Şirvanlı sənətçilər beynəlxalq «Anadolu günləri-9» festivalında uğurla çıxış etmişlər

 

 Beynəlxalq "Anadolu günləri-9" mədəniyyət və incəsənət festivalında ölkəmizi Şirvan şəhərinin sənətçiləri təmsil etmişlər. Qrupun rəhbəri, ŞİH başçısının müavini Elmira Ağayeva ilə söhbətimiz də bu barədədir.

- Elmira xanım, necə oldu ki, şəhərinizin mədəniyyət və incəsənətini təmsil edən qrup nüfuzlu beynəlxalq festivala dəvət aldı?

- Ankaranın Etimesqut bələdiyyəsi ilə Şirvan bələdiyyəsi arasında 2 ildir qardaşlıq münasibətləri yaranmışdır. 2011-ci ilin iyulunda Etimesqut bələdiyyəsinin üzvləri şəhərimizə gəlmiş, Şirvanın iqtisadiyyatı və mədəniyyəti, eləcə də digər sahələrlə tanış olmuşlar. Bu ilin may ayında isə şəhərimizi təmsil edən nümayəndə heyəti Ankaraya səfər etmişdir. Yeri gəlmişkən qeyd edim ki, Etimesqutla Şirvanın əlaqələri artıq bələdiyyə qardaşlığı çərçivəsindən kənara çıxmışdır. Bunu nəhəng Ankaranın Etimesqut rayonu ilə Şirvanın qardaşlığı adlandırsaq, daha doğru olar. Odur ki, şəhərimizi təmsil edən nümayəndə heyəti təkcə bələdiyyə üzvlərindən ibarət deyildi. Cavab görüşü daha geniş tərkibdə təmsil olunmuşdu. Beynəlxalq "Anadolu Günləri" festivalı haqqında ilk dəfə Ankarada olarkən eşitdik. Görüşlərin birində şəhərimizin nümayəndələrinə festivalda Azərbaycanı təmsil etmək təklif olundu. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov təklifi məmnuniyyətlə qəbul etdi. İyul ayında Etimesqut bələdiyyəsi tərəfindən icra başçısının adına rəsmi dəvət məktubu gəldi. Avqust ayında isə festivalda iştirakla bağlı icra hakimiyyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən məktub daxil oldu. Bu məktublar alındığı zaman mədəniyyət və incəsənət işçilərimiz festivala hazırlaşırdılar.

Festivalın keçirilməsində məqsəd türk dünyasının qardaşlığını daha da möhkəmləndirmək, birlik və mədəni əlaqələri daha da inkişaf etdirməkdir. Festivala yalnız türkdilli dövlət və xalqların nümayəndələri dəvət olunurlar. Festival hər il təşkil olunur. Budəfəki festival 9-cu idi.

- Festivalın təşkilatçısı kimdir?

- Ankaranın Etimesqut bələdiyyəsi.

- Eşitdiyimizə görə, festival nəzərdə tutulduğu vaxtda keçirilməyib. Bu, nə ilə əlaqədar idi?

- Festival sentyabrın 7-dən 17-dək keçirilməli idi. Buna görə də biz Türkiyəyə sentyabrın 6-da getdik. Lakin Türkiyə Silahlı Qüvvələrinin Afyonkarahisar vilayəti ərazisindəki cəbbəxanasında baş vermiş partlayışda 25 türk hərbçisi həlak olduğuna görə ölkədə matəm elan edildi. Təbii ki, matəm günlərində festival keçirmək olmazdı. Festivalı sentyabrın 14-23-də keçirmək qərara alındı. Biz geri qayıtdıq və ayın 20-də yenidən Türkiyəyə yola düşdük.

Festival 10 gün müddətində keçirildi. Proqrama əsasən, hər gün iki, üç kollektivin çıxışı təşkil olunurdu. Hər kollektiv, təxminən, bir saatlıq proqramla çıxış edirdi. Günün axırında, yəni kollektivlərin çıxışlarından sonra isə məşhur musiqiçilərin konserti təşkil edilirdi. Məsələn, Mustafa Sandalın, Müəzzəz Ərsoyun, İsmayıl Altunsarayın, Gülşənin, Qubadın, Ebru Gündeşin və başqalarının.

Festivalda Türkiyənin ayrı-ayrı vilayətlərindən gəlmiş və müxtəlif ifa üslubuna malik kollektivlər çoxluq təşkil edirdilər. Bunlardan əlavə, Qazaxıstandan, Türkmənistandan, Qırğızıstandan gəlmiş, həmçinin  İraq türkmənlərini, Şərqi Türküstanı, Balkanları təmsil edən kollektivlər var idi.

- Şirvanlıların çıxışı barədə nə deyə bilərsiniz?

- Şəhərimizi təmsil edən mədəniyyət və incəsənət işçiləri, özfəaliyyət kollektivlərinin üzvləri festivala çox ciddi hazırlaşmışdılar. Müntəzəm məşqlər, yaradıcılıq axtarışları, öz bəhrəsini verdi. Şəhərimizin təmsilçiləri yüksək səviyyədə çıxış etdilər. Şirvanlıların çıxışları ankaralılar və festivalın digər iştirakçıları, eləcə də qonaqlar tərəfindən dəfələrlə sürəkli alqışlarla qarşılandı. Onu da deyim ki, bizim çıxışımız festivalın sonuncu günü oldu. Çıxışlar axşam saatlarına düşdüyü üçün onu festivalın "Azərbaycan gecəsi" adlandırdılar.

- Şirvanlıların konsert proqramı. Bu barədə bir qədər ətraflı məlumat verməyiniz yaxşı olardı.

- Şəhərimizin yetirməsi, yaxın keçmişədək şəhərimizdəki bədii özfəaliyyət kollektivlərinin üzvü, hazırda isə Dövlət Opera və Balet Teatrının solisti Afaq Abbasova "Çırpınırdı Qara dəniz", "Sarı gəlin" və "Eşq" mahnılarını ifa etdi. Səbuhi Abdullazadə "Nədən oldu", "Qaragöz" və "Azərbaycan" mahnılarını oxudu. Qeyd etmək lazımdır ki, bu, Səbuhinin Türkiyəyə üçüncü səfəri idi. Bundan əvvəl iki dəfə uluslararası türkcə sənət olimpiadasının iştirakçısı olmuş, ölkənin müxtəlif şəhərlərində çıxış etmişdir. Sadiq Həsənli isə "Şirvana gəl" aşıq mahnısını, bir də "Daşlı qala" mahnısını ifa etdi. Eləcə də rəqs qrupumuzun, bədii qiraətçi Saniyə Mirzəyevanın çıxışları oldu.

- Elmira xanım, Şirvanda həmişə yaxşı ifaçılar və bədii qiraətçilər yetişib. Amma burada heç vaxt peşəkar rəqqaslar olmayıb. Bəs necə oldu ki, qısa müddətdə rəqs kollektivi yaradıldı və hətta beynəlxalq arenaya çıxarıldı?

 - Bir neçə il əvvəl Şirvan mədəniyyət və turizm şöbəsi 3 yeniyetməni məqsədli şəkildə Bakı Xoreoqrafiya Məktəbinə göndərmişdi. Onlardan biri təhsilini başa vurduqdan sonra peşəsini dəyişdi. Digər iki nəfərdən biri - Gündüz Babayev hazırda Dövlət Musiqili Komediya Teatrında balet truppasının üzvüdür. Cavid Ziyadi isə şəhərimizdə yaşayır. Rəqs kollektivini də məhz Cavid hazırlamışdı. Quruluş verdiyi rəqslərdə özü də oynayırdı. Gündüz Babayevlə birlikdə.

- Belə bir yazılmamış qayda var. Adətən, solistlərin adlarını xüsusi qeyd edir, rəqs kollektivinə daxil olanların isə adlarını çəkmirlər. Amma mən istəyirəm ki, rəqs kollektivinə daxil olan üzvlərin adlarını çəkəsiniz. Onları həvəsləndirmək,  kollektivə yeni üzvlər cəlb etmək məqsədilə. Qoy, bu uğurlu başlanğıc davamlı olsun.

- Rəqs qrupuna Nurtən Cahangirova, Suzanna Məmmədzadə, Əmrah Qəhrəmanov, Hacıbala Ağayev, Firuzə Ağayeva, Aytac Mustafazadə, Zemfira Vəliyeva, Günel Qurbanova, Nurlan Hüseynzadə, Məhəmməd İsmayılov daxil idi.

- Festivala ankaralıların marağı necə idi?

- Çox böyük. Çıxışlara minlərlə insan tamaşa edirdi. Festivalın gedişi Türkiyənin dörd televiziya kanalı ilə canlı yayımlanırdı.

- Səfərlə bağlı çətinliklər olmadı ki?

- Xeyr.  Bütün məsələlərin həllini Şirvan Şəhər İcra Hakimiyyəti öz üzərinə götürmüşdü.

 

 

 Seyran CAVADOV

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.8.