Bakı Beynəlxalq Humanitar
Forumunun 100-dən çox
iştirakçısı Qəbələyə səfər etmişdir
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün
Azərbaycana səfər edən müxtəlif ölkələrin
100-dən artıq siyasət, elm, təhsil,
mədəniyyət və kütləvi informasiya
vasitələri nümayəndələri oktyabrın 6-da Qəbələ
rayonunda olmuşlar.
AzərTAc
xəbər verir ki, Qəbələ
Beynəlxalq Hava Limanında
qarşılanan qonaqlar əvvəlcə beşulduzlu "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri, eləcə də rayonda yaradılan digər müasir
turizm infrastrukturu, Qəbələnin
füsunkar təbiəti ilə
tanış olmuşlar. Onlara bölgənin
turizm imkanları barədə geniş məlumat verilmişdir.
Avtobuslarla gəzintiyə çıxan
nümayəndə heyəti rayonda
aparılan geniş quruculuq-abadlıq
işlərinin, yeni yaradılmış müasir infrastrukturun şahidi olmuşlar.
Qəbələdə
"Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə
tanış olan qonaqlara
məlumat verilmişdir ki,
2009-cu ildən fəaliyyətə başlayan
fabrik hazırda dünyada
"Beltmann" markalı pianolar
istehsal edən yeganə müəssisədir.
Fabrikdə istehsal prosesi
ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq
standartlara cavab verən
fabrik inzibati bina və istehsal sahəsindən
ibarətdir. Pianolar sexlərdə
yığılaraq xüsusi avadanlıqla
təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə
ildə 1200-1500 piano istehsal
edilir.
Sonra qonaqlar Qəbələ
konserv zavodunda olmuşlar. Müəssisə ilə
tanışlıq zamanı məlumat verilmişdir
ki, 12 hektar ərazidə
yerləşən zavodun istehsal
gücünə və texnoloji
avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən
avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun
qablaşdırılmasına qədər bütün
prosesləri əhatə edir. Ümumilikdə
350 nəfərin çalışdığı müəssisədə
30 çeşiddə meyvə şirəsi, konsentrat,
nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə,
cem, soyuq çaylar, 15 çeşiddə
yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara
çıxarılmaqla yanaşı, 30-dan çox
ölkəyə ixrac edilir.
Meyvə-tərəvəz
məhsullarının çeşidlənməsi və
saxlanılması üçün tikilmiş 5 min tonluq soyuducu anbar kompleksi ilə də
tanışlıq olmuşdur.
Qonaqlar Qəbələ limonad
zavoduna da baş çəkmiş, istehsal
prosesi ilə maraqlanmışlar. Məlumat
verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı
müəssisədə beş
çeşiddə məhsul -"Kola",
"Tərxun", "Düşes",
"Limon", "Üzüm"
limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif
tutumlu plastik və
şüşə qablarda bazara
çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan
zavodda 60 nəfər işlə təmin edilmişdir.
Xarici ölkə nümayəndələrinin
ən çox diqqətini cəlb edən
isə rayon tarix-diyarşünaslıq
muzeyindəki qədim eksponatlar olmuşdur. Muzeylə tanışlıq
zamanı qonaqlara məlumat verilmişdir ki, 1980-ci ildən
fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin
2500 illik tarixini əks
etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə
malik eksponat mühafizə
olunur.
Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla
tanış olan qonaqların diqqətini
900 il Qafqaz
Albaniyasının paytaxtı olmuş qədim
Qəbələ şəhəri və onun
bugünədək gəlib çatmış möhtəşəm
qala divarının, bürc
və darvazasının maketi və orada aparılmış arxeoloji
qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət
nümunələri cəlb etmişdir.
Sonda Nohur gölünün
yanındakı "Sahil" İstirahət Mərkəzinə
toplaşan qonaqlar gözəl təbiət qoynunda mənalı
istirahət etmişlər. Onlar Qəbələnin ecazkar
gözəlliyə malik olduğunu qeyd etmiş, Azərbaycandan
xoş təəssüratlarla ayrılacaqlarını
vurğulamışlar.
Azərbaycan.-2012.-
7 oktyabr.- S.4.