Latviyanın sabiq Prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə
tanış olmuşdur
Latviya Respublikasının sabiq Prezidenti
Valdis Zatlers oktyabrın 6-da Bakının
yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey
Kompleksində olmuşdur.
Qonağa məlumat verilmişdir ki, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
bu layihə ölkəmizin tarixi keçmişinin qorunub
saxlanılması ilə yanaşı, respublikamızın
turizm mərkəzlərindən birinə çevrilməsinə
də xidmət edir. Burada yaradılmış Qala Dövlət
Tarix-Etnoqrafiya Qoruğunun ərazisində eramızdan əvvəl
III minillikdən XX əsrə qədərki dövrə aid
kurqanlar, sərdabələr, evlər, ovdanlar, qədim qəsrin
qalıqları, 5 məscid, 3 hamam və s. vardır. Bu abidələrin
qorunması və qoruğun daha da zənginləşdirilməsi
üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi
ilə burada açıq səma altında ilk
arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır.
Latviya Respublikasının sabiq Prezidenti
Valdis Zatlersə məlumat verilmişdir ki, burada Əntiq Əşyalar
Muzeyi də fəaliyyət göstərir. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə inşa olunan muzeydə
uzun illər ərzində yığılan zəngin kolleksiya
hazırda üç minədək maddi mədəniyyət
nümunəsini əhatə edir. Kolleksiyanın əsasını
təşkil edən Azərbaycan sənətkarlarının
yaratdıqları əntiq əşyalar dəfələrlə
beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və
böyük maraqla qarşılanmışdır. Muzeydə
bu nadir toplunun 800 eksponatı nümayiş etdirilir.
Qonağa Qala abidə kompleksi haqqında
da məlumat verilmişdir. Qeyd edilmişdir ki, Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
"Abşeron" arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə
burada qazıntı işləri aparmışdır.
Qazıntılar nəticəsində e.ə. III-II minilliyə,
həmçinin XIV-XV əsrlərə aid müxtəlif
tapıntılar aşkar edilmişdir. Kompleksə daxil olan
X-XIV əsrlərə aid Qala qəsri qüllədən və
istehkamdan ibarətdir. Müşahidə və mühafizə
məqsədi ilə istifadə olunmuş X-XIV əsrlərə
aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin
yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl
pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri
sərgilənir.
Qonağın diqqətinə
çatdırılmışdır ki, dünyanın ən qədim
insan məskənlərindən olan Azərbaycanın ərazisi
arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri
ilə zəngindir. Kompleksin ərazisində Abşeron
yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri
toplanmış və bərpa olunmuşdur.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
Latviyanın sabiq Prezidentində böyük maraq
doğurmuşdur.
AzərTAc
Azərbaycan.-2012.-
7 oktyabr.- S.3.