Dünyanın 20-dən artıq ölkəsinin seysmoloqları Bakıda toplaşmışlar

 

 Oktyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu və respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə təşkilatçılığı ilə Bakıda "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda V Beynəlxalq konfrans öz işinə başlamışdır.

 AzərTAc xəbər verir ki, Azərbaycanda seysmoloji xidmətin 110 illiyinə həsr olunmuş konfransın açılış mərasimində 20-dən artıq ölkənin nümayəndələri, eləcə də respublikamızın elm xadimləri, ali məktəblərin rektorları iştirak etmişlər.

 Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

AMEA-nın akt zalında davam edən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, AMEA-nın Geologiya İnistitunun direktoru, akademik Akif Əlizadə, Beynəlxalq GeodeziyaGeofizika İttifaqının baş katibi, professor Əli İsmayılzadə çıxış edərək Azərbaycanda seysmik müşahidələrə başlanılması tarixindən və seysmologiya üzrə aparılmış  tədqiqatlardan danışmışlar.

Bildirilmişdir ki, 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Nobel qardaşlarının təşəbbüsü ilə Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır.

Qeyd edilmişdir ki, sürətlə inkişaf edən iqtisadiyyatına görə regionun lider dövlətinə çevrilən Azərbaycanda seysmologiya sahəsində də uğular əldə olunmuşdur. Məhz 2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələdən dərhal sonra ulu öndər Heydər Əliyevin göstərişinə əsasən, respublikada seysmik xidmətin işinin modernləşdirilməsi məqsədi ilə tender elan edilmişilkin olaraq RSXM üçün ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 14 dəst telemetrik seysmik stansiya alınmışdır.

Diqqətə çatdırılmışdır ki, seysmoloji tədqiqatların daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün 2008-ci ildən başlayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət tərəfindən maliyyə vəsaiti ayrılmış və Azərbaycanda telemetrik seysmik stansiyaların sayı 31-ə çatdırılmışdır. Bu stansiyaların 4-ü blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası ərazisində yerləşir. 2011-ci ildə əlavə 4 dəst telemetrik seysmik stansiya alınmışdır. Bu il ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiya quraşdırılacaqdır. Bundan əlavə, Azərbaycan ərazisində geofiziki tədqiqatları genişləndirmək məqsədi ilə yeni GPS stansiyaların quraşdırılmasına başlanılmışdır. O da bildirilmişdir ki, 2012-ci ilin mayında Zaqatalada baş verən zəlzələnin fəsadları qısa vaxtda aradan qaldırılmışdır. Prezident İlham Əliyev zəzələdən sonra tikilmiş məktəblərin və digər obyektlərin açılışında iştirak etmişdir.

Vurğulanmışdır ki, AMEA RSXM-də aparılan kompleks tədqiqat işlərinin keyfiyyətinin artması xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlar tərəfindən də maraqla qarşılanır. Mərkəz 20-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir. Dörd  mühüm beynəlxalq seysmoloji təşkilatın - Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutunun (İRİS) ABŞ, Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinin (ORFEUS), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür.

Çıxış edənlər, həmçinin müxtəlif ölkələrin seysmoloqları arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından da konfransın əhəmiyyətini vurğulamışlar.

Açılış mərasimindən sonra konfrans panel iclaslarda işini davam etdirmişdir. "Azərbaycanda seysmoloji və seysmoproqnoz tədqiqatların inkişafı", "GPS məlumatları əsasında Azərbaycanda yer qabığı deformasiyasının 14 illik (1998-2012) monitorinqinin nəticələri" mövzularında məruzələr dinlənilmişdir.

Üç gün davam edəcək konfransda müxtəlif ölkələrin seysmoloq alimlərinin məruzələri dinləniləcək və müzakirələr aparılacaqdır. Eyni zamanda, konfrans iştirakçıları Şamaxı rayonuna səfər edəcəklər.

 

 

Azərbaycan.-2012.- 9 oktyabr.- S. 7.