Azərbaycan Prezidenti
İlham Əliyev Tərtərdə Gənclər Mərkəzinin
açılışında iştirak etmişdir
Oktyabrın 7-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə
yeni inşa edilən Gənclər Mərkəzinin
açılışında iştirak etmişdir.
Dövlət başçısı mərkəzin
rəmzi açılışını bildirən lenti kəsdi,
burada yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, bu gün ölkəmizdə
savadlı, bilikli, intellektual, vətənpərvər ruhlu gənclərin
yetişməsi məsələsinə xüsusi diqqət
yetirilir. Məhz bundan ruhlanan gənclərimiz siyasət,
iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və
digər sahələrdə Azərbaycanı dünyada layiqincə
təmsil edirlər.
Diqqətə çatdırıldı
ki, ümumi sahəsi bir hektar olan mərkəzin tikintisinə
bu ilin mayında başlanılmışdır. Mərkəzin
ikimərtəbəli binasının inşası maksimum
keyfiyyətlə və sürətlə həyata
keçirilmişdir. Binanın foyesində ümummilli lider
Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin
və Prezident İlham Əliyevin Tərtərə səfərlərini,
rayon zəhmətkeşləri ilə görüşlərini,
həmçinin gənclərə göstərdikləri diqqət
və qayğını əks etdirən fotostendlər
qurulmuşdur.
Qeyd edildi ki, mərkəzdə hər
cür şəraitin olduğu gənclər kafesi
yaradılmışdır. Mərkəzin 112 yerlik iclas
zalı da müasir standartlara cavab verir. Zalda rayon miqyaslı
müxtəlif tədbirlər keçirmək də
mümkündür. Bundan başqa, mərkəzin birinci mərtəbəsində
müasir avadanlıqla təchiz edilmiş karaoke-diskoteka və
virtual-rinq otaqları da yaradılmışdır. Virtual-rinq
otağında gənclərin müxtəlif intellektual oyunlar
keçirmələri üçün zəruri sistem
qurulmuşdur. Mərkəzdəki tir otağı da müasir
standartlar səviyyəsindədir. Beşzolaqlı tirdə gənclər
idmanın atıcılıq növünə daha yaxşı
yiyələnmək üçün imkan əldə edirlər.
Otaqdakı virtual tir böyük maraq doğurur. Gənclər
dünyanın aparıcı şirkətlərinin
istehsalı olan xüsusi lazer effektli tirdən də istifadə
edə biləcəklər. Mərkəzdə ən son
texnoloji avadanlıqla təchiz edilən 30 nəfərlik 3D
kino zalı, xarici dillər və linqafon otağı, həmçinin
fotostudiya da vardır. Bundan başqa, burada gənclərin
müxtəlif tədbirlər keçirmələri
üçün konfrans zalı da yaradılmışdır.
Gənclər Mərkəzinin həyətində
mini stadion inşa edilmiş, ətraf
abadlaşdırılmış, fəvvarə
quraşdırılmış, müasir işıqlandırma
sistemi yaradılmış, geniş yaşıllıq işləri
görülmüşdür.
Mərkəzlə tanışlıqdan
sonra dövlət başçısı burada bölgə gənclərinin
nümayəndələri ilə görüşdü. Azərbaycan
Prezidenti İlham Əliyev görüşdə
çıxış etdi.
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 2.