Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı

 

 Hakimlərə göstərilən yüksək etimad onların məsuliyyətini daha da artırır

 

 Müstəqil respublikamızın son illərdə bütün sahələrdə dinamik inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi məhkəmə-hüquq islahatlarının  keyfiyyətcə yeni mərhələdə də davam etdirilməsinə zəmin yaratmışdır. Məhkəmələrin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsınin qanunamüvafiq şəkildə həyata keçirildiyi müstəqil hakimiyyət qolu kimi fəaliyyət göstərməsi, cəmiyyətdə yüksək etimad qazanması bu sahədə beynəlxalq təcrübənin də uğurlu tətbiqini şərtləndirmişdir.

Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılmasına da xüsusi diqqət yetirilmişdir. Xatırlatmaq yerinə düşər ki, məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi üçün hakimlərin tamamilə şəffaf və demokratik yolla - test üsulu ilə seçilməsi təcrübəsinin əsası hələ 2000-ci ildə - ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə qoyulmuşdur. Məhz həmin il hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahanın və şifahi müsabiqənin keçirilməsi təmin edilmişdir. Bunun nəticəsi olaraq hakimlərin seçilməsi və təyinatı ilə bağlı cəmiyyətdə müsbət rəy formalaşmışdır.

2003-cü ilin 15 oktyabrından bu islahatları uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilməsinə xidmət edən tədbirlər genişləndirilmişdir. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə", Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunmaqdadır.

Məhkəmə-Hüquq Şurasının tərkibinin yenilənərək, əsasən hakimlərdən, eyni zamanda, ölkə Prezidentinin, Milli Məclisin, Prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılması onun fəaliyyətinin daha da təkmilləşməsinə xidmət etmişdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri olmuşdur. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiyaiqtisad məhkəmələrinin yaradılması təmin edilmişdir. Fərman əsasında, həmçinin, Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Hakimlərin yüksək yükünün çoxluğunun məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən olduğunu nəzərə alan dövlət başçısı İlham Əliyevin 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırılmışdır. Bundan başqa, son illərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur. Korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.

Ümumiyyətlə, ötən illərdə ölkədə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. 2011-ci il yanvarın 1-dən inzibati xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Ümumilikdə, regionlarda ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrin yaradılması yeni dövrün tələblərindən irəli gələn sosial tələbatdır.

Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Şübhəsiz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bununla əlaqədar vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Həmçinin, hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum - tərkibi əsasən hakimlərdən ibarət olan Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Son illərdə Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. Hakim vəzifəsinə yeni təyin olunmuş şəxslər uzunmüddətli nəzəri kurslarda iştirak etmiş, məhkəmələrdə təcrübə keçmiş, xarici ölkələrə tədris səfərlərinə göndərilmiş, beləliklə, çətin hakim vəzifəsi üçün tam hazırlanaraq müxtəlif məhkəmələrə təyinatlar almışlar.

Hakim vəzifəsinin icrasına yeni başlamış hakimlərin sosial müdafiəsi tədbirləri də diqqətdə saxlanılmışdır. 8 oktyabr 2010-cu il tarixli müvafiq qanunla "Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinə edilmiş iki mühüm əlavəni xüsusi vurğulamaq lazımdır. Birinci əlavəyə görə, "Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı 4 il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım edilir".

Ümumilikdə, hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, şəraitinin müasir tələblərə uyğun qurulması üçün onlarla yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir.

Vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. İnternet portalı ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni binainventarla təmini, onların şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən uğurla həyata keçirilən "Ədliyyə sektorunun müasirləşdirilməsi" layihəsinin əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Layihəyə əsasən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2012-ci il tarixli "Bir sıra məhkəmə sədrlərinin təyin edilməsi haqqında" və "Bir sıra instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" sərəncamları da razılıq və yüksək minnətdarlıq hissi ilə qarşılanmışdır. Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında möhtərəm Prezident bir sıra məhkəmə sədrlərinə və hakimlərinə yüksək etimad göstərmişdir.

Xüsusi qeyd etmək istərdik ki, Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi altında son illər hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin daha şəffaf, obyektiv, çevik mexanizmlərinin müəyyənləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini artırır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün aparılması, habelə onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılığın müəyyən edilməsi məqsədi ilə aparılır. İqtisadi-sosial həyatın sürətlə inkişafı yeni qanunların qəbulunu, hakimlərin peşə səviyyəsinin yüksəldilməsini, bilik səviyyəsini, ümumi dünyagörüşünün artırılmasını tələb edir. Obyektiv və ədalətli qiymətləndirmələr və təyinatlar nəticəsində cəmiyyətin məhkəmələrə olan inamı daha da möhkəmlənir, ölkəmizin beynəlxalq imici yüksəlir.

Böyük minnətdarlıq hissi ilə qeyd etmək istərdik ki, dövlət başçısının 3 oktyabr 2012-ci il tarixli "Bir sıra instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" sərəncamı əsasında hakim vəzifəsinə təyin olunanlar arasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin də hakimləri vardır. Şübhəsiz, yeni hakim təyin edilmiş şəxslər dövlət başçısının bu yüksək etimadını doğrultmaq, insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmələrdə etibarlı şəkildə qorunmasını təmin etmək üçün səylə çalışacaqlar.

Ümumilikdə son illərdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Azərbaycanda məhkəmə orqanlarının dövlət idarəçilik mexanizmində nüfuzlu təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin reallaşdırılması zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Ardıcıl və sistemli xarakter daşıyan bu islahatlar respublikada qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

 

 

Sevinc ALIYEVA,

 

Tahirə ƏSƏDOVA,

 

Müseyib BAYRAMOV,

1 saylı Bakı İnzibati-İqtisadi

Məhkəməsinin hakimləri

 

Azərbaycan.-2012.- 9 oktyabr.- S. 9.