Azərbaycan çoxmillətli, dözümlülüyün və multikulturalizmin mövcud olduğu bir ölkədir
Xəbər verdiyimiz
kimi, Milli Məclis sədrinin
müavini Bahar
Muradovanın rəhbərliyi ilə parlament
nümayəndə heyəti ATƏT Parlament
Assambleyasının Albaniyada keçirilən
payız sessiyasında iştirak edir. Nümayəndə heyətinin tərkibinə
Milli Məclisin İnsan
hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər.
AzərTAc xəbər
verir ki, sessiyada "ATƏT: sabitliyin
və təhlükəsizliyin əsası sayılan idarəetmə
və inteqrasiyanın təşviqi" mövzusu
ətrafında müzakirələr
aparılmışdır.
Tədbirin
açılış mərasimində ATƏT PA-nın sədri
Rikkardo Milyori
çıxış etmişdir. O, dini dözümlülük
ənənələrinə malik olan Albaniya dövlətinin
son illər ərzində qanunun
aliliyi və insan
haqlarının təmin edilməsi sahəsində
atdığı addımlardan danışmışdır.
Albaniya parlamentinin sədri
Jozefina Topalli ATƏT-ə
üzv olduqları 21 il
ərzində ATƏT PA-nın tədbirinin ilk
dəfə ölkəsində keçirilməsindən məmnun
qaldığını bildirmişdir.
Sonra ATƏT-in baş
katibi Lamberto Zanyer qurum tərəfindən
görülən işlər barədə məlumat vermişdir.
Albaniyanın Baş naziri Sali Berişa ölkəsinin
iqtisadiyyatı və bugünkü vəziyyəti
barədə danışmışdır.
"ATƏT
regionunda milli və mədəni
müxtəliflik cəmiyyətlərin təşviqi və müdafiəsi"
mövzusundakı birinci sessiyada
Tirana Universitetinin kommunikasiya təhqiqatları üzrə professoru, jurnalistika və kommunikasiyalar departamentinin
rəhbəri Artan Fuqa,
Türkiyənin Baş nazirinin
baş müşaviri
professor Bəkir Karliqa,
ATƏT-in Bosniya və Herseqovinadakı
missiyasının rəhbəri Fletçer Barton, ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı diskriminasiya və dözümsüzlüklə
mübarizə məsələləri üzrə şəxsi
nümayəndəsi, Qazaxıstan Senatının üzvü Adil Əhmədov,
ATƏT-in fəaliyyətdə olan sədrinin
antisemitizmlə mübarizə məsələləri
üzrə şəxsi nümayəndəsi Ravin
Endrü Beyker məruzələrlə
çıxış etmişlər.
Ümumi müzakirələrdə Litva, Kipr, Ermənistan,
Qırğızıstan, Türkiyə, Yunanıstan, İrlandiya, Monteneqro və
Serbiyadan olan nümayəndələrin
çıxışları dinlənilmişdir.
Ermənistan parlamentinin deputatı Artaşes
Qeqamyanın qeyri-konstruktiv və mövzuya aid olmayan, Türkiyə və Azərbaycana
qarşı yönəlmiş çıxışı Azərbaycan
nümayəndə heyətinin kəskin etirazına səbəb
olmuşdur.
Azərbaycan
nümayəndə heyətinin rəhbəri B. Muradova çıxış edərək erməni
deputatın səsləndirdiyi fikirlərin əsassız olduğunu bildirmiş, Azərbaycan
ordusunun zabiti Ramil Səfərovun azadlığa
buraxılması məsələsinə aydınlıq gətirmişdir.
B.Muradova demişdir ki, R.Səfərovla birlikdə Budapeştdə,
NATO kurslarında iştirak edən erməni zabiti
özü dəfələrlə
münaqişəli vəziyyətlər
yaratmışdır. Markaryan Azərbaycan
xalqını və bayrağını dəfələrlə
təhqir etməklə özü, faktiki olaraq Ramil Səfərovu bu cinayəti
törətməyə təhrik etmişdir.
Budapeştdə məhkəmə prosesinin
yekunlarına görə, R.Səfərov ömürlük
həbs cəzasına məhkum edilmişdir. Azərbaycan tərəfi cinayət
faktını inkar etmir,
lakin məhkəmənin hökmünün
də həddən artıq sərt olduğunu
bildirir. Ona görə ki, məhkəmədə
R.Səfərovun məcburi köçkün
ailəsindən olduğu, doğulub
boya-başa çatdığı Cəbrayıl
rayonunun ermənilər tərəfindən
işğalı zamanı onun ailə
üzvlərinin bir çoxunun
qətlə yetirildiyi nəzərə
alınmamışdır. Eyni zamanda, erməni zabitinin təhrikedici
hərəkətləri faktı da diqqətdən
kənarda qalmışdır. Azərbaycan tərəfinin
çoxsaylı müraciətlərindən sonra
Ramil Səfərov şəxslərin
verilməsi haqqında 1983-cü il
Konvensiyasının müddəalarına uyğun
olaraq Azərbaycana verilmişdir.
Elə həmin Konvensiyanın
12-ci bəndi üzrə Azərbaycan Prezidenti
tərəfindən əfv edilmişdir. Avropa Parlamentinin 13 sentyabr tarixli qətnaməsində o
da vurğulanır ki, Azərbaycan Prezidentinin
qərarı həmin
Konvensiyanın əsaslarına əsla zidd
deyildir. Ona görə
də hesab edirik ki, bu məsələni
qaldırmaq üçün erməni həmkarlarımızın
heç bir hüquqi əsası, mənəvi haqqı yoxdur.
B.Muradova erməni terror
təşkilatlarının bəzi cinayətlərini
toplantı iştirakçılarının diqqətinə
çatdırmışdır. Bildirmişdir
ki, altı türk
diplomatının və onların ailə üzvlərinin qətlinin
təşkilinə görə ABŞ-da ömürlük həbs cəzasına məhkum
edilmiş erməni terrorçusu
Qurgen Yenikyan
1984-cü ildə azadlığa buraxılaraq Ermənistana verilmişdir.
Parisdə Türkiyə səfirliyinin ələ keçirilməsinə
görə ömürlük
həbs cəzasına məhkum olunmuş
ASALA erməni terror təşkilatının
lideri Monte Melkonyan 1989-cu ildə Fransa
tərəfindən Ermənistana verilmişdir.
Xatırladaq ki, həmin aksiyanın
qurbanları iki türk
diplomatı olmuşdur. Melkonyan
Ermənistana qayıdandan sonra bu ölkənin prezidenti tərəfindən
əfv edilmiş və
mükafatlandırılmışdır. Terror
əməllərini bu dəfə Azərbaycan
ərazilərində davam etdirən cinayətkara
abidə də ucaldılmışdır.
Azərbaycan
nümayəndə heyətinin rəhbəri demişdir
ki, qatı terrorçuların Ermənistana
verilərək sonradan əfv edilməsi
barədə çoxlu faktlar
var, lakin heç bir halda nə onların cinayət əməllərinin, nə də əfv edilmə
faktlarının pisləndiyini eşitməmişik.
"İnanmaq istəyirik ki, biz bundan sonra
da ayrı-ayrı məişət hadisələri
ilə deyil, ATƏT-in prinsiplərinə uyğun olaraq
münaqişənin özünün həllinə
gətirib çıxaracaq fəaliyyətlə məşğul
olacağıq" - deyə B.Muradova bildirmişdir.
Sessiyada çıxış edən Azərbaycan
nümayəndə heyətinin üzvü
Rəbiyyət Aslanova demişdir
ki, biz hamımız dözümlülük, sülh
və təhlükəsizlik məkanı yaratmağa
çalışırıq və əminik ki,
buna nail
olacağıq. Burada iştirak
edənlər, bəziləri vaxtilə öz
aralarında müharibə aparmış 56 ölkənin
nümayəndələridir. Münaqişələr
vardır. Lakin biz əminik
ki, bu münaqişələr
tezliklə həll ediləcəkdir. Azərbaycan çoxmillətli
bir ölkədir. 2014-cü ildə siz özünüz gəlib, dözümlülüyün
və multikulturalizmin mövcud
olduğu bir ölkə
görəcəksiniz.
Bakının
mərkəzində, ən gözəl yerdə bərpa edilmiş erməni kilsəsinin olduğunu diqqətə çatdıran R.Aslanova demişdir ki, erməni kilsəsinin
başçısı da Azərbaycanda olub, həmin kilsəni və orada
hifz olunan kitabları,
ilkin mənbələri görəndə
təəccüblənmişdi. Bu nədən xəbər verir? Bu o
deməkdir ki, Azərbaycan həmin tarixi ənənələri qiymətləndirir
və çox qayğıkeş
münasibət göstərir. Amma Azərbaycanın
işğal olunmuş
ərazilərindəki çoxlu sayda məscid, tarixi mədəniyyət
abidələri erməni terrorçuları tərəfindən
dağıdılmış, talan edilmişdir.
Avropanın multikulturalizm sahəsində
yaşadığı problemlərə toxunan
R.Aslanova demişdir ki, bu problemin
həlli, ATƏT məkanında sülhün
və dözümlülüyün bərqərar
olması üçün nə etməli
olduğumuzu müəyyənləşdirməliyik.
Avropada hicabla
bağlı yaranmış problemdən danışarkən R.Aslanova demişdir: "Avropada olarkən tez-tez belə
bir məqamla rastlaşırıq ki, hicablı qadın nadanlıq, terrorizm rəmzi və s.
sayılır. Mən Vatikan muzeyində
örpəkli Məryəm ananın
gözəl heykəlini gördüm. Bəs nəyə
görə biz başında örpək olan müqəddəs Məryəmə baxanda ona böyük
hörmətlə yanaşırıq, hicab
gəzdirən müsəlman qadın isə avropalının
gözündə tamamilə başqa məna
kəsb edir. Mən istəyirəm ki, həmin ümumbəşəri dəyərlər
zəfər çalsın və biz öz tariximizə böyük
hörmətlə yanaşaq".
ATƏT
PA-nın vitse-prezidenti Volfqanq
Qrossrukun sədrliyi ilə "Maliyyə
böhranı ilə mübarizə: sərt iqtisadi
siyasət inkişafın stimullaşdırılmasına
qarşı" mövzusunda keçirilən
ikinci sessiyada
Albaniyanın iqtisadi araşdırmalar mərkəzinin
icraçı direktoru Zef
Preçi, Maliyyə stabilliyi
üzrə Avropa fakültəsinin baş icraçı direktorunun böyük məsləhətçisi Andres Sut və Avropa İnvestisiya
Bankının sabiq sədr müavini Mattias Kolatinin məruzələri dinlənilmişdir.
Mövzu ətrafında müzakirələrdə
Latviya, Yunanıstan, Litva, Qazaxıstan, Polşa, Finlandiya,
Fransa, Portuqaliya, Tacikistan, Kipr və Türkiyədən olan
nümayəndələr çıxış etmişlər.
Azərbaycan.-2012.-
7 oktyabr.- S.2.