Latviyanın sabiq Prezidenti qədim İçərişəhərlə tanış olmuşdur

 

 İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere oktyabrın 6-da İçərişəhərlə tanış olmuşlar.

AzərTAc xəbər verir ki, qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük maraq doğurmuşdur.

Elektromobillə gəzinti zamanı latviyalı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Valdis Zatlers və xanımı təndir çörəyinə qonaq edilmişlər.

Sonra qonaqlar tanınmış rəssam Əli Şəmsinin emalatxanasında olmuş və onun çəkdiyi rəsmlərə baxmışlar. Burada Latviyanın sabiq Prezidentinə xatirə hədiyyəsi təqdim edilmişdir.

İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.

 

 

Azərbaycan.-2012.- 7 oktyabr.- S.4.