Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 73-cü ildönümünə əsr edilmiş sərgi açılmışdır

 

 Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli şərqşünas alim, Azərbaycanda qadınlar arasında ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 73-cü ildönümünə həsr edilmiş sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgidə Şərq ruhunu, Qərb düşüncələrini, ərəb Şərq-Qərb sintezi məsələlərini əks etdirən, müxtəlif dillərdə nəşr edilmiş 90-a yaxın kitab, 40-dan çox məqalə və alimin elmi irsinin təhlilinə həsr olunmuş ədəbiyyat nümayiş etdirilmişdir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli tədbir haqqında məlumat vermişdir. Bildirmişdir ki, hər il ənənəvi olaraq AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın anım günü qeyd edilir. Bugünkü sərgi də alimin anadan olmasının 73-cü ildönümünə həsr edilmişdir. Həmçinin MEK tərəfindən A.İmanquliyevanın 70 illik yubileyi münasibətilə görkəmli alimin həyat və yaradıcılığına həsr edilmiş biblioqrafik göstərici də hazırlanmışdır. Alimin 75 illik yubileyi münasibətilə hazırlanmış yeni biblioqrafiya isə yaxın günlərdə çap ediləcəkdir.

Sərgidə A.İmanquliyevanın "Yeni ərəb ədəbiyyatı korifeyləri", "Qələmlər birliyi və Mixail Nuaymə", "Cürban Xəlil Cürban", "Şərq və Qərb: Ortaq mənəvi dəyərləri" və s. kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır.

Tədbirdə həmçinin alimin həyat və yaradıcılığına həsr edilmiş virtual sərgi, videogörüntülər və fotomateriallar da göstərilmişdir.

AMEA MEK-in sərgi zalında açılmış sərgi 15 gün davam edəcəkdir.

 

 

Azərbaycan.-2012.- 11 oktyabr.- S.9.