Tərtərdə süd
emalı zavodu istifadəyə verilmişdir
Prezident İlham Əliyev müəssisənin
açılışında iştirak etmişdir
Oktyabrın 7-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə süd emalı zavodunun
açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, "Gilan" MMC tərəfindən Tərtər rayonunun Buruc kəndində
inşa edilən süd
emalı zavodunun tikintisi
rayonda sahibkarlığın
inkişafına dəstək olmaqla
yanaşı, süd məhsullarının
müasir tələblərə uyğun keyfiyyətdə istehsalı sahəsində
növbəti
addım olacaqdır. Ümumi ərazisi
1,5 hektar olan zavodun qapalı sahəsi 4,4 min
kvadratmetrdir. Beynəlxalq standartlara
cavab verən avadanlıqla təchiz olunmuş müəssisənin fasiləsiz elektrik enerjisi ilə təmin
edilməsi üçün ərazidə
transformator quraşdırılmışdır.
Prezident İlham Əliyev
zavodu işə saldı.
Müəssisənin
fəaliyyəti ilə tanış olan
dövlət başçısına "Gilan"
holdinqin idarə heyətinin sədri Cəmil
Muradov məlumat verdi ki, sutkalıq emal gücü 20 ton olan zavoda süd
Tərtərin müxtəlif kəndlərindən gətirilir.
Ətraf kəndlərdə beş südtoplama məntəqəsi təşkil edilmişdir.
Məntəqələr soyuducu və mobil generatorlarla təchiz edilmişdir. Satış şəbəkəsi,
müasir tələblərə cavab verən laboratoriyası və digər
xidməti bölmələri olan zavodun istehsal sahəsində
50, südtoplama məntəqələrində
20, satış şəbəkəsində isə 30 nəfər
işləyir. Zavodun istehsal
bölməsində müxtəlif çeşiddə inək
və qoyun pendirləri, qatıq, dovğa, ayran, kəsmik və
digər ağartı məhsulları istehsal
edilir. Müəssisədə pendir istehsalı
avtomatlaşdırılmış qaydada həyata
keçirilir. Bu məhsulların
hər biri burada
yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik
qaydalara uyğun olaraq hazırlanır. Hər bir
məhsul laboratoriyalarda müvafiq
yoxlamalardan keçir.
Dövlət
başçısı burada nümayiş etdirilən hazır məhsulların
nümunələrinə baxdı.
Qeyd edildi ki, müasir havalandırma
sistemi sexlərdə normal
şəraitin təmin edilməsinə imkan
yaradır. Zavodda ağartı məhsullarının
tərkibinin müəyyənləşdirilməsi və
keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən laboratoriya fəaliyyət
göstərir. Hazır məhsullar laborator
müayinədən keçdikdən sonra
xüsusi anbarlara və
soyuducu depoya
yığılır. Yaxın gələcəkdə zavodda istehsal edilən məhsulların
çeşidinin daha da artırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 4.