Bakı Beynəlxalq Humanitar Forumu qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir

 

 "Son illər Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq münasibətləri yeni müstəviyə qədəm qoymuşdur. Ölkələrimiz arasında bütün sahələrdə razılaşmaların əldə edilməsi və sazişlərin imzalanması ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə gətirib çıxarmışdır".

Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov AzərTAc-a müsahibəsində söyləmişdir.

Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən sabiq Prezident demişdir: "Bu tədbir bizə bir sıra mühüm məsələlərin müzakirəsi və həlli yollarının tapılmasına imkan yaradır. Forum çərçivəsində iqtisadi böhrandan çıxmağın yollarından tutmuş millətlərarası münasibətlərin möhkəmləndirilməsinə qədər bütün məsələlərlə bağlı müzakirələr apardıq".

Georgi Pırvanov demişdir ki, Azərbaycanın belə mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi təqdirəlayiqdir. Forumun daha bir əhəmiyyəti isə onun qlobal təhlükəsizlik məsələlərinə də diqqət yetirməsidir.

Bolqarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə toxunan sabiq Prezident ölkəsinin problemin ədalətli həlli yollarının tapılmasına tərəfdar olduğunu söyləmişdir. Georgi Pırvanov Bolqarıstanın Avropa İttifaqı çərçivəsində problemin həllinə kömək etməyə hər zaman hazır olduğunu diqqətə çatdırmışdır.

Son on ildə bir neçə dəfə Azərbaycanda olduğunu deyən Georgi Pırvanov hər səfərində Bakıda gördüyü əhəmiyyətli dəyişikliklərin onu sevindirdiyini vurğulamışdır. Sabiq Prezident Bakının hətta bəzi aspektlərdə Avropa şəhərlərindən də üstün olduğunu diqqətə çatdırmışdır.

"Azərbaycanın ən böyük zənginliklərindən biri də insanların səmimiyyətidir", - deyən G.Pırvanov ölkəmizin gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirmişdir.

 

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.5.