Leyla ƏLİYEVA: «Rusiya ilə
bizim ortaq cəhətlərimiz çoxdur»
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva "Rossiya-24" telekanalına
müsahibə vermişdir. Müsahibədə fondun işi
barədə, habelə RF ilə əməkdaşlıq
haqqında söhbət açılır.
AzərTAc həmin
müsahibəni təqdim edir.
- Leyla xanım,
Sizinlə burada, Bakıda görüşmək və söhbət
etmək kimi gözəl bir imkan yaratdığınıza
görə Sizə təşəkkür edirəm. Bir
gündən çoxdur ki, buradayıq və hər yerdə
azərbaycanlıların, bakılıların səmimiyyətini,
mehribanlığını və qonaqpərvərliyini
müşahidə edirik. Bu, təkcə ruslara münasibətdə
belədir, yoxsa nə ilə bağlı ola bilər?
- Çox
sağ olun. Sizdən belə sözlər eşitmək
çox xoşdur. Əlbəttə, biz hamıya bu cür
münasibət bəsləyirik, çünki azərbaycanlılar
çox qonaqpərvər insanlardır. Biz qonaqpərvər
xalqıq, bu bizim qanımızda, canımızdadır. Bizə
qonaq gələndə həmişə sevinirik. Ona görə
ki, Azərbaycan həmişə tolerantlığı ilə
məşhur olmuşdur, müxtəlif millətlərə,
dinlərə, mədəniyyətlərə mənsub olan
insanlar əsrlər boyu burada bir böyük ailə kimi
yaşamışlar. Azərbaycanda bu gün də çox
millətlərin nümayəndələri yaşayır,
küçələrdə müxtəlif dillərdə
danışan insanlara rast gəlmək olar. Bizdə müsəlman
məscidi ilə yanaşı, katolik kilsəsi, pravoslav kilsəsi,
yəhudi sinaqoqu vardır, bütün insanlar sülh və həmrəylik
şəraitində yaşayırlar. Mənim fikrimcə, bu,
çox əhəmiyyətlidir, xüsusən müasir
dünyada. Rusiyaya gəldikdə isə, bizi tarix, mədəniyyət
bağlayır, bizim ortaq cəhətlərimiz çoxdur. Azərbaycan
məktəblərində rus dilinin öyrənilməsi bu
gün də tam həcmdə davam edir, bizdə Rus Dram
Teatrı, Bakı Slavyan Universiteti, Rus Mədəniyyət Mərkəzi
fəaliyyət göstərir. Bizdə ümumi cəhətlər
çoxdur və biz rusiyalı qonaqları burada görməyə
həmişə şadıq.
- Çox sağ olun. Leyla xanım. Siz Heydər
Əliyev Fondunun Moskva bölməsinə rəhbərlik
edirsiniz. Bu fondun fəaliyyətinin məqsədlərindən
biri də mədəni mübadilə və Azərbaycanda
mövcud olan dəyərlərin təbliği məsələləridir.
Siz Rusiyadan turistlər cəlb edə bilirsinizmi?
- Bilirsiniz, Heydər Əliyev Fondunun
Rusiyadakı nümayəndəliyi beş il bundan əvvəl
açılmışdır. Fondun dünyada ilk nümayəndəliklərindən
biri məhz Rusiyada açılmışdır. Bu müddətdə
biz həqiqətən çoxlu mədəni layihələr
həyata keçirmişik. Biz daim tələbə mübadiləsi
aparırıq, hər il yayda Rusiyadan Azərbaycana və Azərbaycandan
Rusiyaya 20-30 nəfər dəvət edirik. Professorları,
müəllimləri, pedaqoqları sadəcə, onun
üçün dəvət edirik ki, onlar ölkəmizlə
yaxından tanış ola bilsinlər. Rusiyada isə müntəzəm
surətdə müxtəlif mədəni tədbirlər,
bayramlar keçiririk. Bu yaxınlarda Rusiyada Azərbaycan Mədəniyyət
Mərkəzi açmışıq. Bu müddətdə
orada çoxlu maraqlı tədbirlər keçirmişik.
Bizim yaxşı layihələrimiz çoxdur. Yaxın
vaxtlarda, dəqiq desəm, üç həftə bundan əvvəl
Həştərxanda Azərbaycan-Rusiya dostluq
körpüsü, həmçinin Heydər Əliyev Fondunun dəstəyi
ilə tikilmiş məktəb açılmışdır.
- Sizin fondun fəaliyyətində təhsil
məsələsi geniş yer tutur. Azərbaycandan təxminən
minə yaxın tələbə xaricdə təhsil
alır...
- Bəli, bu, dövlət
proqramıdır. Fonda gəldikdə isə o, ümumiyyətlə,
həyatın müxtəlif sahələrini əhatə edir.
Lakin təhsil çox mühüm sahələrdən biridir
və fond tərəfindən Azərbaycanda 400-ə yaxın
məktəb tikilmiş və təmir edilmişdir. Hər məktəbin
ən müasir texnologiyalarla təchiz olunmuş kompyuter sinfi
vardır. Fond dərsliklər nəşr edir, məktəbliləri
oxumağa göndərir. Ən başlıcası, bu məktəblər
təkcə Azərbaycanda deyil, Pakistanda, Rumıniyada, Rusiyada,
Gürcüstanda, Misirdə də tikilir. Yəni, çox
geniş əhatə dairəsi vardır. Budur, bu yaxınlarda
Həştərxanda məktəb
açılmışdır. Fikrimcə, biz bu istiqamətdə
işi bundan sonra da davam etdirəcəyik.
- Bəs bu işdə fondun marağı nədən
ibarətdir? Axı aydındır ki, həmin məktəblərdə
təkcə Azərbaycan diasporunun nümayəndələri
oxumayacaqlar...
- Fond 2004-cü ildə
yaradılmışdır. O, bizim ümummilli lider Heydər Əliyevin
adını daşıyır və onun əsas məqsədi
Heydər Əliyevin başladığı xeyirxah işləri
davam etdirməkdir. Ona görə biz həm bu sahədə, həm
də səhiyyə sahəsində xeyriyyəçiliklə
məşğul oluruq. Fond tərəfindən Azərbaycanda
regionun ən böyük talassemiya mərkəzi
tikilmişdir. Yaşı 14-dən aşağı olan, diabet
xəstəliyindən əziyyət çəkən
uşaqların hamısı pulsuz vaksinlərlə təmin
edilir, əlillər üçün mərkəzlər,
valideyn himayəsindən məhrum olmuş uşaqlar
üçün internatlar tikilir. Fondun fəaliyyət miqyası
çox genişdir. Əlbəttə, elmə, mədəni tədbirlərə
böyük diqqət yetirilir. Keçən il biz Azərbaycanın
dövlət müstəqilliyinin bərpa olunmasının 20
illiyini dünyanın müxtəlif ölkələrində,
o cümlədən Rusiyada qeyd etdik. Bu münasibətlə
konsertlər, sərgilər təşkil edildi. Bu, çox
geniş fəaliyyətdir. Ən başlıcası, bu
müddət ərzində fond həm Azərbaycanda, həm də
onun hüdudlarından kənarda əhalinin bütün təbəqələrinin
dəstəyini, etimadını qazanmağa müvəffəq
olmuşdur.
- Lakin mən əminəm ki, Siz
yaşıdlarınızla işləməyi daha çox
xoşlayırsınız. Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatını nəzərdə tuturam. Fikrinizcə,
belə bir təşkilatın yaradılması nə
üçün lazım idi və bu gün o, Azərbaycan ilə
Rusiya arasında münasibətlərdə yaranmış əlverişli
ab-havaya nə kimi töhfə verir?
- RAGT də təxminən 5 il bundan əvvəl
yaradılmışdır. Mən heç gözləməzdim
ki, bu təşkilat bu qədər fəal və uğurlu
olacaqdır. RAGT abbreviaturunu rus dilində AMOR şəklində
yazmaq qəbul edilmişdir. Bu, həm Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı, həm də "məhəbbət"
deməkdir. Həqiqətən, xalq sevgisi, məhəbbət
ideyaları Azərbaycan gənclərini birləşdirməyə,
onların Rusiya cəmiyyətinə inteqrasiyasına və Azərbaycan
mədəniyyətini Rusiyada layiqincə təmsil etməsinə
kömək olmuşdur. İndi, demək olar ki, bütün
universitetlərdə azərbaycanlı gənclər
klubları fəaliyyət göstərir. Maraqlıdır ki,
başqa ölkələr də bizdən nümunə
götürmüş və özlərinin gənclik
klublarını açmağa başlamışlar. Onlar da
öz ölkələrini, öz mədəniyyətlərini
təmsil edirlər. Gənclər arasında çox sıx
ünsiyyət prosesi gedir. Biz mütəmadi olaraq Rusiyadan Azərbaycana
30-40 tələbə dəvət edirik. Oktyabrın 12-dək
biz Moskvada RAGT-nin dördüncü konfransını
keçirməyə hazırlaşırıq. Layihələrimiz
çoxdur. Bir qədər ətraflı götürsək,
biz "Qanın milləti yoxdur" adlı təmənnasız
qanvermə layihələrində mütəmadi iştirak
edirik. Əvvəlcə fikirləşirdim ki, bizim gəncləri
bu işə sövq etmək lazım gələcəkdir,
lakin məlum oldu ki, onlar özləri təşəbbüs
göstərirlər. Bəli, onlar hər ay uşaq evlərinə
gedir, uşaqlara, tələbələrə kömək edirlər.
Yaxın vaxtlarda bizim fəal həkimlər narkotiklərin və
tütünün zərəri barədə, QİÇS barədə
universitetlərdə mühazirələr təşkil
etmişdilər. Onlar müxtəlif ali məktəblərə
gedir, orada mühazirələr oxuyur, kitabçalar
paylayırlar. Bundan əlavə, onlar uşaq evlərində
şənliklər təşkil edir, uşaqlara kömək
edirlər. Bu çox vacibdir. Ona görə ki, gənclərin
gücü çoxdur və onlar başa düşməlidirlər
ki, çox iş görə bilərlər.
- Siz həm də ətraf mühitin
müdafiəsi tədbirləri üzrə IDEA adlanan beynəlxalq
dialoq təşkilatını təsis etmisiniz. Ekologiya təşkilatı
yaratmağa Sizi nə sövq etmişdir?
- IDEA layihəsinin başlanmasından
artıq bir il keçir. Əlbəttə, bizim əsas məqsədimiz
ətraf mühiti qorumaq və planetimizi gözləyən təhlükə
barədə gəncləri məlumatlandırmaqdır.
Çünki çoxları bunu bilmir, bu barədə fikirləşmir.
IDEA-nın fərqləndirici cəhəti ondan ibarətdir ki,
biz bu problemə kreativ yanaşmışıq. Başqa
sözlə desək, biz müxtəlif müsabiqələr
keçirməyə çalışırıq. Bu layihə
üzrə axırıncı işimiz ceyran maketləri
yaratmaq olmuşdur. Ona görə ki, ceyranlar məhv olmaq təhlükəsi
qarşısındadır. Bütün dünyanı təmsil
edən müxtəlif rəssamlar ceyran şəkilləri
çəkmişlər. Bununla biz ictimaiyyətin diqqətini
belə bir məqama cəlb edirik ki, ətraf mühiti qorumaq,
heyvanları müdafiə etmək lazımdır. Mənim
fikrimcə, bu çox vacibdir. Yaxın vaxtlarda mən Həştərxanda
olanda məktəb şagirdləri arasında balaca qu
quşunun qorunması mövzusunda müsabiqələr
keçirməyi müzakirə etdik. Bu yaxınlarda biz
"Yer kürəsi uşaqların gözü ilə"
mövzusunda fotomüsabiqəyə başlamışıq. Həmin
müsabiqədə dünyanın müxtəlif ölkələrindən
2 minə yaxın məktəbli iştirak edir.
- Sizi düzgün başa
düşmüşəmsə, Siz ətraf mühitin
qorunması məqsədi ilə yanaşı, həm də Azərbaycan
və Rusiya yeniyetmələrinin qarşılıqlı
inteqrasiyası üçün bir vasitə
yaradırsınız.
- Əlbəttə, mədəniyyət və
incəsənət məhz belə bir vasitədir. Biz hər
işə kreativ yanaşmağa çalışırıq.
İncəsənətin bütün növləri: fotoşəkillər,
rəsmlər, şeirlər, poemalar bu işə cəlb
olunmuşdur. Bu həm də gənclərin öz
imkanlarını üzə çıxarmasına şərait
yaradır.
- Bildiyimə görə Siz ekologiya, musiqi,
təhsil məsələləri ilə məşğul
olmaqdan əlavə, jurnal da nəşr edirsiniz. Ümumiyyətlə,
Sizin üçün "mümkün olmayan" sözü
mövcuddurmu?
- Xeyr. Mənim fikrimcə, mümkün
olmayan şey yoxdur. Kim bir işi "bacarmaram" deyirsə,
deməli o, həmin işi görməyi yetərincə istəmədiyini
bildirir. Demək istəyirəm ki, əgər insan bir işi
görməyi ürəkdən istəsə, istədiyinə
inansa, çox şey edə bilər. Əsas odur ki,
gördüyün iş həqiqətən faydalı olsun. Bu
işin müsbət nəticələrini görəndə,
onun xeyir verdiyini görəndə daha çox iş görmək
istəyirsən.
- Leyla xanım, Siz gənc, əzmkar və
nə gizlədim, çox gözəl şərq
qadınısınız. Axı bütün bu tədbirlər
olduqca çox vaxt tələb edir. Üstəlik,
uşaqlarınız da var. Onlara da diqqət yetirmək
lazımdır. Siz bütün bunlara necə vaxt
tapırsınız?
- Elədir, mənim iki övladım var.
Tezliklə onların 4 yaşı tamam olacaqdır. Əlbəttə, mənim
üçün ən vacibi uşaqlar və ailədir. Mən
isəyirəm ki, valideynlərimin mənə verdiklərini mən
də öz uşaqlarıma verə bilim. İstəyirəm
ki, onlar həmişə sevgi və qayğı ilə əhatə
olunsunlar. Bu, ən vacib məsələdir. Mən
bütün dünyanı gəzməli oluram. Lakin
uşaqları da özümlə götürürəm. Buna
görə də darıxmıram. Vaxt məsələsinə
gəldikdə isə, vaxt tapmaq olar. Təki hamı sağlam
olsun.
- Təəssüf
ki, efir vaxtı məhduddur. Mənə təkcə o qalır
ki, bu cür maraqlı söhbətinizə görə sizə
təşəkkür edim. Azərbaycanda deyilən kimi
çox sağ olun.
- Siz də
sağ olun.
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 8.