İkinci
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Gəncədə
keçirilən Beynəlxalq şərab festivalının
açılışında iştirak etmişlər
İkinci
Bakı Beynəlxalq Humanitar Forumunun və I Beynəlxalq şərab
festivalının iştirakçıları oktyabrın
6-da Gəncədə böyük
mehribanlıqla qarşılanmışlar.
AzərTAc xəbər verir ki, qonaqlar əvvəlcə
dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər
Əliyevin abidəsini ziyarət etmiş, önünə
gül dəstələri qoymuşlar. Sonra dahi Azərbaycan
şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edilmiş,
məzarı üzərinə güllər
düzülmüşdür. Şairin həyat və fəaliyyəti
barədə qonaqlara ətraflı məlumat verilmişdir. Məqbərə
ətrafında gəzintidən sonra qonaqlar xatirə
kitabına ürək sözlərini yazmışlar.
Sonra Gəncə Şəhər
İcra Hakimiyyətində "dəyirmi masa" keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı
Elmar Vəliyev qonaqları qədim Nizami yurdunda
salamlamış və qeyd etmişdir ki, bu gün bütün
Azərbaycanda olduğu kimi, Gəncə də öz
simasını dəyişir. Dövlət
başçısının diqqət və
qayğısı sayəsində şəhərin qədimliyi
qorunub saxlanmaqla onun müasirləşməsi istiqamətində
sürətli işlər aparılır. Bu gün yeniləşən
Azərbaycanın nəinki paytaxtında, eləcə də
regionlarında genişmiqyaslı yenidənqurma işləri
görülür. İndi müstəqil Azərbaycan ən
mötəbər tədbirlərin mərkəzinə çevrilmişdir.
Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forum,
Gəncədə keçirilən Beynəlxalq şərab
festivalı buna əyani sübutdur.
Görüşdə Fransanın Yon
vilayətinin ali şurasının prezidenti Andre Villiers,
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov, Paris şəhərinin
7-ci rayonunun meri, Avropa Parlamentinin deputatı xanım Rəşidə
Dati, Fransanın Koqnak şəhərinin meri Mişel
Qurinşa, Beynəlxalq Üzümçülük və
Şərabçılıq Təşkilatının baş
direktoru Federiko Kastelluci və
başqaları çıxış edərək Azərbaycan-Fransa
əlaqələrinin genişləndirilməsində belə
görüşlərin əhəmiyyətini
vurğulamış və bu ilin may ayında Fransada
keçirilən Beynəlxalq şərab festivalını
xatırlatmışlar. Bildirilmişdir ki, Azərbaycan Fransa
üçün əhəmiyyətli ölkədir və o, təkcə
enerji resursları ilə deyil, həm də digər sahələrdə
də əməkdaşlıq üçün əlverişli
tərəfdaşdır.
Görüşdə şəhər
icra hakimiyyəti adından qonaqlara Nizami Gəncəvinin 870
illik yubileyi ilə əlaqədar hazırlanmış xatirə
hədiyyələri təqdim olunduqdan sonra onlar şəhərlə
tanışlıq məqsədilə gəzintiyə
çıxmışlar. Qonaqlar Heydər Əliyev
meydanında, Şah Abbas məscidində, Çökək
hamamda, Cavad xan türbəsində olmuş, əsaslı
şəkildə aparılan yenidənqurmadan sonra istifadəyə
verilmiş Cavad xan küçəsində dahi Azərbaycan
şairi Nizami Gəncəvinin əsərlərinin motivləri
əsasında Gəncə Dövlət Dram Teatrı
aktyorlarının hazırladıqları ədəbi-bədii
kompozisiyaya baxmış, burada qədim el sənətkarlarının
əl işləri ilə tanış olmuşlar.
Şəhərlə
tanışlıqdan razı qalan qonaqlar sonra I Azərbaycan
beynəlxalq şərab festivalının
açılışında iştirak etmişlər.
Açılış mərasimində qonaqlara Azərbaycanın
mədəni dəyərləri, milli musiqisi, milli mətbəx
nümunələri, eləcə də rəsm əsərlərindən
ibarət sərgi təqdim olunmuşdur.
Festivalı giriş sözü ilə
açan Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev qonaqları və şəhər
ictimaiyyətinin nümayəndələrini əlamətdar
hadisə ilə əlaqədar təbrik etmiş, bu mötəbər
festivalın iştirakçılarına uğurlar
arzulamışdır. Bildirilmişdir ki, oktyabr ayı gəncəlilər
üçün əlamətdar aydır. Bu ayda dahi söz
ustası Nizami Gəncəvinin yubileyi qeyd edilir. Bugünkü
festivalın açılışı da məhz belə bir
dövrə təsadüf etmişdir.
Sonra kənd təsərrüfatı
nazirinin müavini Aslan Aslanov, iqtisadi inkişaf nazirinin
müavini Niyazi Səfərov çıxış edərək
müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın
Avropaya inteqrasiyası istiqamətində həyata keçirilən
işlərdən, respublikada
üzümçülüyün, eləcə də şərabçılığın
inkişaf etdirilməsi üçün görülən
işləri diqqətə çatdırmışlar. Natiqlər
qeyd etmişlər ki, "2012-2020-ci illərdə
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı"nın icrası
üzümçülüyün və şərabçılığın
inkişaf etdirilməsinə, eləcə də ixracat
potensialının artırılmasına əlverişli şərait
yaratmaqla yanaşı, şərabçılığın
stimullaşdırılmasına geniş imkanlar
açacaqdır.
Fransanın Yon vilayətinin ali
şurasının prezidenti Andre Villiersin
çıxışı mərasim
iştirakçılarında xoş ovqat
yaratmışdır. Qonaq demişdir ki, mən Azərbaycana gələnə
kimi elə bilirdim ki, şərabın vətəni
Fransadır. Lakin Azərbaycana ilk səfərimdə
gördüm ki, fikrimdə yanılmışam. Şərabın
əsl vətəni elə Azərbaycandır. Bundan sonra bu qədim
diyara bir neçə dəfə səfər etdim və hər
gəlişimdə xalqınızdan xoş münasibət
gördüm və yəqin etdim ki, azərbaycanlılar həm
də dünyada ən mehriban və insanpərvər
xalqdır.
Sonra İqtisadi İnkişaf Nazirliyinin
dəstəyi, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gəncə
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı
ilə keçirilən I Beynəlxalq şərab
festivalının açılışı olmuşdur. Mərasim
iştirakçıları nəfis şəkildə
hazırlanmış ayrı-ayrı pavilyonlarda nümayiş
etdirilən şərab nümunələrindən dekustasiya
etmiş, arzu və təkliflərini bildirmişlər.
Oktyabrın 7-də "RAMADA Plaza"
otelində yerli və xarici şərab
istehsalçılarının iştirakı ilə
"Üzümçülük və şərabçılığın
inkişafı perspektivləri:
qabaqcıl təcrübə və texnologiyalardan istifadə
imkanları" mövzusunda beynəlxalq elmi-praktik konfrans
keçiriləcəkdir.
Azərbaycan.-2012.-
7 oktyabr.- S.6.