Naxçıvanda Türkdilli
dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü keçirildi
Oktyabrın 5-də
Naxçıvanda Türkdilli dövlətlərin
gömrük xidməti rəhbərlərinin
görüşü olub. Görüşdə Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına
üzv ölkələrin - Azərbaycan, Türkiyə,
Qazaxıstan və Qırğız respublikalarının
gömrük xidməti nümayəndələri iştirak
ediblər. Görüşə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş katibinin
müavini Qismət Gözəlovun rəhbərlik etdiyi
nümayəndə heyəti də qatılıb.
Tədbir
iştirakçıları əvvəlcə xalqımızın
ümumilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində
ucaldılan abidəsini ziyarət etdilər, Heydər Əliyev
Muzeyində ulu öndərin mənalı ömür yolunu və
zəngin siyasi irsini əks etdirən eksponatlarla tanış
oldular.
Qeyd edək ki, 2-3 oktyabr 2009-cu il tarixdə
Naxçıvanda keçirilmiş Türkdilli ölkələrin
dövlət başçılarının IX zirvə
toplantısı çərçivəsində
imzalanmış "Naxçıvan Bəyannaməsi"nə
və "Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının yaradılması haqqında"
Naxçıvan Sazişinə əsasən, dövlət
başçıları tarix, dil və mədəniyyət
yaxınlığına, dostluq, bərabərlik və
qarşılıqlı faydaya əsaslanan, bütün sahələrdə
mövcud olan yüksək səviyyəli əlaqələrin
və əməkdaşlığın əhəmiyyətini
önə çəkmiş, müasir beynəlxalq münasibətlərdə
iqtisadiyyat və ticarətin aparıcı rolunu qeyd etmişlər.
Naxçıvan görüşündən sonra bütün
sahələrdə olduğu kimi, gömrük işi sahəsində
də qarşılıqlı münasibətlər və əməkdaşlıq
əlaqələri genişləndirilmişdir.
Türkdilli dövlətlərin
gömrük xidməti rəhbərlərinin
Naxçıvanda bir araya gəlməsi Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası çərçivəsində
bu formatda keçirilən ilk görüş kimi də tarixə
düşdü. Görüşdə Qazaxıstan
Respublikası Maliyyə Nazirliyi Gömrük Nəzarəti
Komitəsi sədrinin müavini İqor Ten, Qırğız
Respublikası Höküməti yanında Dövlət
Gömrük Xidməti sədrinin birinci müavini Zamirbek
Malabekov, Türkiyə Respublikası Gömrük və Ticarət
nazirinin müavini Ziya Altunyıldız və onların rəhbərlik
etdikləri nümayəndə heyətləri iştirak
edirdilər.
Naxçıvan şəhərindəki
Duzdağ Otelində baş tutan görüşü Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Aydın Əliyev açdı. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər
Zeynalov çıxış edərək qonaqları Ali Məclisin
Sədri adından salamladı, onları Naxçıvanda
görməkdən məmnun olduğunu ifadə etdi.
Daha sonra görüşdə
türkdilli ölkələr ticarət və sərhəddən
keçmə prosedurlarının sadələşdirilməsi
ilə bağlı öz layihələrinin təqdimatını
keçirdilər. Qazaxıstan gömrük xidməti tranzit
potensialın inkişaf etdirilməsini nəzərdə tutan
"Silk Wind" layihəsini, Azərbaycan "Bir pəncərə
prinsipi"ni, Qırğız Respublikası gömrük xidməti
"İnformasiya texnologiyaları", Türkiyə isə
"İpək Yolu" təşəbbüsü -
"Karvansaray layihəsi"ni təqdim etdi. Təqdim
olunmuş layihələr üzrə Türkdilli dövlətlərin
töhfə və dəstəyinə dair fikir mübadiləsi
aparıldı.
Görüş çərçivəsində
İpək yolu ölkələri arasında ticarət əlaqələrinin
genişləndirilməsi və gömrük
prosedurlarının sadələşdirilməsi işində
gömrük orqanlarının rolu mövzusunda V forum da
baş tutdu. Bu istiqamətdə gələcək fəaliyyət
planı müəyyənləşdirildi.
Azərbaycan gömrük xidməti rəhbəri
"Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının yaradılması haqqında"
Naxçıvan sazişində beynəlxalq terrorizm,
separatçılıq, ekstremizm, insan alveri və narkobiznesə
qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi,
həmçinin narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsinə nəzarət üzrə beynəlxalq
siyasətə yardım göstərilməsi kimi məsələlərin
də yer aldığını nəzərə alaraq
gömrük hüquqpozmalarına qarşı fəaliyyət
sahəsində əməkdaşlıq təşəbbüsü
ilə çıxış etdi. Bu məqsədlə narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə
üzrə layihə təqdim olundu.
Qaçaqmalçılıq və gömrük sahəsində
digər hüquqpozmalara qarşı mübarizə çərçivəsində
dövlətlər arasında mümkün birgə əməliyyat
və təşəbbüslərə dair rəy və təkliflər
dəyərləndirildi.
Görüşdə təlim və
texniki yardım sahəsində əməkdaşlıq məsələləri
də müzakirə olundu. Gömrük laboratoriyaları, həmçinin
gömrük tarifi, malın mənşə ölkəsi və
sair kimi texniki gömrük məsələləri üzrə
tədris proqramlarının həyata keçirilməsi
üçün məsləhətləşmələr
aparıldı.
Gömrük xidmətləri ilə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası arasında əlaqələrin genişləndirilməsi,
inkişafı və şaxələndirilməsi məqsədilə
Gömrük Ekspert Qrupu yaradıldı.
Görüşdə Türkdilli
dövlətlərin gömrük xidməti rəhbərləri
tərəfindən "Naxçıvan bəyannaməsi"
imzalandı. Həmçinin Türkdilli dövlətlərin
gömrük xidməti rəhbərlərinin gələn ilin
sentyabr ayında Türkiyənin İstanbul şəhərində
ikinci görüşünün keçirilməsi qərara
alındı.
Görüş başa
çatdıqdan sonra qonaqlar Naxçıvanın tarixi və
görməli yerlərini ziyarət etdilər.
Elxan MƏMMƏDOV
Azərbaycan.-2012.-
6 oktyabr.- S.7.