Azərbaycan
Prezidenti İlham Əliyev Tərtərdə Gənclər Mərkəzinin
açılışında iştirak etmişdir
Prezident
İlham Əliyevin çıxışı
- Mən
sizi ürəkdən salamlayıram, ilk növbədə, Tərtərdə
yeni tikilmiş Gənclər Mərkəzinin
açılışı münasibətilə təbrik edirəm.
Tərtərli gənclər gərək bu mərkəzdən
səmərəli istifadə etsinlər.
Bildiyiniz kimi, indi Azərbaycanda gənclər
mərkəzlərinin tikintisi geniş vüsət
almışdır. Hər bir rayonda müasir standartlara cavab
verən Gənclər Evi, Gənclər Mərkəzi
yaradılmalıdır. Artıq bu proses
başlamışdır, uğurla gedir. Əminəm ki,
yaxın illərdə hər bir rayonda belə gözəl mərkəzlər
olacaqdır. Bu binalar həm rayonlara əlavə gözəllik
verir, çox yaraşıqlı binalardır, müasir
memarlıq üslubunda tikilir, eyni zamanda, burada gənclərin
asudə vaxtlarını səmərəli keçirmələri
üçün bütün imkanlar vardır.
Bütövlükdə, Azərbaycanda gənclər
siyasəti çox uğurlu aparılır. Bu siyasətin təməlini
ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü
ilə gənclər siyasətinin əsas konturları müəyyən
edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət
çox uğurla aparılmışdır. Artıq bu illər
ərzində, müstəqillik dövründə gənclər
yetişiblər və ölkəmizin həyatında
mühüm rol oynayırlar.
Dövlətin siyasəti ondan ibarətdir
ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə
bağlı olsunlar və ölkəmizin gələcək
inkişafına töhfələrini versinlər. Gənclərin
vətənpərvərlik ruhunda böyümələri də
çox mühüm əhəmiyyət daşıyır.
Azərbaycan 21 ildir ki, müstəqil
dövlətdir. Müstəqilliyimizin əsasları artıq
çox möhkəmdir. Gənclər də bu ruhda, milli ruhda
böyüməlidirlər. Xüsusilə, qloballaşan
dünyada buna böyük ehtiyac vardır. Bizim
üstünlüyümüz ondan ibarətdir ki, vətəndaşlarımız,
xalqımız öz milli-mənəvi dəyərlərinə
çox bağlıdır. Uzun illər, əsrlər boyu
başqa imperiyaların, ölkələrin tərkibində
yaşamağımıza baxmayaraq, biz milli mənliyimizi qoruya
bilmişik, ilk növbədə, milli dəyərlər
hesabına. Ona görə indiki zəmanədə biz artıq
müstəqil dövlətik və Azərbaycanın gələcəyi,
taleyi xalqımızın əlindədir. Dünyada gedən
proseslər onu göstərir ki, bəzi hallarda qloballaşma
adı altında xoşagəlməz meyillər də üzə
çıxır. Buna davam gətirmək, bu xoşagəlməz
meyillərin qarşısını almaq üçün, ilk
növbədə, milli-mənəvi dəyərlər ön
plana çıxmalıdır. Mən şadam ki,
bütövlükdə Azərbaycan gəncləri öz Vətənlərinə
bağlıdırlar, Vətən eşqi ilə
yaşayırlar və bu meyillər nəsildən-nəslə
keçməlidir.
Mən bu yaxınlarda Bakıda
yaradılan yeni ali məktəblərin
açılışlarında həm təhsil, həm
ümumiyyətlə, humanitar məsələlərlə
bağlı fikirlərimi kifayət qədər geniş
bildirmişəm, təkrar etmək istəmirəm. Ancaq onu
bir daha qeyd etmək istəyirəm ki, gənclərin hərtərəfli
hazırlığı üçün, ilk növbədə,
bilik öz rolunu oynamalıdır. Hər bir gənc bilməlidir
ki, onun taleyi öz əlindədir, bilik səviyyəsindən
asılıdır.
Azərbaycan azad ölkədir, azad cəmiyyətdir.
İqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri əsasında
qurulubdur. Hər bir vətəndaş üçün
bütün imkanlar vardır. Bilik olmadan indi həyatda layiqli
yer tutmaq çətin olar. Buna görə mən həmişə
gənclərlə görüşlərimdə bu məsələyə
diqqət yetirirəm. Sadəcə olaraq, bu, bir şüar
deyildir, doğrudan da, hər bir gəncin fəaliyyəti, gələcəyi
üçün, ilk növbədə, bilik çox vacibdir.
Nəzərə alsaq ki, indi Azərbaycanda
bu sahədə islahatlar aparılır, yeni texnologiyalar tətbiq
edilir, gənclərimiz də bütün müasir texnologiyalara
hazırlıqlı olmalıdırlar. Yəni, dünya bu
istiqamətdə inkişaf edir. Dünyanın gələcəyi
ancaq biliyin səviyyəsi ilə bağlıdır. Bu gün
bu, özünü büruzə verir. Əminəm ki, 10, 20
ildən sonra bilik və texnoloji tərəqqinin səviyyəsi
hər bir ölkənin inkişafını müəyyən
edəcəkdir.
Dünyada rəqabət gedir və
ölkələr bir-biri ilə rəqabət aparır. Bəzi
hallarda bu rəqabət sivil yollarla aparılır, bəzi
hallarda bu, toqquşmalara, müharibələrə gətirib
çıxarır. Ona görə, hər bir cəmiyyətin
inkişafı, ilk növbədə, bilavasitə intellektual səviyyə
ilə bağlıdır.
Mən qeyd etmişəm, bir daha demək
istəyirəm ki, Azərbaycanda bütövlükdə
intellektual səviyyə lazımi yerdədir. Ancaq bu, daimi prosesdir. Biz əldə
edilmiş uğurlarla kifayətlənməməliyik.
Elmin inkişafı da çox vacibdir. Əlbəttə,
Azərbaycan hələ ki elmi-texniki tərəqqi istiqamətində
təşəbbüskar rolunu oynaya bilməz. Ancaq Azərbaycanda
dünyada mövcud olan ən müasir texnologiyalar, ən
gözəl yeniliklər tətbiq edilməlidir. Bu yenilikləri
tətbiq edə biləcək şəxslər, insanlar
olmalıdır. Əgər cəmiyyətin ümumi
intellektual potensialı aşağıdırsa, onda bizim
heç bir təşəbbüsümüz uğur gətirə
bilməz. Cəmiyyətin ümumi intellektual potensialı
yüksək olmalıdır.
Yeni texnologiyalar gətirilməlidir. Gənclər
peşəkar olmalıdırlar. Əvvəlki dövrdə -
sovet dövründə ixtisaslaşma özünü çox
qabarıq şəkildə büruzə verirdi. Bu gün
müasir menecerlərin hazırlanması çox vacibdir və
bu istiqamətdə ölkəmizdə işlər gedir.
Mən gənclərin ictimai həyatda fəaliyyətinə
də böyük ümidlərlə baxıram. Gənclər
daim cəmiyyətin ən fəal üzvləridirlər. Bu fəallıq
davam etdirilməlidir. Ölkəmizdə ictimai proseslər
çox müsbət istiqamətdə gedir. Gənclər də
bu proseslərin gücləndirilməsində öz rolunu
oynayırlar və ölkəmizin dünyada
tanıdılması işində ön plana
çıxırlar. Bizim üçün ən
ağrılı problem olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin dünya birliyinə
çatdırılması üçün gənclər də
öz rolunu oynayırlar. Xocalı soyqırımını
tanıtdırmaq prosesi artıq başlamışdır.
Üç ölkə Xocalı soyqırımını
tanıyıb və gənclərin bu işlərdə rolu
çox müsbətdir.
Xaricdə yaşayan və oxuyan gənclərimiz
müxtəlif aksiyalarda, müxtəlif tədbirlərdə fəal
iştirak edirlər. İndi bizim diaspor təşkilatlarımız
güclənib, formalaşıb və dünyanın istənilən
nöqtəsində aksiya keçirməyə qadirdirlər.
Bu aksiyalara televiziya vasitəsilə tamaşa edərkən
görürük ki, orada da ön planda gənclərimizdir. Yəni,
gənclər həmişə fəal olurlar və bu fəallıq
müsbət istiqamətə yönəldilməlidir.
Mən çox şadam ki, gənclərimiz
ölkəmizin hərtərəfli inkişafında öz
rolunu oynayırlar. Gənclər vətənpərvərdirlər,
vətənə bağlıdırlar, milli ruhda tərbiyə
alırlar, gələcəkdə ölkəmizi uğurla idarə
etmək üçün indidən
hazırlaşmalıdırlar. Hərə öz yerində, çünki bu, daimi
prosesdir.
Bu gün Azərbaycan dünya miqyasında
layiqli yer tuta bilibdir. Bizimlə hesablaşırlar. Bizim təşəbbüslərimiz
bölgədə həlledici rol oynayır. Nəsillər dəyişir,
hər yeni nəsil əvvəlki nəsildən daha da
hazırlıqlı, daha da peşəkar olmalıdır. Belə
olarsa, onda ölkəmizin uzunmüddətli inkişafı
çox uğurlu ola bilər. Hər bir ölkənin gücünü heç də onun
təbii resursları müəyyən etmir. Baxmayaraq ki, müəyyən
mərhələdə bu da vacibdir. İnsanların peşəkarlığı,
ilk növbədə, intellektual potensial və vətənpərvərlik
əsas anlayışlardır ki, bunlar hər bir ölkənin
uğurunu şərtləndirir. Ona görə peşəkarlıqla
yanaşı, əlbəttə, dövlətimizin ideoloji əsaslarının
möhkəmləndirilməsi üçün gənclər
də öz töhfəsini verməlidirlər. Mən bunu
görürəm, bunu alqışlayıram və
çalışıram ki, gəncləri qabağa çəkək.
Bu proses artıq sürətlə gedir.
Gənclər biznes sahəsində
çox fəaldırlar. Çünki Azərbaycanda iqtisadi
sahədə çox güclü və təsirli inkişaf
gedir. Əlbəttə, biznes imkanlarımız da genişlənəcəkdir.
Hazırda Azərbaycan iqtisadiyyatı
dünya miqyasında aparıcı iqtisadiyyatlar
sırasındadır. Rəqabət qabiliyyətliliyə
görə biz dünya miqyasında 46-cı yerdəyik. MDB məkanında
birinci yerdəyik. Rəqabət qabiliyyətlilik heç də
neft-qaz hasilatı ilə ölçülmür. Bu,
aparılan islahatların mahiyyətini göstərir. Yəni,
iqtisadiyyatımız indi geniş biznes fəaliyyətinin
aparılması üçün bütün imkanları
ortaya qoyur. Mən görürəm ki, biznes
strukturlarının əksəriyyətinin rəhbərliyində
gənclərdir. Mən bunu çox bəyənirəm,
alqışlayıram. Hesab edirəm ki, gələcəkdə
bu proses daha da sürətlə getməlidir.
Eyni zamanda, milli ənənələrimizi,
mədəniyyətimizi yaşatmaq üçün də gənclər
öz rolunu oynayırlar. Milli musiqimizin təbliği ilə,
digər tədbirlərlə bağlı gənclərin fəallığını
görəndə mən çox sevinirəm. Məsələn,
muğam müsabiqələrinin keçirilməsi çox
gözəl bir təşəbbüsdür, gözəl tədbirdir.
Nəinki gənclərin, balaca uşaqların gözəl
ifaçılıq qabiliyyətini görəndə adam
sevinir, görür ki, doğrudan da, Azərbaycan xalqı
öz istedadını bütün dünyaya təqdim edir.
Öz mədəniyyətinə, musiqisinə, ədəbiyyatına
bağlı olan insan şübhəsiz ki, vətənpərvər
insan olacaqdır.
Mənim gənclərlə
görüşlərim mütəmadi xarakter
daşıyır - həm Bakıda, həm bölgələrdə.
Bu gün biz bu gözəl mərkəzdə bölgə gənclərinin
toplantısını keçiririk. Mən əminəm ki, siz
hərəniz yaşadığınız yerlərdə
ölkəmizin ümumi inkişafına öz töhfənizi
verəcəksiniz.
Mən rayonlarda tez-tez oluram. Bizim regional
inkişaf proqramımız bu rayonlarda uğurla icra edilir.
Görürsünüz şəhərlər necə gözəlləşir,
abadlaşır, yollar çəkilir, sosial infrastruktur
yaradılır. Bu, ölkəmizin ümumi
inkişafıdır. Ümumi inkişafımız bundan
sonrakı illərdə də çox sürətli
olacaqdır və ölkəmiz dünya miqyasında öz
mövqeyini daha da möhkəmləndirəcəkdir.
Bir daha sizi ürəkdən
salamlayıram, gözəl binanın
açılışı münasibətilə sizi təbrik
edirəm.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı
Gənclər Birliyinin sədri Amil CAVADOV
çıxış edərək dedi:
- Cənab Prezident, mən Sizi Ağdam gəncləri
adından salamlayıram. Mütəmadi olaraq gənclərlə
bu cür görüşlər keçirdiyinizə görə
Sizə minnətdarlığımızı bildiririk.
Cənab Prezident, mən bir Azərbaycan gənci,
həmçinin də torpağı işğal altında
olan qarabağlı gənc kimi Sizə bildirmək istəyirəm
ki, biz gənclər Sizin Qarabağımızın azad
olunması yolunda atdığınız addımları daim dəstəkləyirik
və Ali Baş Komandanımızın hər an "İrəli"
əmrini gözləyirik.
Cənab Prezident, artıq iyirmi ilə
yaxın bir zamanda torpaqlarımızın geri
qaytarılması ilə bağlı aparılan
danışıqlarda işğalçı Ermənistan
dövləti müxtəlif bəhanələr gətirməklə
sülh prosesinə mane olmağa, eyni zamanda, mövcud vəziyyətin
uzadılmasına çalışır. Hətta son olaraq Azərbaycan
Ordusunun zabiti Ramil Səfərovun ölkəmizə verilməsi
və Sizin tərəfinizdən əfv olunmasını
aparılan sülh danışıqlarına mənfi təsir
kimi təbliğ edirlər. Xahiş edirik, buna münasibətinizi
bildirəsiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun, əyləşin.
Mən dəfələrə bu barədə öz fikrimi
bildirmişəm və bir daha demək istəyirəm, Ermənistanın
əsas məqsədi ondan ibarətdir ki, bu münaqişə
öz həllini tapmasın. Hələ bir neçə il əvvəl
Minsk qrupunun həmsədrlərinə öz fikrimi
bildirmişdim və demişdim ki, məndə yaranan təəssürat
bundan ibarətdir. Çünki əgər Ermənistan rəhbərliyi
münaqişənin həllini istəsəydi, buna nail olmaq
çox asandır. Müxtəlif variantlar təklif
edilmişdi və 2009-cu ilin sonunda ATƏT-in xarici işlər
nazirlərinin toplantısında yeni təqdim edilmiş variant
Azərbaycan tərəfindən prinsip etibarilə qəbul
edilmişdi və bu barədə Azərbaycan rəsmi qaydada
öz mövqeyini bildirmişdi.
Bu variant nədən ibarət idi, bu barədə
artıq mən dəfələrlə öz fikirlərimi
bildirmişəm. Bütün işğal edilmiş rayonlardan
erməni silahlı qüvvələrinin
çıxarılması, Azərbaycan köçkünlərinin
o torpaqlara qayıdışı, Ermənistan ilə
Dağlıq Qarabağ arasında dəhlizin fəaliyyəti,
sülhməramlı qüvvələrinin bölgəyə gətirilməsi
nəzərdə tutulurdu və Dağlıq Qarabağın gələcək
statusu qeyri-müəyyən bir vaxtda müəyyən
olunacaqdı. Status nədən ibarət olacaqdı? Verilən
təklifdə bu, göstərilmirdi. Hesab edirəm ki, bu,
düzgün yanaşma idi. Çünki bu, gələcəyin
işidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz
torpağıdır, tarixi torpağımızdır, əzəli
torpağımızdır və bu gün Dağlıq
Qarabağda yaşayan ermənilər gələcəkdə
vahid Azərbaycan dövləti çərçivəsində
yaşayacaqlar. Mən buna şübhə etmirəm.
Ermənistan tərəfi hesab edir ki,
Dağlıq Qarabağ nə vaxtsa müstəqil dövlət
olacaqdır. Bu, xülyadır, bu, fantaziyadır, bu, heç
vaxt mümkün olmayacaqdır. Dünya birliyi Dağlıq
Qarabağı Azərbaycan torpağı kimi tanıyır və
bütün vacib beynəlxalq təşkilatların sənədlərində
bu, öz əksini tapıb. Bu yaxınlarda Qoşulmama Hərəkatının
qətnaməsində də - o Hərəkatda 120 ölkə
cəmləşir, yəni, dünya birliyinin əksəriyyətidir,
- məsələnin ərazi bütövlüyü çərçivəsində
həll olunması nəzərdə tutulur. Bu ilin mayında
Çikaqoda keçirilən NATO zirvə
görüşündə son bəyanatda yenə də
münaqişənin Azərbaycanın ərazi və ancaq ərazi
bütövlüyü çərçivəsində həlli
nəzərdə tutulur. Əlbəttə, bilirsiniz ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələri və s.
vardır.
Yəni, bu, birmənalı
yanaşmadır və mən şübhə etmirəm ki,
vaxt gələcək və Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir. Yəni,
o təklifə biz prinsip etibarilə
müsbət baxmışdıq. Çünki hesab edirdik ki,
bu, ədalətli təklifdir. Ermənistan isə buna etiraz
etmiş, bu təklifi qəbul etməmiş və ondan sonra
müxtəlif yollarla verilən təklifə dəyişikliklər
etmə cəhdləri göstərmişdir.
Münaqişənin həllinə gəldikdə,
biz bir neçə ay bundan əvvəl həmsədr ölkələrin
dövlət başçılarının bəyanatını
eşitdik ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir.
Çox müsbət bəyanatdır. Münaqişənin
ilkin mərhələlərində belə bəyanatlar əfsuslar
olsun ki, verilməmişdir. Ancaq bu bəyanatdan sonra real
addımlar olmalıdır. Yoxsa bu bəyanat havada
qalacaqdır. Status-kvonun dəyişdirilməsi erməni
qoşunlarının işğal olunmuş torpaqlardan
çıxarılması deməkdir. Status-kvo başqa necə
dəyişə bilər? Biz Ermənistan torpağını
zəbt etməmişik ki, nəyisə dəyişək,
hansısa güzəştə gedək. Ancaq əfsuslar olsun
ki, bu bəyanatdan sonra hələ ki konkret addımlar
atılmır.
Qeyd etdiyiniz kimi, Ramil Səfərov məsələsi də həm ermənilər
tərəfindən, həm də əfsuslar olsun ki, bəzi
xarici dairələr tərəfindən bir bəhanə kimi
ortaya qoyuldu və bu məsələyə görə
danışıqlar indi dalana dirənib. Danışıqlar dalana dirənib
ona görə ki, Ermənistan status-kvonu dəyişdirmək
istəmir. Ermənistan öz diasporunun gücünə
arxayındır və hesab edir ki, bu status-kvonu əbədi
saxlaya bilər. Ramil Səfərovun məsələsi elə
bil ki, həm onlara, həm bu məsələ ilə məşğul
olan bəzi xarici ölkələrə imkan verdi ki, artıq
Azərbaycanı qınasınlar, sanki Azərbaycan
danışıqlar prosesinə zərbə vurur. Biz 2009-cu
ilin sonunda ATƏT-in Minsk qrupu tərəfindən verilmiş
yeniləşmiş Madrid prinsiplərinin əsas parametrlərini
qəbul etdik, Ermənistan etiraz etdi. Bu, ədalətsizlikdir və
biz bu vəziyyətlə barışa bilmərik. Heç
vaxt imkan verə bilmərik, belə rəy formalaşsın
ki, guya Azərbaycanın addımları
danışıqların uğursuzluğuna gətirib
çıxarır. Bu, belə deyil və bu ədalətsiz
mövqe üstünlük qazana bilməz.
Ramil Səfərov məsələsinə
gəldikdə, bir daha demək istəyirəm ki, hər
şey qanun çərçivəsində həll edilibdir.
Avropanın qəbul etdiyi konvensiyalar əsasında ekstradisiya
məsələsi həll olundu və Azərbaycan
Konstitusiyası əsasında Ramil Səfərov mənim tərəfimdən
əfv edildi. Bu, çox düzgün qərar idi və mən bir daha demək istəyirəm
ki, əgər lap o vaxt bilsəydim ki, ermənilər və onların havadarları belə
hay-küy qaldıracaqlar, yenə də mən Ramil Səfərovu
Azərbaycana gələn kimi əfv edəcəkdim.
Azərbaycan öz zabitini Vətənə
qaytardı. Ən vacib məsələ bundan ibarətdir. Ermənilər
nə deyir desinlər, bu, məni qətiyyən
maraqlandırmır. Onların havadarları nə deyir desinlər,
bu, məni maraqlandırmır, mən bu bəyanatlara əhəmiyyət
vermirəm və Azərbaycana edilən əsassız hücumların
heç biri cavabsız qalmamışdır.
Avropa Parlamenti əfsuslar olsun ki, ikinci dəfə
antiazərbaycan qətnamə qəbul edir. Azərbaycanın
Milli Məclisi onlara layiqli cavab verdi, Prezident Administrasiyası
da layiqli cavab verdi. Digər beynəlxalq təşkilatlar,
Avropa Şurasının baş katibi, - o adam ki, ümumiyyətlə,
humanizmin keşiyində durmalıdır, insan haqlarının
qorunmasının keşiyində
durmalıdır, - Avropa Şurası əvvəlki illərdə
bəzi hallarda humanitar əsaslar
bəhanə gətirərək Azərbaycan dövlətini məcbur
edirdi ki, cinayət törətmiş insanları əfv etsin,
yəni cinayətkarları əfv etsin. Yaxşı, Ramil Səfərov
doqquz ilə yaxın həbsdə yatdı, yəni artıq
onun əfvi bütün mənəvi, siyasi, hüquqi cəhətdən
tamamilə əsaslıdır.
Ancaq biz nəyi görürük? Yenə ikili standartlar
siyasətini görürük. Əgər, mən tam əminliklə
deyirəm, erməni zabiti Azərbaycan zabitini öldürsəydi,
bax əgər tamamilə əks vəziyyət olsaydı,
heç vaxt bu qədər
hay-küy qalxmazdı. Bizə qarşı ikili standartlar siyasəti
aparılır, bu, reallıqdır, bu siyasətin səbəbləri var,
hamımız bu səbəbləri bilirik.
Ancaq yenə də deyirəm, bizi
tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycan
müstəqil dövlətdir, beynəlxalq təşkilatlarda
fəaliyyət göstərir və aparıcı beynəlxalq
təşkilatlar Azərbaycanın mövqeyini müdafiə
edir. BMT, onun Baş Məclisi Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı bizim
maraqlarımıza uyğun olan qətnamə qəbul
etmişdir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə
qəbul etmişdir. Qoşulmama Hərəkatı, hansı
ki, 120 ölkəni birləşdirir, bizim mövqeyimizi dəstəkləmişdir.
İslam Əməkdaşlıq Təşkilatı bizim
mövqeyimizi dəstəkləmişdir. Ona görə biz,
yenə də deyirəm, tutduğumuz yoldan dönməyəcəyik,
ermənilərin qaldırdığı hay-küy heç
bir əhəmiyyətə malik deyildir. Biz onu, ümumiyyətlə,
heç nəzərə almırıq. Bəzi Avropa siyasətçilərinin
əsassız hücumları da cavabsız qalmayacaq və
qalmır.
Goranboy şəhər 2 nömrəli orta
məktəbin XI sinif şagirdi Xədicə MƏMMƏDLİ
dedi:
- Hörmətli cənab Prezident! Mən
ilk növbədə, Sizi Goranboy gəncləri adından
salamlayıram! Sizə gənclərə göstərdiyiniz
diqqət və qayğıya görə təşəkkürümü
bildirirəm. Cənab Prezident, son dövrdə Sizin
tapşırıqlarınıza əsasən Azərbaycanda təhsil
sahəsində yüksək səviyyəli və ən
müasir maddi-texniki bazanın yaradılmasının
şahidiyik. Xüsusilə bölgələrdə inşa
edilən təhsil müəssisələrinin artması
dövlətimizin təhsilə göstərdiyi diqqət və
qayğının nəticəsidir. Bu isə bizim daha
böyük biliklər almaq imkanımızı
artırır. Lakin buna baxmayaraq, təhsil sahəsində bir
sıra problemlər yaşanmaqdadır. Biz buna bölgə məktəblərində
elektron kitabxanaların sayının az olmasını və
internetə çıxış sürətinin
aşağı olması kimi səbəbləri misal göstərə
bilərik. Cənab Prezident, bizim üçün
maraqlıdır, təhsil sahəsində islahatlar davam etdiriləcəkmi?
Prezident
İlham ƏLİYEV: Şübhəsiz, davam etdiriləcəkdir.
Bütövlükdə bütün sahələrdə
islahatlar davam etdirilməlidir. Yəni, islahatlar elə bir
anlayışdır ki, onların sonu yoxdur. Siyasi islahatlar,
iqtisadi islahatlar, əlbəttə ki, təhsil sahəsində
islahatlar aparılmalıdır. İslahat yenilik deməkdir. Həyat
yerində durmur, həyat davam edir, dünya inkişaf edir.
İslahat, sadəcə olaraq, düzgün addımın
düzgün vaxtda atılması deməkdir. Təhsil sahəsində
son illərdə islahatlar aparılmışdır.
Qeyd etdiyiniz kimi, təhsilin maddi-texniki
bazası böyük dərəcədə möhkəmləndirilmişdir.
Bölgələrdə 2200-dən çox məktəb
tikilmişdir. Bakı şəhərində gələn ilin
sonunda bir dənə də olsun qəzalı vəziyyətdə,
təmirsiz məktəb qalmayacaqdır. Bölgələrə
gəldikdə, əfsuslar olsun ki, hələ bölgələrdə
qəzalı vəziyyətdə məktəblər
vardır. Hər bir rayona getməzdən əvvəl mənə
verilən arayışda, xüsusilə mən deyirəm
göstərilsin ki, neçə məktəb qəzalı vəziyyətdədir?!
Biz bunu bilirik. Bu problem var. Problem bu gün yaranmayıb və
demək istəyirəm ki, son 8-9 ildə 2200-dən çox məktəbin
tikintisi bu problemin tədricən aradan qaldırılmasına
kömək göstərmişdir.
Məktəblərin müasir
avadanlıqlarla təchiz edilməsi əlbəttə ki,
çox vacib məsələdir. İndi kompyuterləşmə
prosesi gedir. Əgər 10 il bundan əvvəl 1000 şagirdə
bir kompyuter düşürdüsə, indi təqribən 30, bəlkə
ondan da az şagirdə bir kompyuter düşür. Yəni ki,
kompyuterləşmə gedir, kəndlərə qədər
internet çəkilir. Genişzolaqlı internet çəkilir. Azərbaycan
internetin genişlənməsi istiqamətində bölgədə
ən sürətlə inkişaf edən ölkədir.
Statistikaya görə, əhalimizin 65 faizi internet istifadəçisidir.
Əlbəttə, bu işlər davam etdiriləcəkdir. Amma
bu, məsələnin texniki və maddi tərəfidir.
Biz təhsilə böyük investisiyalar
qoyuruq. Bundan sonra da qoyacağıq, informasiya-kommunikasiya
texnologiyalarının inkişafına investisiya qoyuruq.
Dövlət öz tərəfindən maddi-texniki bazanı
gücləndirir. Təhsilin keyfiyyətinə gəldikdə,
əlbəttə, burada islahatlar daha da əsaslı
olmalıdır. Bütövlükdə cəmiyyətimizin
intellektual səviyyəsi yüksəkdir, ancaq bu sahədə
də hər hansı uğurla kifayətlənmək olmaz. Tədris
prosesinə, təhsilin səviyyəsinə əlbəttə
ki, yenidən baxılmalıdır. Elə etməliyik ki, orta
məktəbi bitirən insan, doğrudan da
hazırlıqlı, bilikli olsun.
İlkin bilik bazası orta məktəbdə
formalaşır. Kompleks tədbirlər əlbəttə ki,
burada öz rolunu oynayır. Ali məktəblərdə müəllimlərin
hazırlanması, onların məsuliyyəti, ailələrdə
bu məsələyə verilən diqqət və dövlət
tərəfindən ayrılan investisiyalar, məqsədyönlü
şəkildə aparılan islahatlar əminəm ki, yaxın
illərdə təhsildə
daha da ciddi irəliləyişə gətirib
çıxara bilər.
Bakı Dövlət Universiteti hüquq
fakültəsinin IV kurs tələbəsi Kamal MƏMMƏDZADƏ
dedi:
- Möhtərəm Prezident! Tərtər
gəncləri adından Sizi salamlayır və rayonumuza
"Xoş gəlmisiniz!" deyirik. Cənab Prezident! Biz
bilirik ki, Siz hər zaman gənclərimizə
xüsusi diqqət və qayğı göstərirsiniz.
Müasir Gənclər Mərkəzinin rayonumuzda tikilməsi
bunun bariz nümunəsidir. Möhtərəm Prezident, sıx
iş qrafikinizin olmasına baxmayaraq, biz gənclərlə
görüşə vaxt ayırdığınız
üçün Sizə təşəkkürümüzü
və minnətdarlığımızı bildiririk.
Bildiyimiz kimi, ölkəmizdə korrupsiyaya
qarşı ciddi mübarizə gedir. Ölkəmizdə
aparılan quruculuq işlərinə, sosial-iqtisadi sahədə
aparılan islahatlara, eləcə də Azərbaycanın
işgüzar nüfuzuna xələl gətirən korrupsiya
faktlarının aradan qaldırılmasında ciddi tədbirlər
görülür. Lakin məlum son hadisələr korrupsiyaya
qarşı mübarizənin daha da gücləndirilməsi zərurətini
yaradır. Bu haqda Sizin fikrinizi bilmək istərdik.
Prezident İlham ƏLİYEV:
Korrupsiyanı şərtləndirən amillər vardır. Təkcə
inzibati addımlarla bu bəla ilə mübarizə aparmaq
çox çətindir. Çünki inzibati addımlar
atılır, cəza tədbirləri görülür,
insanlar cəzalandırılır, həbs edilir. Ancaq ondan
sonra o yerlərə gələn yeni təyin edilmiş insanlar
da bəzi hallarda müəyyən müddətdən sonra
eyni yolla gedirlər. Ona görə inzibati tədbirlər əlbəttə
ki, davam etdiriləcəkdir. Cəza tədbirləri daha da sərt
olacaqdır. Ancaq bununla bərabər, korrupsiyanı
mümkünsüz etmək üçün yeni üsullar
da artıq işə
salınır. Elektron hökumət, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə tətbiq
edilən yeni sistemlər, qeydiyyat məsələsi, indi yeni
yaradılmış "Asan" xidməti böyük dərəcədə
bu korrupsiyanın qarşısını alacaqdır. Biz
çalışırıq ki, Azərbaycanda şəffaflığı
maksimum dərəcədə tətbiq edək. Bu sahədə
də uğurlara nail olmuşuq. Bizim Dövlət Neft Fondu bu
gün dünya miqyasında ən şəffaf neft fondudur.
Dünyada bu istiqamətdə gedən
islahatlarda biz birinciyik və
Hasilat Sənayelərində
Şəffaflıq Təşəbbüsünün birinci
tamhüquqlu üzvü məhz Azərbaycandır. Yəni, bu, mümkündür, biz bunu
etmişik. Dövlət qurumlarının şəffaflığı
məsələləri əhəmiyyət daşıyır,
yəni, şəffaflıq olan yerdə korrupsiya
üçün meydan daralır. Ona görə, cəza tədbirləri,
inzibati tədbirlər mütləq
davam etdirilməlidir, bu,
reallıqdır, bunsuz mümkün deyildir.
Dövlət siyasəti var, bütün lazımi tədbirlər
görülübdür, bütün göstərişlər verilibdir və hesab edirəm ki, biz
artıq tədricən bu mübarizədə qalib gəlməyə
başlamışıq. Azərbaycanda olan inkişaf dünya
miqyasında bəlkə də heç bir yerdə yoxdur. İlk dəfə
Azərbaycana - istər bölgələrə, istər
Bakıya gələn hər bir qonaq öz təəccübünü gizlədə
bilmir, deyir ki, təsəvvür etmirdik ki, bu dərəcədə
inkişaf etmiş ölkəniz var, bu dərəcədə
yenilik, quruculuq, abadlıq, infrastruktur işləri
aparılır. Eyni zamanda, demək olar ki, ilk dəfə gələn
hər bir xarici qonaq bir şeyi vurğulayır ki, gözəl
insanlarınız var, əhval-ruhiyyə çox gözəldir.
Yəni, bunlar hamısı bizim
üstünlüyümüzdür və bunun fonunda
korrupsiyaya dözümlülük qətiyyən mümkün
deyildir. Mən əminəm ki,
bütün başqa sahələrdə olduğu kimi, bu sahədə
də biz istədiyimizə nail olacağıq.
Tərtər rayonundan 646 balla Azərbaycan
Tibb Universitetinə daxil olan Aygün MƏMMƏDLİ dedi:
- Cənab Prezident, əvvəlcə sizi Tərtər
gəncləri adından salamlayıram və göstərdiyiniz
diqqətə görə təşəkkürümü
bildirirəm. Biz Azərbaycan gənclərinin arzusu hər
zaman yüksək təhsil almaq, təhsilimizi bitirdikdən
sonra isə savadlı kadr kimi
dövlətimizə və xalqımıza xidmət göstərməkdir. Son
dövrlərdə dövlət qurumlarında gəncləşmə
prosesi müşahidə olunur. Bu isə Sizin uğurlu siyasətinizin
məntiqi nəticəsidir.
Bununla yanaşı, sizin sərəncamınız ilə
təsdiq olunmuş "Azərbaycan gəncliyi" Dövlət
Proqramında da gənc kadrlar barəsində müddəalar
vardır. Son dövrlərdə regionlarımızda
sosial-iqtisadi inkişaf sürətlə gedir. Sürətlə
gedən inkişaf isə, biz bilirik ki, kadrlarla birbaşa
bağlıdır. Biz istərdik ki, bu sürətli
inkişaf prosesində gənc kadrların potensialından da səmərəli
şəkildə istifadə olunsun. İstərdik ki, bunlar barəsində
öz fikrinizi bildirəsiniz.
Prezident İlham ƏLİYEV: Burada bizim
mövqeyimiz tamamilə aydındır. Mən bu barədə
dəfələrlə öz fikrimi bildirmişəm. Gəncləşmə
prosesi getməlidir və gedir. Hər bir cəmiyyətdə
bu, olmalıdır. Əgər
bu olmasa, nə olacaq? Durğunluq olacaq. Biz buna imkan verə
bilmərik. Ona görə 2011-2015-ci illəri əhatə edən
Azərbaycan gəncliyi Dövlət Proqramının
icrası məhz bu zərurətdən əmələ gəlibdir.
Proqram çox genişdir və proqramın tərtibatında
gənclər fəal iştirak
etmişlər. Çünki proqram qəbul edilməzdən əvvəl
geniş müzakirələr aparılmışdı, təkliflər
gəlmişdi. Ondan sonra mənə yenidən məruzə
edildi, dedim ki, yerlərdən gələn təkliflər daha
da çox nəzərə alınsın. Beləliklə,
proqram artıq formalaşıb, icra edilir. Gənclər Fondu
yaradılmışdır. Bu da çox vacibdir və
Prezidentin Ehtiyat Fondundan Gənclər Fonduna ilkin olaraq, beş
milyon manat vəsait
köçürülmüşdür. Yəqin ki, gələn
il əlavə vəsait köçürüləcəkdir.
Bu fond vasitəsilə də müxtəlif layihələr
icra edilə bilər.
Peşəkar, bilikli, savadlı, Vətənə bağlı olan
müasir gənclərimizi biz qabağa çəkməliyik.
Amma yenə də burada ən vacib rolu gənclərin
hazırlığı oynamalıdır. Eyni zamanda, yəqin
bilirsiniz ki, bir neçə müddət bundan əvvəl pensiyaya gedəcək
şəxslərin də yaş həddi müəyyən
edildi. Bu da çox vacibdir. Müəyyən yaş həddindən
sonra dövlət qurumlarında işləyən insanlar
pensiyaya getməlidirlər. İstisna hal kimi, onların fəaliyyəti
bir neçə il uzadıla bilər.
Mən yeni müəssisələrin
açılışlarında tez-tez oluram. Yeni biznes sahələrinin
yaradılması ilə bağlı konkret
tapşırıqlar verilir və çox şadam ki, bu sahədə
əsas fəaliyyət göstərən gənclərdir. Həm
bilikli, savadlı, əlbəttə ki, xarici dil bilmək də
çox vacibdir, xüsusilə, internet dövründə
bunsuz mümkün deyildir. Bizim gənclərimiz həm ingilis
dili, həm rus dili, azı iki dil bilməlidirlər və
onların hazırlıq səviyyəsi, peşəkarlığı
elə olmalıdır ki, onlar bütün vacib vəzifələrdə
öz məharətlərini inamla göstərə bilsinlər.
Bərdə şəhər 3 nömrəli
tam orta məktəbin tarix müəlliməsi Gülşən
ORUCOVA dedi:
- Cənab Prezident, ilk növbədə,
Sizi öz adımdan, Bərdə gəncləri adından
salamlayır və gənclərə göstərdiyiniz
yüksək qayğıya görə Sizə minnətdarlığımızı
bildiririk.
Cənab Prezident, bildiyiniz kimi, bu gün Azərbaycanda
sosial şəbəkələrdən istifadə daha geniş
yayılmışdır. İnternetin daha çox
yayıldığı bir dövrdə sosial şəbəkə
artıq yeni bir media növünə çevrilmişdir.
İnsanlar sosial şəbəkədən əsasən
informasiya əldə etmək, həmçinin
informasiyanın paylanması üçün istifadə edirlər.
Bu isə Azərbaycanın hər bir sahədə olduğu
kimi, həmçinin sosial şəbəkə sistemində
olan fikir azadlığının ən gözəl, ən
bariz nümunəsidir. Bugünkü gəncliyimizə nəzər
salsaq, gənclərin bir qismi sosial şəbəkədən
əsasən, əyləncə vasitəsi kimi istifadə edir.
Amma sosial şəbəkədən əsasən, informasiya əldə
etmək, həmçinin Azərbaycanda və dünyada gedən
prosesləri izləmək, paylaşmaq daha əhəmiyyətli
və daha vacibdir.
Cənab Prezident, bu barədə Sizin fikirlərinizi
dinləmək, tövsiyələrinizi eşitmək bizlər
üçün maraqlı olardı.
Prezident İlham ƏLİYEV: Sosial şəbəkələr
nisbətən yeni bir anlayışdır, dünyada geniş
şəkildə yayılır. Azərbaycan açıq
dövlətdir, cəmiyyətimiz açıq cəmiyyətdir,
bütün azadlıqlar var, heç bir məhdudiyyət
yoxdur. Hər şey ancaq qanun çərçivəsində
olmalıdır. Əgər hər şey qanun çərçivəsindədirsə,
heç bir məhdudiyyət ola bilməz. Bizdə mətbuat
azadlığı, vicdan azadlığı, bütün siyasi
azadlıqlar vardır. Azərbaycanda İnternet azaddır. Əgər
ölkələrin statistikasına baxsaq, - yəni harada
internet azaddır, harada yox, - görərik ki, heç də hər
bir dövlətdə azad internet yoxdur. Məhdudiyyətlər,
qadağalar vardır. Bizim dövlətimizin, dövlət
siyasətimizin bu istiqamətdə fəaliyyəti tamamilə
şəffaf və açıqdır.
Mən çox istərdim ki, ilk növbədə,
bu şəbəkələrdən informasiya, bilik əldə
edilməsi üçün istifadə olunsun.
Eyni zamanda, çox istərdim və
xüsusilə mənim gənclərə müraciətim
ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı
bax, bu sosial şəbəkələr vasitəsilə
dünyaya çatdırsınlar. Çünki bəzi
hallarda Azərbaycan haqqında qəsdən
formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət
təşkil edir. Nə üçün bu rəy
formalaşdırılır, biz bunu da bilirik, bunu kim
formalaşdırır, biz onu da bilirik. Bir tərəfdən
dünya erməniliyi, erməni lobbisi Azərbaycanı ləkələmək
üçün, digər tərəfdən Azərbaycan
reallıqlarını həzm edə bilməyən bəzi
siyasi və ictimai qurumlar. Üçüncü təbəqə,
onu da biz açıq deməliyik, islamofobiya xəstəliyinə
düçar olmuş bəzi dairələr, qeyri-hökumət
təşkilatlarıdır ki, onların gündəlik fəaliyyəti
Azərbaycanı qaralamaqdan ibarətdir. Mən onların
adlarını heç çəkmək də istəmirəm.
Ancaq deyə bilərəm ki, onların heç bir şantaj cəhdləri
uğur gətirməyəcək, bütün səylər əbəsdir.
Ancaq bu, var və biz öz ölkəmizi, öz mədəniyyətimizi
təbliğ etmək üçün sosial şəbəkələrdən
geniş şəkildə istifadə etməliyik. Dövlət
bu istiqamətdə öz fəaliyyətini aparır - xaricdə
müxtəlif tədbirlər keçirilir, diaspor təşkilatları
güclənir, səfirliklər öz fəaliyyətlərini
göstərirlər. Mən bilirəm, xaricdə oxuyan gənclərimiz
də çox fəaldırlar, sərgilər, tədbirlər,
konsertlər keçirirlər. Xarici qonaqları dəvət
edirik. Bu günlərdə İkinci Beynəlxalq Humanitar Forum
keçirilmişdir. Cəmi iki il ərzində biz öz təşəbbüsümüzü
artıq real, konkret formata çevirdik. Forumda 10 keçmiş
prezident, 11 Nobel mükafatı laureatı, yüzlərlə
siyasətçi, ictimai xadim iştirak etmişlər. Bu
gün və dünən onlar bölgələrə səfərlər
ediblər, bölgələrlə tanış olublar. Yəni,
bu, bizim əlimizdə olan çox güclü bir tanıtma
imkanımızdır. Ancaq buraya, misal üçün, bu
Foruma 600 nəfər gəlib, hansısa başqa tədbirə
ola bilər 200 nəfər gəlir. Sosial şəbəkələr
vasitəsilə minlərlə, milyonlarla insan Azərbaycanla
tanış ola bilər. Ona görə gənclərdən
xahişim ondan ibarətdir ki, sosial şəbəkələrdən
bu məqsədlə istifadə etsinlər, öz ölkəsi
ilə fəxr etsinlər, öz ölkəsi haqqında
dolğun, dəqiq, qərəzsiz məlumat
ötürsünlər. Bütün dünya da bilsin ki,
insanların sərbəst, bütün xalqların nümayəndələrinin
bir ailə kimi yaşadığı belə bir ölkə
var - Azərbaycan. Bu da əfsuslar olsun ki, heç də hər
bir ölkəyə xas olan məsələ deyildir. Azərbaycanda
inkişaf, tərəqqi var və gələcəyə
baxışlar da çox nikbindir.
Mən sizi bir daha ürəkdən
salamlayır, sizə uğurlar arzulayıram. Sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2012.- 9 oktyabr.- S. 2-3.