Gəncədə I Azərbaycan Beynəlxalq şərab festivalı çərçivəsində elmi-praktiki konfrans keçirilmişdir

 

 İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə təşkil olunmuş I Azərbaycan Beynəlxalq şərab festivalı çərçivəsində elmi-praktiki konfrans keçirilmişdir.

"Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları" mövzusunda keçirilən konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycan iqtisadiyyatında dinamik inkişafı təmin edən amillər, davamlı inkişaf mərhələsində qarşıda duran vəzifələr, eləcə də ayrı-ayrı iqtisadi sahələrdə inkişafın vəziyyəti barədə məlumat vermişdir.

Konfransda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Nəbiyev və başqaları çıxış edərək Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatların verdiyi bəhrələrdən, xüsusilə dövlət başçısının üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı müvafiq sərəncamların əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, 1985-ci ildə keçmiş SSRİ-də alkoqolizmə qarşı mübarizə tədbirləri adı altında Azərbaycanda yüz min hektarlarla üzüm bağı məhv edilmiş, nəticədə ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəymişdir. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahənin yenidən dirçəldilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Hazırda respublikanın üzümçülük və şərabçılıq üzrə əvvəlki şöhrətini qaytarmaq üçün xarici ölkələrin, o cümlədən Fransanın təcrübəsi böyük maraqla öyrənilir.

Natiqlər qeyd etmişlər ki, ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli şərab məhsulları istehsal edən müəssisələr mövcuddur və onların sayı durmadan artır. Azərbaycanda şərabçılığın inkişaf etdirilməsi, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanlarının genişləndirilməsi, rəqabət qabiliyyətinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Dövlət bu sahədə sahibkarlara hər cür dəstək göstərir.

Konfransda Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Federiko Castelluci, Fransanın Konyak şəhərinin meri Mişel Gourinkas çıxış edərək Azərbaycan-Fransa, eləcə də ölkəmizlə Fransanın ayrı-ayrı regionları arasında iqtisadi əlaqələrin genişləndirilməsində özəl sektorun rolunu qeyd etmiş, rəqabət qabiliyyətli və ixracyönümlü şərabçılıq məhsullarının istehsalında beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırmışlar.

Həmin gün konfrans çərçivəsində yerlixarici adamlarının iştirakı ilə işgüzar görüş keçirilmiş, iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Konfransdan sonra I Azərbaycan Beynəlxalq şərab festivalının iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetinə gəlmiş, universitetin şərabçılıq fakültəsi ilə yaxından tanış olmuş, burada yaradılmış elektron kitabxananın açılışında iştirak etmişlər.

Sonra qonaqlar Gəncə "Şərab-2" ASC-də istehsal olunan şərabların keyfiyyəti ilə maraqlanmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 9 oktyabr.- S. 10.