Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkdilli ölkələrin gömrük rəhbərlərinin görüşündə iştirak etmək üçün Naxçıvana gələn Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Türkiyə Respublikası gömrük və ticarət nazirinin müavini Ziya Altunyaldız, Qırğız Respublikası Dövlət Gömrük Xidməti sədrinin birinci müavini Zamirbek Malabekov və Qazaxıstan Respublikası Maliyyə Nazirliyi yanında Gömrük Nəzarəti Komitəsinin sədr müavini İqor Tenin ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonaqları salamlayan Ali Məclisin Sədri Vasif Talıbov 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün tarixi əhəmiyyətini qeyd etmiş, həmin vaxt imzalanan "Naxçıvan Bəyannaməsi"nin və "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"nin qarşılıqlı əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini vurğulamışdır.

Ali Məclisin Sədri demişdir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlər - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız respublikaları arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri gömrük işi sahəsində də özünü göstərir.

Türkdilli ölkələrin gömrük rəhbərlərinin Naxçıvanda keçirilən ilk görüşünü münasibətlərin yüksələn xətlə inkişafının daha bir göstəricisi kimi dəyərləndirən Ali Məclisin Sədri keçirilən bu görüşün mühüm əhəmiyyətə malik olduğunu bildirmiş, gömrük işi sahəsində əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Türkiyə Respublikası gömrük və ticarət nazirinin müavini Ziya Altunyaldız Türkdilli ölkələrin gömrük rəhbərlərinin görüşünün yüksək səviyyədə təşkilinə görə qonaqlar adından minnətdarlıq edərək demişdir ki, türkdilli ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi üçün əlverişli şərait vardır. Bu şəraitdən səmərəli istifadə olunması üçün türkdilli ölkələrin gömrük rəhbərləri bundan sonra da qarşılıqlı səylər göstərəcəklər.

Ziya Altunyaldız Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının gömrük orqanları ilə qarşılıqlı əməkdaşlığın məmnunluq doğurduğunu vurğulamış, gömrük işi sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirmişdir.

Görüşdə iştirak edən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov şuranın fəaliyyəti barədə məlumat vermişdir.

 

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.7.