Yubiley başa çatdı
Dahi
şairə məhəbbət isə yeni vüsət alıb
Nizami Gəncəvi elə
böyük şəxsiyyətdir ki, onun yubileyini hər il
keçirmək lazımdır!
Heydər
ƏLİYEV
Qədim Gəncə belə möhtəşəm
təntənə görməmişdi. Bu, əsl beynəlxalq
bayram idi. 45 ölkədən 150-dən çox nümayəndə
gəlmişdi. Ölməz Nizaminin yurdu Gəncə 870 illik
yubileyi tam hazırlıqla qarşıladı.
Neçə
vaxt idi ki, Gəncə şəhəri dövlət
başçısı İlham Əliyevin sərəncamına
uyğun olaraq öz dahi oğlu, böyük söz sərkərdəsi
Nizami Gəncəvinin ad gününə hazırlaşırdı.
Bu müddət ərzində şəhər
başdan-başa abadlaşdı, gözəlləşdi, tanınmaz oldu. Məqbərə
kompleksi, Nizami meydanı, "Xəmsə" guşəsi,
Nizami küçəsi, şairin adı ilə bağlı
olan digər yerlər tamamilə yenidən quruldu. Məqbərə kompleksindən tutmuş şəhərin
ən müxtəlif guşələrinə kimi hər yer al
qumaşa büründü. Nizaminin portretləri, onun əsərlərindən
fraqmentlər, miniatürlər, ulu şairin müdrik sözləri
hər yanı bəzəyir.
Bu
müddət ərzində Nizaminin adı və ədəbi
irsi ilə bağlı neçə-neçə əvəzsiz
abidə yarandı. Bir-birindən dəyərli işlər
görüldü. Gəncədə altı şöbədən
ibarət Nizami mərkəzi açıldı. Yubileyin tədbirlər
planına uyğun olaraq professor Xəlil Yusifli "Leyli və Məcnun"
poemasını əruz vəznində tərcümə etdi,
Samir Pişnamazzadənin "Nizami Gəncəvi
yaradıcılığına əxilik ideologiyasının təsiri"
adlı monoqrafiyası, tanınmış alim Əfrasiyab Vəkilovun
"Blokadalı Leninqradda Nizami yubileyi" kitabı, professor
Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq"
əsəri, habelə, "Gəncə şəhərinin
tarixi" kitabı çap olundu. Otuz illik fasilədən
sonra "Nizamişünaslıq" jurnalının nəşri
bərpa edildi. Avstriya, Almaniya, Böyük Britaniya
kitabxanalarında, Saltikov Şedrin adına Rusiya Milli
Kitabxanasında və digər yerlərdə qorunan "Xəmsə"
əlyazmalarının nadir nüsxələrinin surətləri
Gəncəyə gətirildi. "Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvi"
adlı çox dəyərli bir monoqrafiya, şairin sözlərinə
bəstələnmiş mahnılardan ibarət kompakt disk və
sənətşünas Sevda Qurbanəliyevanın
hazırladığı "Nizami əsərləri
miniatürlərdə" toplusu nəfis şəkildə sənətsevərlərə
çatdırıldı.
Yubiley təntənələri
Mərkəzi meydanda və məqbərə kompleksi
önündə xüsusilə diqqəti cəlb edirdi. Hər
yan Nizamiyə gəncəlilərin sevgi və məhəbbətini
əks etdirən nəhəng bir muzeyə bənzəyirdi.
Ulu Gəncə Nizami ovsununa düşmüşdü. "Xəmsə"nin
motivləri əsasında hazırlanmış ədəbi-bədii
kompozisiyalar, Nizaminin sözlərinə bəstələnmiş
romanslar, xalq mahnıları, folklor nümunələri
qonaqların diqqətini daha çox cəlb edirdi.
Sentyabrın
29-da və 30-da Gəncədə Nizaminin adına daha bir sıra
ünvanlar yarandı. Möhtərəm qonaqların
iştirakı ilə Beynəlxalq mərkəzin təməli
qoyuldu. Nizaminin adını daşıyan yeraltı
keçidin açılışı oldu. Beynəlxalq
konfrans keçirildi. Şəhər icra hakimiyyəti ilə
İskəndəriyyə, Türkiyə, Gürcüstan və
Kəşmir Milli kitabxanaları arasında əməkdaşlıq
haqqında niyyət protokolu, habelə Gəncə şəhəri
ilə Tacikistan Respublikasının Xocənd şəhəri
arasında "Qardaşlaşmış şəhərlər"
sazişi imzalandı.
Oktyabrın 1-də
yubiley tədbirləri Bakıda - Heydər Əliyev
Sarayında davam etdirildi. Bütün ölkəni
bürüyən bu möhtəşəm yubiley dahi Nizami Gəncəvinin
ölməz irsinə ən böyük töhfə sayıla
bilər. Əslində görülən hər bir tədbir,
burada deyilən hər bir söz, dünya miqyasında getdikcə
marağı daha da artan nizamişünaslığa yeni
bir töhfə sayıla bilər. Ona görə də biz Gəncədə
yubiley iştirakçılarının bəziləri ilə
söhbət etdik. Bu da bir fürsətdir:
Azərbaycanın Baş nazirinin
müavini, yazıçı Elçin Əfəndiyev:
- Nizami Gəncəvi
dühası, onun 68 illik ömründən qalan mirasın bədii
estetik, ictimai-fəlsəfi mahiyyəti və miqyası nəinki
68 ilin, hətta aradan keçən 870 ilin təcrübələrinə
sığışmır. Ona görə Nizami daim
müasirdir və qərinələrin
çağdaşıdır. Təsadüfi deyildir ki, onun əsərləri
əsrlər boyu tədqiq olunsa da, bugünün özündə
də nizamişünaslıq yeni-yeni mülahizələr
söyləyir və elmi-nəzəri mübahisələr,
müzakirələr aparılır.
Nizami Gəncəvi
yaradıcılığı tədqiqatçılar
üçün böyük yaradıcılıq mənbəyidir.
Əsrlər, qərinələr bir-birini əvəz etdikcə
Nizami ədəbi irsi hər dəfə yeni nəzəri-estetik
baxış bucağı tələb edir. Onun
yaradıcılığı ilə təkcə Şərq tədqiqatçıları
deyil, eyni zamanda Avropa şərqşünasları da məşğul
olmuşlar. Bu da onu göstərir ki, Nizami
yaradıcılığı Şərqlə Qərbin fəlsəfi,
bədii estetik sintezi, vəhdətidir. O, bir tərəfdən
Aristoteli, Platonu mənimsəmişdirsə, o biri tərəfdən
də Firdovsini, İbn Sinanı mənimsəmişdir. Bu
baxımdan mütəfəkkir şairin
dünyagörüşündə bu iki aləmin vəhdəti
yaranmışdır. Nizami
yaradıcılığının gücü, qüdrəti
onda idi ki, hansı mövzuya yanaşırdısa, həmin
mövzunu özününkü edirdi.
Qırğızıstanın xalq
şairi Eqomberdi Ermatov:
- Mən bu
böyük el bayramına Qırğızıstandan gəlmişəm.
Nizaminin yubileyində iştirak etdiyim üçün
böyük fərəh duyuram. Axı Nizami Gəncəvi
bütün türk elinin iftixarı, dünya poeziya aləminin
bayraqdarıdır. Bu dahi şairin
yaradıcılığı ilə Qorki adına Ədəbiyyat
İnstitutunda oxuduğum zaman tanış olmuşam. O vaxtdan
Nizami Gəncəvini təkcə sevmirəm, həm də onu
özümə müəllim hesab edirəm. Nizaminin "Xəmsə"yə
daxil olan "Yeddi gözəl" poemasını
qırğız dilinə tərcümə etmişəm. Həmin
əsər kitab şəklində çoxminli tirajla dəfələrlə
təkrar nəşr edilib. Nizaminin böyüklüyü
haqqında onu deyə bilərəm ki, bütün Şərq
poeziyası Nizami Gəncəvidən başlayır.
Oljas Süleymenov (ictimai-siyasi xadim,
yazıçı):
- Mən burada 30
il əvvəl Nizami Gəncəvinin 840 illik yubiley tədbirlərində
olmuşam. Yadımdadır, çox yaxşı keçdi. Mən
o vaxt Heydər Əliyevə dedim ki, yubileylər adətən
yuvarlaq tarixlərdə keçirilir. 840 il yuvarlaq rəqəm
deyil. Nə yaxşı 840 il yubiley kimi qeyd olunur. O
böyük insan müdrikcəsinə cavab verdi: "Nizami Gəncəvi
elə böyük şəxsiyyətdir ki, onun yubileyini hər
il keçirmək lazımdır".
Qəribədir
ki, ulu şairə 850 illik yubiley qismət olmadı. Buna
müharibə imkan vermədi. İndi budur, 30 ildən sonra 870
illik yubiley tədbirlərinə qoşulmuşuq. Nizami Gəncəvinin
870 illik yubileyində iştirak etməyimlə iftixar duyuram.
Bu, əsl poeziya bayramıdır. Tədbirlər çox
maraqlı, məzmunlu keçir, əsl Nizami Gəncəviyə
layiq. Hər on ildən bir belə əzəmətli yubiley tədbirləri
keçirməyinizi təqdir edirəm və Sizə
uğurlar arzulayıram.
Vayra Vike-Freyberqa
(Latviyanın ilk qadın prezidenti):
- Biz Nizamini dahi bir şair kimi
tanıyırıq. Eyni zamanda onu da bilirik ki, o,
elmi-tədqiqatçı, öz dövrünün alimi,
humanizmi təşviq edən müdrik bir şəxs idi.
Avropada intibah dövrü başlamazdan bir
neçə əsr əvvəl Nizami bu intibahın
başlanğıcını qoymuşdu.
Nizami Gəncəvinin
yaşadığı dövrdə mənim ölkəm
Latviya işğal altında idi. O zaman biz öz
epik ənənəmizi, demək olar, itirmişdik. Sonralar biz ağızdan-ağıza,
qulaqdan-qulağa yayılan şeirləri yazıya
almışıq. 1966-cı ildə həyat
yoldaşımla belə qərara gəldik ki, bu irsi rəqəmsal
formaya çevirək. Bu, çox
müşkül məsələ idi. Kompyuter aparatları
çox iri idi. Böyük otaqlara güclə
yerləşirdi. Yalnız rəqəmlərdən
istifadə olunurdu. Mətnin yazılması
çox çətin idi. O zaman ikimiz də gənc
professor idik. Hamı deyirdi ki, bu, boş xəyaldır.
Həmin ideyaları həyata keçirə bilməyəcəklər.
Amma biz yolumuzdan dönmədik. Texnologiya inkişaf etdikcə çətin də
olsa öz ideyalarımızı reallaşdırdıq. Yüz minlərlə şeiri rəqəmsal formaya
çevirərək insanlar arasında yaymağa
başladıq. Hər il milyonlarla
oxucu bizim bu rəqəmsal formaya çevrilmiş əsərlərlə
tanış oldu. UNESCO işimizi yüksək
qiymətləndirdi. İndi təkcə
Latviya yox, dünyanın müxtəlif guşələrində
saysız-hesabsız oxucu bu üsuldan faydalanır.
Nizami ilə bağlı hər nə
varsa hamısı toplanmalıdır. Müasir
texnologiyalar buna imkan verir. Lazım deyil ki,
bütün əlyazmalarını bir mərkəzə
yığaq. Bu inciləri sadəcə rəqəmsal
formaya çevirməklə bütün dünyaya yaymaq lazımdır.
Nizami Gəncəvi təkcə Gəncə
şəhərinin yox, bütün dünyanın qürur duya biləcəyi bir
şəxsiyyətdir. Şadam ki, onun bu möhtəşəm
yubileyində iştirak edirəm. Mən də
öz duyğularımı hər bir azərbaycanlının,
hər bir gəncəlinin hissləri ilə
bölüşür, dahi şairin irsinə böyük
hörmətlə yanaşıram. Nizami Gəncəvi
hər ehtirama layiqdir.
İsmayıl Serageldin (Misirin İskəndəriyyə
kitabxanasının direktoru):
- Mən gəncəlilərə və Gəncə
Şəhər İcra Hakimiyyətinə dərin təşəkkürümü
bildirirəm ki, belə möhtəşəm bir tədbir
keçirilir. Nizami Gəncəvi hər ehtirama
layiqdir. Nəinki sırf bir ədəbiyyatın
dahisi olubdur, fəlsəfə dahisi, astronomiya dahisi, ümumiyyətlə,
həyatın bütün sahələrində yeri və rolu
olan ən müdrik şəxsiyyətlərdən biridir.
Nizami Gəncəvinin təkcə Azərbaycan ədəbiyyatının
və Azərbaycan mədəniyyətinin inkişafında
yox, o cümlədən bütün dünya mədəniyyətinin
tərəqqisində böyük təkanverici rolu olubdur.
Şərq intibahının dahi
şairi Nizami Gəncəvinin fikir və hikmətlərini
dünyanın digər bölgələri ilə
bölüşdüyü üçün Azərbaycana təşəkkür
edirəm.
Ərəb dünyasının
tanınmasında və Misir ədəbiyyatının
formalaşmasında da Nizami Gəncəvinin təsiri əvəzsizdir. Məhz Nizami Gəncəvidən dünya
miqyasında bəhrələnərək "Leyli və Məcnun"
kimi neçə-neçə məhəbbət dastanı
yazılmışdır. Nizami Gəncəvinin
"Leyli və Məcnun"dan başqa "Xosrov və
Şirin" poemasının da əsas cizgi xətlərinə
baxdıqda görürsən ki, onun Şeksprin əsərlərinə
ilhamverici təsiri olubdur.
Nizaminin nüfuzu silah gücündə və
siyasi gücdə deyil, Nizaminin nüfuzu məhəbbət və
ülvi münasibətlərin və ali
hisslərin üzərində qurulmuş bir qüvvədir. Mən burada seyr etdiyim heyrətamiz tədbirlərlə
çox təsirlənmişəm. Əminəm
ki, bütün qonaqlar da bu tədbirin əhəmiyyəti və
gözəlliyini qədərincə duyurlar.
Səfərim zamanı mən Misirdə
olan mindən çox ədəbiyyatın əlyazmasının
elektronlaşmış nüsxəsini Gəncəyə hədiyyə
etdim. Əminəm ki, bundan sonra
da bizim Nizami Gəncəvi ədəbiyyatının təbliğində
əməkdaşlığımız daha çox olacaq,
çünki bizim hökumətimiz İskəndəriyyə
kitabxanasının rəhbərliyi ilə dünyanın bir
sıra ölkələrində Nizami Gəncəvinin tədbirlərinin
keçirməsini planlaşdırır. Bu
isə bizim çox dəyərli əlaqələrimizə
yeni təkan verəcəkdir.
Roza Otunbayeva -
Qırğızıstan Respublikasının sabiq prezidenti:
- Dahi Nizaminin yubileyi ilə əlaqədar
görülən tədbirlər məni valeh etdi. Bu möhtəşəm təntənələr
göstərir ki, Gəncə bu yubileyə xüsusi
hazırlaşıb. Məhz xalqın əhval-ruhiyyəsinin
yüksək olması nəticəsində biz belə kütləviliyin
şahidiyik. Nizami bizim də iftixar mənbəyimizdir.
Qırğızıstanda 17 min azərbaycanlı
yaşayır. Ona görə istəyirik
ki, biz də belə bir tədbir keçirək. Milli iftixarımız olan "Manas"ın yubileyi
keçiriləndə unudulmaz Heydər Əliyevin
iştirakını, müdrik çıxışını
hamımız fərəhlə xatırlayırıq.
Heydər Əliyev çox gözəl dedi ki, hər sahədə
qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi
müqəddəs bir işdir. Bu işi biz davam
etdirməli, əbədi yaşatmalıyıq. Qaldı Nizami Gəncəvinin dünya miqyasında
yerinə, yurduna bu nurlu insan bütün bəşəriyyətin
fəxridir. Əbəs deyildir ki, hələ
orta əsrlərdə Nizamini poeziyanın Allahı
sayırdılar.
Şərq intibah dövrünün ən
böyük nümayəndəsi Nizami Gəncəvi XII əsrdə
günəşli Azərbaycanda anadan olub və bədii estetik
güc vasitəsilə "Xəmsə"də dünya ədəbiyyatını
və fəlsəfəsini təmsil edib.
Nizamini hər gün, hər yerdə
öyrənməliyik. Nə yaxşı ki,
qonşu Tacikistanın məktəblərində Nizami dərsləri
keçirilir. Bizdə də bu iş təşkil edilsəydi,
çox faydalı olardı. Nizaminin xeyli əsəri
qırğız dilinə tərcümə olunub. Lakin mən belə hesab edirəm ki, bu, hələ
azdır. Nizami əsərlərini farsca
yazsa da, ürəyi həmişə Azərbaycanla
döyünüb. Biz bunu onun hər bir əsərində
çox aydın hiss edirik ki, o, əvəzsiz-bənzərsiz
türk şairidir. Hamımız bu dahi insanla fəxr
edirik.
Yubiley təntənələri
başa çatdı. Qədim Gəncədə
ölməz şairə məhəbbət isə yeni vüsət
alıb. Müxtəlif elm, təhsil, mədəniyyət
ocaqlarında oldum. Hər yerdə söhbət
Nizaminin yubileyindən, dünya şöhrətli şairin ədəbi
irsindən gedir. Neçə yerdə dahi
şairə həsr olunmuş muzeylər açılıb,
guşələr düzəldilib, lövhələr, stendlər,
plakatlar hər yanı bəzəyir. 44
nömrəli bağça-məktəb-liseydə təcrübəli
təhsil işçisi Knyaz Süleymanov deyir ki, yubileydən
sonra muzeyə gələnlərin sayı getdikcə artır.
Yubileyin yekunları ilə əlaqədar olaraq
bu günlərdə toplantı keçirdik. İstər müəllimlər və istərsə
də şagirdlər deyirlər ki, Nizaminin irsinin təbliğini
daim davam etdirmək lazımdır. İlin
sonuna kimi biz yuxarı siniflərdə "Dünya
şöhrətli Nizami" adlı yazı müsabiqəsini
keçirmək fikrindəyik. Şəhərin
digər elm, təhsil və mədəniyyət müəssisələrində
də yubiley başa çatsa da, rəngarəng tədbirlər
davam edir.
Əhməd
İSAYEV
Azərbaycan.-2012.-
7 oktyabr.- S.6.