xuan Manuel Fonruj, Rusiyadan "Kros" Şirkətlər Qrupunun - "Novıy İnternet" agentliyinin ortaq sahibi Konstantin Maksimyuk, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri İradə Ələkbərova KİV-lərsosial şəbəkələr - çağırışlar və imkanlar, qloballaşma dövründə dünya siyasəti və sosial şəbəkələr və s. mövzularda çıxış etmiş, maraqlı diskussiyalar aparılmışdır.

İndoneziyanın ANTARA agentliyinin baş direktoru Əhməd Muxlis Yusufun, İtaliyanın "AGI-Agenza Giornalistica İtalia" xəbər agentliyinin baş icraçı direktoru Daniela Viglionenin və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin moderatoru olduqları "Yeni minillikdə jurnalistikanın humanitar aspektləri" adlı bölmə iclasında insan həyatının, onun istər siyasi, istərsə də qeyri-siyasi xarakterli əsas hüquqlarının qorunması və yaxşılaşdırılması kimi irimiqyaslı sahələrdə jurnalistikanın sosial məsuliyyət payı və s. məsələlər müzakirə olunmuşdur.

 "Multimedia texnologiyalarının xəbər agentliklərinin işində tətbiq edilməsi" mövzusunda məruzə ilə çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov qlobal inkişafda və bəşəriyyətin ümumi təkamülündə elmi-texniki nailiyyətlərin artan roluna toxunaraq bu amilin yüksək texnologiyalar sahəsində nailiyyətlərin media sektorunda tətbiqi prosesində xüsusilə gözəçarpan olduğunu vurğulamışdır. "Bu gün dünya jurnalistikasında ən çox müzakirə olunan mövzulardan biri bəşəriyyətin bu yaxınlarda qədəm qoyduğu yeni minilliyin çağırışlarına cəmiyyətlərimizin hazırlığı məsələsidir", - deyən baş direktor bildirmişdir ki, mediatexnologiya gələcəkdə də inkişaf edəcək, informasiya istehsalının arxitekturasına yeni elementlər əlavə olunacaq, son xəbərlər isə indiki rolunu qoruyub saxlayacaqdır. Məhz buna görə xəbərlər sektorunun nümayəndələri kimi biz dəqiq, qərəzsiz və peşəkarlıq baxımından qüsursuz informasiya istehsalına və onun istehlakçıya dərhal çatdırılmasına həmişə çalışmalıyıq.

ABŞ-ın Montana Universitetindən professor Tomas Qolts "Qərb mediası Dağlıq Qarabağ münaqişəsi haqqında xəbər verir", Serbiyanın "Tanyug" xəbər agentliyinin əməkdaşı Branka Dukiç "Xəbər agentliyionlayn jurnalistika: TwitterYoutube" mövzularında məruzələrində dünyada baş verən qanlı toqquşmalardan, Azərbaycanın üzləşdiyi hərbi təcavüz və onun ağır nəticələrinin işıqlandırılmasında medianın önəmli rolundan, onlayn jurnalistikanın mənfi və müsbət cəhətlərindən bəhs etmişlər. Bildirilmişdir ki, sosial media artıq münaqişə və digər hadisələr haqqında məlumatların beynəlxalq ictimaiyyətə operativ çatdırılmasında xüsusi rol oynayır.

Diskussiyalarla davam edən iclasda multimedia texnologiyalarının müasir dövrdə gündəlik reallıqlarımızdan birinə çevrildiyi qeyd edilmiş, TwitterYoutube kimi sosial paylaşım resurslarından istifadə zamanı onun mənfi və müsbət cəhətləri diqqətə çatdırılmışdır.

Sonra "dəyirmi masa" işini "Sivilizasiyaların dialoqunda müasir KİV-lərin rolu" adlı bölmə iclasında davam etdirmişdir. Bölmə iclasına Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Maksim Minçev, AzərTAc-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov və NHK Yaponiya Yayım Korporasiyasının baş icmalçısı İçiyo İşıkava moderatorluq etmişlər.

ABŞ-ın "Heritic" Fondunun KatrinŞelbi Kallm Deyvis adına İnstitutunun RusiyaAvrasiya üzrə aparıcı tədqiqatçısı Ariyel Koenin "Qlobal ideyalar bazarı: Hökumətlər, ürəklər və düşüncələr üçün rəqabət apararkən mediadan necə istifadə edirlər", Mərakeş Diplomatiya Fondunun prezidenti Abdelati Habekin "Müasir KİV-lərin sivilizasiyaların dialoqunda rolu", Bakı Slavyan Universitetinin müəllimi Rövşən Məmmədovun "Diasporlararası beynəlxalq əlaqələrin qurulmasında KİV-lərin rolu və əhəmiyyəti" mövzularında məruzələri dinlənilmişdir.

Bildirilmişdir ki, jurnalistika dini və etnoslararası tolerantlıq, müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında qarşılıqlı anlaşma mövzusunun daha çox aktuallaşdığı yeni minillikdə insanların bir-birini daha yaxşı öyrənmələri və bir-biri ilə tanış olmaları, onlar arasında anlaşmanın qurulması, dözümlülüyün möhkəmlənməsi üzrə xüsusi rola malikdir.

Qeyd olunmuşdur ki, informasiya cəmiyyətinin əsas məqsədlərindən biri insanların informasiya tələbatını ödəməkdir. Beləliklə də, KİV-lərin rolu informasiya cəmiyyətində ön plana çıxır. KİV-lərin özü də digər sahələr kimi texnoloji proses nəticəsində ciddi transformasiyaya məruz qalır. Yeni texnologiya müasir metodların meydana gəlməsinə yol açmışdır ki, məhz bunun nəticəsində də televiziya, radio, qəzet və jurnallar öz dinləyicilərini və oxucularını itirmək təhlükəsi ilə üzləşmişdir.

Vurğulanmışdır ki, müasir media yeni minillikdə təxribat xarakterli informasiyalardan çəkinməli, müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər arasında dialoqun təşviqində aparıcı rol oynamalıdır. Məhz sivilizasiyalararası dialoqa verilən bu töhfə yeni dünyamızın gələcək inkişafında xüsusi rol oynayacaqdır.

Çıxış edən digər natiqlər mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın son dövrlər humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin önəmini vurğulamış, İkinci Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.

Bölmə iclası məruzələr ətrafında maraqlı diskussiyalarla başa çatmışdır.

 

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.3.