İkinci Bakı Beynəlxalq Humanitar Forumu dünyada böyük əks-səda doğurmuşdur

 

Bakıda keçirilmiş İkinci Beynəlxalq Humanitar Forum dünyada böyük əks-səda doğurmuşdur. AzərTAc xəbər verir ki, forumun işini dünyanın bir çox ölkələrindən Bakıya gələn jurnalistlər, həmçinin Rusiyanın "Rossiya 24" kanalı da geniş işıqlandırmışlar.

İkinci Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı "Rossiya 24" kanalının "Vesti" informasiya proqramında göstərilmiş videomaterialda bildirilmişdir ki, bu beynəlxalq tədbir 60-dan çox ölkənin diplomatlarını, alimlərini, siyasətçilərini və jurnalistlərini bir araya gətirmişdir.

Forumun mövzularından biri isə müasir dünyada təhsil problemləri olmuşdur.

Telekanalın jurnalisti Nikolay Vasilyev forumla bağlı süjetini Bakıdakı məktəblərin birinin qarşısından başlayaraq tamaşaçıların diqqətinə çatdırır ki, Azərbaycanda təhsil prioritet milli layihə kimi qəbul edilir. "Dövlətin təhsil müəssisələrinin təchizatına yönələn xərclərini yalnız müdafiə xərcləri üstələyir", - deyən jurnalist qarşısında dayandığı məktəbə işarə edərək Bakıda orta təhsil müəssisələrinin məhz belə göründüyünə artıq heç kəsin təəccüblənmədiyini vurğulayır. Bunun məntiqi nəticəsidir ki, İkinci Bakı Beynəlxalq Humanitar Forumunda əsas mövzulardan biri məhz təhsil olmuşdur.

Süjetdə qeyd edilir ki, foruma gələn müxtəlif ölkələrin alimləri, diplomat və siyasətçiləri dünyanın ən tanınmış memarlarından Zaha Hadidin layihəsi əsasında inşa edilən Heydər Əliyev Mərkəzində toplaşmışlar. Videomaterialda Azərbaycan dövlətinin başçısı İlham Əliyevin forumda söylədiyi nitqin bir hissəsi də təqdim olunmuşdur. Videomaterialda o da diqqətə çatdırılmışdır ki, Azərbaycan dünyanın ən multimədəni dövlətlərindən biridir. Rusiyalı telejurnalist öz ölkəsində olduğu kimi, Azərbaycanda da çox xalqların nümayəndələrinin yaşadığını və tolerantlığın yüksək səviyyədə olduğunu qeyd etmişdir.

UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi Katalin Boqyay humanitar problemlərin səbəbinin müasir insanın ekosentrizmində görür. Telejurnalist vurğulayır ki, Beynəlxalq Humanitar Forumun azərbaycanlı iştirakçılarının müasir bəşəriyyət üçün fərdi, amma çox oxşar reseptləri vardır. Bu, rusiyalılar üçün yaxşı tanış olan Qafqaz qonaqpərvərliyi, qəlb və ürək genişliyidir.

 

 

Azərbaycan.-2012.- 9 oktyabr.- S. 10.