Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Yevlax şəhərində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, əsaslı infrastruktur layihələri yerinə yetirilmiş, yeni istehsal müəssisələri yaradılmış, həmçinin ən müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosialyönümlü obyektlər inşa olunmuş, genişmiqyaslı  abadlıq-quruculuq işləri görülmüşdür.

Yevlax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  9 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S. 3.