Prezident İlham Əliyev Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı avtovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, son illərdə ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə həyata keçirilməsi istiqamətində mühüm layihələr icra olunur. Bu sahədə nəinki paytaxt Bakıda, eyni zamanda regionlarda da müasir standartlara cavab verən avtovağzalların tikintisinə başlanılmışdır. Yevlax şəhərinin qədim İpək yolunun üzərində yerləşməsi, o cümlədən ölkənin qərb istiqamətindən gələn bütün avtomobil yollarının buradan keçməsi onun həm iqtisadi, həm də nəqliyyat baxımından əhəmiyyətini daha da artırır. Odur ki, burada yeni inşa olunan avtovağzal kompleksi bu tələbatın ödənilməsində mühüm rol oynayır.

Bildirildi ki, xüsusi dizaynlabütün tələblər nəzərə alınmaqla tikilən bu kompleks həm yerli əhaliyə, həm də qonşu bölgələrin sakinlərinə rahat və keyfiyyətli xidmət göstərəcəkdir. Avtovağzalın ikimərtəbəli binasının inşasına 2010-cu ildə başlanılmışdır. Ümumi ərazisi 17,5 min kvadratmetr olan binanın tikinti sahəsi 558 kvadratmetrdir. Birinci mərtəbədə sərnişinlərin istirahəti və avtovağzal xidmətindən istifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Burada kassa, anauşaq otağı, gözləmə zalı vardır. Zalda sərnişinlərin istifadəsi üçün marşrut göstəricilərinin əks olunduğu elektron tablo asılmışdır. Konfrans zalında müxtəlif toplantıların keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Diqqətə çatdırıldı ki, gələcəkdə ölkənin bir çox regionlarına yeni marşrutların açılması nəzərdə tutulmuşdur. Yeni avtovağzal kompleksində yaradılan şərait buna hərtərəfli imkan verir.

Prezident İlham Əliyev yeni avtovağzal kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirdi, əhaliyə keyfiyyətli xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S. 3.