«Qarabağ»
Fondunun icraçı
direktoru Diana Altman KOHEN: «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində səylərimizi
birləşdirməliyik»
"Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
səylərimizi birləşdirməliyik".
Bu sözləri II Bakı Beynəlxalq
Humanitar Forumunda iştirak edən ABŞ-dakı
"Qarabağ" Fondunun icraçı direktoru xanım Diana
Altman Kohen demişdir.
D.Kohen rəhbərlik etdiyi fondun Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli
istiqamətində daim amerikalıların maarifləndirilməsi
sahəsində bir çox işlər həyata
keçirdiyini diqqətə çatdırmışdır.
Qonaq həmçinin Amerika vətəndaşlarına Cənubi
Qafqazda sürətli inkişaf edən Azərbaycanın hər
zaman Ermənistanın təcavüzünə məruz qaldığını
bildirməyə çalışdıqlarını söyləmişdir.
D.Kohen bildirmişdir ki, fondun fəaliyyətindən
Azərbaycanın mədəni irsi və adət-ənənələrini
təbliğ etməyə çalışır.
Qonaq "Qarabağ" fondu tərəfindən
bu günlərdə ABŞ-da keçirilən sərgiyə
də toxunmuşdur. O, amerikalıların Azərbaycan mətbəxinə,
mədəniyyətinə, folkloruna böyük maraq göstərdiklərini
diqqətə çatdırmışdır.
Bakıya artıq ikinci dəfə gəldiyini
deyən qonaq ölkəmizin sürətli
inkişafını yüksək qiymətləndirmişdir.
O, şəhərin gözəlliyindən, xüsusilə gecələrinin
möhtəşəmliyindən söz açaraq
demişdir: "Gəzməli
yerləriniz, fəvvarələriniz hər kəsdə
yaxşı təəssürat yaradır. Azərbaycanlılar
çox mehriban və qonaqpərvərdirlər".
D.Kohen forumda müzakirə edilən
vacib məsələlərin bəşəriyyətin üzləşdiyi
bir sıra problemlərin həlli yollarının
tapılması işinə kömək edəcəyinə əminliyini
ifadə etmişdir.
O,
forumda dünyanın tanınmış
siyasətçilərinin, Nobel
mükafatı laureatlarının, bir
sıra beynəlxalq təşkilatların nümayəndələrinin
iştirak etməsini Azərbaycanın dünyada gündən-günə artan nüfuzunun bariz nümunəsi kimi səciyyələndirmişdir.
Qonaq həmçinin Bakı Beynəlxalq
Humanitar Forumunun yüksək səviyyədə təşkil
olunduğunu xüsusi vurğulamışdır.
AzərTAc
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 10.