Böyük sənətkar
Müslüm Maqomayevin 70 illik yubileyi böyük təntənə ilə qeyd
edilmişdir
Oktyabrın 7-də Heydər Əliyev adına sarayda böyük sənətkar,
SSRİ və Azərbaycanın xalq artisti, "Şöhrət"
və "İstiqlal" ordenli Müslüm Maqomayevin 70 illik
yubileyi böyük təntənə ilə qeyd edilmişdir.
AzərTAc xəbər
verir ki, "Sən mənim melodiyamsan. Görkəmli
müğənniyə həsr olunur..." adlı konsertdən
əvvəl tədbir iştirakçıları sarayın
foyesində Müslüm Maqomayevin həyat və
yaradıcılığını əks etdirən fotoşəkillərdən
ibarət sərgi ilə tanış olmuşlar.
Dövlət və
hökumət rəsmilərinin, Azərbaycan və
Rusiyanın tanınmış sənətkarlarının, mədəniyyət
və incəsənət xadimlərinin, musiqisevərlərin
iştirak etdiyi təntənəli tədbir Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında
bəstəkar Müslüm Maqomayevin "Şah
İsmayıl" operasından uvertüra ilə
başlanmışdır. Həmçinin müğənni
Müslüm Maqomayevin ifasında Aslan şahın
ariyasının videoyazısı tamaşaçılara
nümayiş etdirilmişdir.
Tədbirin
aparıcıları - Rusiyanın xalq artisti Svyatoslav Belza və
teleaparıcı Leyla Quliyeva iştirakçıları, həmçinin
Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq
artisti Tamara Sinyavskayanı salamlamışlar.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tədbir
iştirakçılarına ünvanladığı məktubu
oxumuşdur. Nazir bildirmişdir ki, Müslüm Maqomayevin 70
illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi
ilə bağlı Prezident İlham Əliyevin
imzaladığı sərəncama əsasən, görkəmli
müğənni və bəstəkarın xatirəsinə həsr
olunmuş konsertlər, tədbirlər, sərgilər
keçirilmişdir. Belə tədbirlərin birində onun həyat
yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskayanın
iştirakından çox şadıq. Nazir qeyd etmişdir ki,
Müslüm həmişə bizim ürəyimizdə
yaşayacaqdır. Onun "Azərbaycan" mahnısı səslənəndə
gənclərdə vətənpərvərlik hissləri
oyanır. Çünki bu musiqi vətənpərvərlik
hissini doğurur və gücləndirir, necə ki,
Müslümün özündə də bu xüsusiyyətlər
çox güclü idi.
Bugünkü tədbir nəinki onun xatirəsinin
anılması, həm də dahi sənətkarın bizimlə
növbəti mənəvi görüşüdür.
Konsertdə Azərbaycan və
Rusiyanın görkəmli sənətkarlarının
ifasında musiqi nömrələri və Müslüm
Maqomayevin repertuarından əsərlər səsləndirilmişdir.
Tanınmış müğənni və
bəstəkar Emin Ağalarov uşaqlıq
çağlarından bu böyük sənətkarı
tanımaq və onunla bir səhnədə oxumaq şərəfinə
nail olduğunu demiş və onun repertuarından mahnı ifa
etmişdir.
Həmçinin
Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsindəki
təmsilçisi Səbinə Babayevanın,
tanınmış Rusiya müğənnisi, SSRİ xalq artisti
İosif Kobzonun, Rusiyanın xalq artisti Larisa Dolinanın, Azərbaycan
və SSRİ xalq artistləri Fidan və Xuraman Qasımova
bacılarının və başqalarının ifaları
alqışlarla qarşılanmışdır.
Sonda sənətkarın həyat
yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya
çıxış edərək Müslüm Maqomayevlə
40 il bundan öncə tanış olduğunu, o vaxtdan etibarən
Müslümü və Azərbaycanı sevdiyini bildirərək
tədbirin təşkil edilməsinə görə təşəkkürünü
bildirmişdir.
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 12.