Azərbaycan Prezidenti İlham Əliyevin Tərtər, Bərdə, Yevlax və Zərdab rayonlarına səfəri

 

 Prezident İlham Əliyev Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə sahəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak etmişdir

 

 Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri çərçivəsində Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə sahəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Dövlət başçısı yolun texniki göstəricilərini, əvvəlki və sonrakı vəziyyətini, eləcə də 2013-cü ildə yenidən qurulması nəzərdə tutulan yollarla bağlı məlumatları əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, Yevlax-Xocalı-Laçın yolunun Yevlax-Bərdə mənzilinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin əhəmiyyəti bu yolun regional mahiyyət kəsb etməsindədir. Tərtər, Ağcabədi, Bərdə, Ağdam istiqamətində avtomobillərin rahat hərəkətinə imkan verən bu yol həmin bölgələrdə yaşayan insanların mənzil başına vaxtında və təhlükəsiz çatmalarına da imkan yaradır.

Bildirildi ki, yolun birinci texniki dərəcəli hissəsinin uzunluğu 6,4 kilometr, eni 15-20 metrdir. Yolun ikinci texniki dərəcəli hissəsinin uzunluğu 22,6 kilometr, eni 9 metrdir. Yolda texniki dərəcələrə müvafiq olaraq hərəkət zolaqlarının sayı 4-2 nisbətində dəyişir. Asfalt-beton örtüklü yol üzərində iki körpü yenidən qurulmuşdur. Ümumilikdə yolda 160 min ton asfalt-beton örtüyündən istifadə edilmişdir.

Diqqətə çatdırıldı ki, hazırda Bərdə-İstisu avtomobil yolunun Bərdə-Tərtər hissəsinin tikintisi davam etdirilir. İnşasında 80 min ton asfalt-beton örtüyündən istifadə olunacaq yolun uzunluğu 18 kilometrdir. İkinci texniki dərəcəli yolda tikinti işlərinin bu ilin noyabrında başa çatdırılması nəzərdə tutulmuşdur.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev yeni yolun yüksək səviyyədə inşasından razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 9 oktyabr.- S. 1.