Konvergensiya edən
texnologiyalar və gələcəyin
konturları elmi elitanın diqqət mərkəzindədir
İkinci
Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində növbəti
"dəyirmi masa"nın mövzusu
"Konvergensiya edən texnologiyalar
və gələcəyin konturları" məsələsinə
həsr olunmuşdur.
"Dəyirmi
masa"nın əvvəlində Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov qeyd etmişdir ki, Bakıda doğulmuş,
keçən əsrin 90-cı illərindən elmi fəaliyyətini ABŞ-da
davam etdirmiş alim Qriqori Belenki
Azərbaycan elminin inkişafında və
elmi əlaqələrin genişləndirilməsində xidmətlərinə
görə Prezident İlham
Əliyevin Sərəncamı ilə "Dostluq"
ordeni ilə təltif edilmişdir.
Mahmud Kərimov "Dostluq"
ordenini Q.Belenkiyə təqdim etmişdir. Alim onun fəaliyyətini yüksək qiymətləndirdiyinə
görə Azərbaycan Prezidentinə minnətdarlığını
bildirmişdir.
"Dəyirmi masa"da diskussiyaların
əsas mövzusu texnoloji
çağırışlar, transformasiya
problemləri, risklər, davamlı inkişaf,
qloballaşan dünyada
elmin rolu məsələləri
olmuşdur. Alimlər hesab
edirlər ki, inteqrasiya
texnologiyaları gələcəkdə insanları onların
həyat fəaliyyəti üçün
zəruri funksiyalarla daha
çox təmin edəcəkdir. Başqa sözlə desək, yüksək texnoloji maşınlar istər sənayedə,
istərsə də gündəlik həyatın müxtəlif
sahələrində insanı əvəz edə biləcəkdir.
Bununla əlaqədar alimlər soruşurlar: Əgər
avtomatlaşdırılmış robotlar
getdikcə daha çox
sahələrdə insanı əvəz edərsə, onda insanlar nə ilə məşğul
olacaqlar?
"Texnoloji çağırışlar və transformasiya problemləri: risklər və
davamlı inkişaf" mövzusunda
birinci bölmə iclasında fizika üzrə Nobel
mükafatı laureatı Corc Fitscerald Smut
texnologiyaların konvergensiyasının gələcək nəticələri
barədə söhbət açmışdır. Onun fikrincə,
texnologiyaların konvergensiyasının necə baş verəcəyini və bu
prosesin insanlar üçün hansı nəticələr
doğuracağını anlamaq
lazımdır. Alim hesab
edir ki,
texnologiyaların inkişafı daimi prosesdir. İnteqrasiya
texnologiyaları bəşəriyyəti bütün
zəruri imkanlarla təmin edəcəkdir.
C.Smutun proqnozlarına görə, əgər
elmi dəyişikliklər indiki
sürətlə davam edərsə, 20 ildən
sonra avtomatlaşdırılmış robotlar insan həyatının
bütün sahələrini əhatə
edə bilər. Nobel mükafatı
laureatının fikrincə, bu cür texnologiyalar insan əməyindən daha
ucuz başa gələcək,
bu isə onunla nəticələnə
bilər ki, insanlar nə
ilə məşğul olmağı bilməyəcəklər.
Alim deyir: "Mənə
belə gəlir ki, bu
proses labüddür, çünki texnologiyalar çox sürətlə inkişaf
edir. Buna nümunə
kimi belə bir
faktı göstərmək olar ki, hazırda "Google"
axtarış sistemi "Chevron"dan bahadır".
Bölmə
iclasında ingilis dilinin
elmdə yeganə dil olması mövzusunda da diskussiya aparılmışdır. Böyük Britaniyadan olan alim Sidxart
Saksena bu fikirlə
razı olmadığını bildirmişdir.
Onun fikrincə, ingilis
dili elm üçün münasib
olsa da, elmin yeganə dili deyildir. Alim deyir: "Elmlərin konvergensiyası təkcə
bir dilin köməyi
ilə baş verməməlidir. Dillərin
və ideyaların müxtəlifliyi lazımdır". Azərbaycan
alimi Akif Hacıyev isə
belə hesab edir ki, hər kəs öz
dilində fikirləşə, ideyalar irəli
sürə bilər, lakin ünsiyyət dili bir olmalıdır.
Almaniyalı alim Luts Mez
bəşəriyyət üçün bundan heç də az əhəmiyyətli olmayan
bir problemə - zərərli qazların
atmosferə atılması məsələsinə toxunmuşdur. Tədqiqatçı
qeyd etmişdir ki, son bir
neçə ildə zərərli tullantıların həcmi
40 faiz artmışdır. "Əgər
biz bundan sonra da əsas enerji mənbəyi kimi
neftdən və qazdan istifadə etsək,
2050-ci ilə qədər bu göstərici
daha da
artacaqdır", - deyən alimin fikrincə,
bu sahədə vəziyyəti
yaxın vaxtlarda dəyişmək
lazımdır. Alim xəbərdarlıq edir: "Əgər biz zərərli
maddələrin tullantılarını azaltmasaq,
planeti itirəcəyik".
Əslən Azərbaycandan
olan, hazırda ABŞ-da
yaşayan tədqiqatçı
Yalçın Əfəndiyev müxtəlif hadisələrin
proqnozlaşdırılmasında konvergensiya
texnologiyaları barədə söhbət
açmışdır. Y.Əfəndiyev qeyd
etmişdir ki, bu istiqamətdə aparılan
araşdırmaların hədəfi maşınlarla
insanların imkanlarını birləşdirməkdir.
Müzakirələrdə
qeyd edilmişdir ki, Azərbaycanda neft-kimya
texnologiyalarını yaşıl texnologiyalara
çevirmək, yeni, daha
az zərərli materiallar
yaratmaq üçün
böyük potensial
vardır.
"Dəyərlər
və elm: texnologiyaların
konvergensiyası" mövzusunda ikinci bölmə iclasında alimlər texnoloji sahibkarlıq, iqtisadiyyatın və cəmiyyətin
inkişafında elmin rolu
məsələlərini müzakirə etmişlər. İsrailli alim Den Şextmanın fikrincə, hər bir ölkə gənclərin təhsil səviyyəsinə, onların elmi
potensialına xüsusi diqqət yetirməlidir.
Alim belə hesab edir ki, hər bir ölkədə iqtisadiyyatın, o cümlədən sahibkarlığın
inkişafı üçün cəmiyyəti
elmi kadrlarla təchiz
edə biləcək aparıcı elm-təhsil mərkəzləri
olmalıdır. D.Şextman qeyd etmişdir ki, hazırda elmi mərkəzlərlə
müqayisədə kommersiya təşkilatlarında
elm daha çox inkişaf etmişdir, çünki
belə qurumlar elm üçün daha çox maliyyə vəsaiti ayırır.
Bölmə
iclasında mərakeşli alim Vail Benceloun, böyük britaniyalı tədqiqatçı
Krissi Harrinqton, Koreya Respublikasından Hikiyunq
Park, rumıniyalı alim
Eden Mamut
çıxış etmişlər.
"Gələcəyin
konturları: elmlərin konvergensiyası, idarəetmə və
inkişaf" mövzusunda
bölmə iclasında da alimlər
bir-birindən maraqlı diskussiyalar
aparmışlar. Nobel mükafatı
laureatı Rudolf Artur Markus çıxış edərək
müzakirə olunan mövzuların
müxtəlifliyini vurğulamışdır. Alimin
sözlərinə görə, "dəyirmi masa"
mövzuları cəmiyyətin həyatının bütün sahələrinin inkişafı üçün böyük
əhəmiyyət kəsb edir.
Çıxış edənlər bu
forumun təşkil edilməsinə, dünyanın müxtəlif
ölkələrindən olan alimlərlə fikir mübadiləsi
aparmaq imkanı yaradılmasına görə minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan.-2012.-
6 oktyabr.- S.3-4.