Prezident İlham Əliyev
Küllülü-Zərdab magistral su kəmərinin
açılışında iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də
Küllülü-Zərdab magistral su kəmərinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısı su kəmərinin planı və
tikintisi prosesini əks etdirən stendlə tanış oldu.
"Azərsu"
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz
Hüseynov Küllülü su mənbəyinin və xəttin
texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, ASC-nin sifarişi ilə kəmərin tikinti
işlərinə cari ilin sentyabrında
başlanılmışdır. Bütövlükdə bu kəmərin
suyundan Ağsu, Kürdəmir, Ucar və Zərdab
rayonlarının müxtəlif yaşayış məntəqələrinin
157 min sakini istifadə edəcəkdir.
Qeyd olundu ki, kəmərin Zərdab
rayonunun ərazisindən keçən hissəsinin uzunluğu
72 kilometrdir. Zərdabın 36 min nəfər əhalisi bu su kəmərindən
istifadə edəcəkdir. Küllülüdə 5 min
kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su
anbarı tikilir. Suyun şəhərə, Bəyimli qəsəbəsinə
və rayonun 14 kəndinə verilməsi nəzərdə tutulmuşdur.
Hazırda Heydər Əliyev parkında tikilən şəlalə
rəmzi olaraq suyun artıq Zərdaba gəlib
çatmasını bildirir.
Dövlət başçısı
suyun şəhərə rəmzi olaraq verilməsini təmin
edən qurğunu işə salan düyməni basdı.
Diqqətə çatdırıldı
ki, Zərdab şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsində
içməli su mənbəyi kimi Kür çayı qəbul
edilsə də, aparılan araşdırmalardan və texniki
iqtisadi əsaslandırmadan sonra rayon mərkəzi ilə
yanaşı, kəndlərin də içməli su ilə təmin
olunması üçün keyfiyyətli və bol ehtiyatlara
malik Küllülü mənbəyinə üstünlük
verilmişdir. Layihəyə uyğun olaraq Girdmançayın
Ağsu rayonu ərazisindən keçən hissəsinin
yaxınlığındakı Küllülüdə
sugötürücü drenaj sistemi tikilmiş və buradan Zərdab
şəhərinə magistral su kəməri çəkilmişdir.
Küllülü mənbəyindən götürülən
su rayon mərkəzinə nasoslardan istifadə olunmadan
özüaxımlı rejimdə verilir. Hazırda Zərdab
şəhərinə verilən suyun yeni şəbəkə
hazır olana qədər mövcud şəbəkəyə
birləşdirilməsi istiqamətində tədbirlər
görülür.
Rayon ictimaiyyətinin nümayəndələri
və kəmərin çəkilməsində iştirak edən
inşaatçılarla görüşən Prezident İlham
ƏLİYEV dedi:
- Əziz dostlar, əziz zərdablılar!
Bu gün Zərdab rayonunun tarixində çox əlamətdar
bir gündür. Bu gün Zərdabda böyük su layihəsinin
başlamasını qeyd edirik.
Bu layihənin icrası imkan verəcək
ki, zərdablılar təmiz içməli su ilə təmin
olunsunlar. Əlbəttə, bu, rayonun inkişafı,
insanların sağlamlığı üçün çox
böyük məna daşıyır. İçməli su həyat
deməkdir. Təmiz içməli su isə sağlam həyat
deməkdir. Bir neçə gündən sonra 72 kilometr
uzunluğunda kəmər vasitəsilə verilən su daxili
şəbəkəyə birləşdiriləcək və
beləliklə, su evlərə paylanacaqdır.
Hazırda zərdablılar suyu fasilələrlə
alırlar. Şəhərin yarısı demək olar ki, bu
problemlə üzləşir və su qıtlığı
müşahidə olunur. Bu layihə başa çatandan sonra
artıq Zərdabda vətəndaşlar 24 saat içməli
su alacaqlar.
Bu, doğrudan da, böyük tarixi layihədir.
Çünki uzun illər ərzində, onilliklər ərzində
su problemi demək olar ki, bütün rayonlar üçün
xas idi. Hazırda bütün rayonlarda su-kanalizasiya layihələri
icra edilir və çalışırıq ki, gələn
ilin sonuna qədər bütün rayonlarda, rayon mərkəzlərində
içməli su layihələri başa çatsın.
Bu layihə çox böyük maliyyə
vəsaiti tələb edir və Azərbaycan dövləti maliyyə
yükünün əsas hissəsini öz üzərinə
götürmüşdür. Bəzi rayonlarda bəzi layihələr
xarici maliyyə qurumlarının kreditləri ilə icra
edilir. Ancaq əsas yük Azərbaycan dövlətinin üzərinə
düşür. Bu, belə də olmalıdır.
Çünki bizim sosial siyasətimiz insanların
rahatlığını təmin etmək üçün
aparılır. Bizim siyasətimizin təməlində Azərbaycan
vətəndaşıdır və Azərbaycan vətəndaşının
rahat, firavan yaşaması bizim əsas məqsədimizdir.
Bütün infrastruktur layihələrinin
içərisində içməli su layihəsi xüsusi məna
daşıyır. Düzdür, son illər ərzində
bütün bölgələrdə digər vacib infrastruktur
layihələri həyata keçirilmişdir, magistral yollar, kənd
yolları çəkilir, o cümlədən Zərdab
rayonunda bir neçə kəndi birləşdirən yeni
yollar çəkilmişdir, elektrik enerjisinin verilməsi böyük
dərəcədə
yaxşılaşdırılmışdır. Demək olar
ki, ölkə üzrə bu ciddi problem artıq aradan
götürülüb. Əlbəttə, təkmilləşdirmə
işləri aparılmalıdır və aparılır. Amma
biz bu problemi köklü şəkildə həll etmişik.
Qazlaşdırma prosesi gedir. Zərdab şəhərinin qazla
təminatı artıq reallaşıb və ətraf kəndlərə
də qaz xətləri çəkilir. Bu layihələrin
içində içməli su layihəsi xüsusi məna
daşıyır. Çünki insan susuz yaşaya bilməz.
Keyfiyyətsiz su insanın sağlamlığına birbaşa
ziyan vurur. Biz çalışmalıyıq və
çalışırıq ki, bütün bölgələrdə
əhaliyə verilən içməli su Dünya Səhiyyə
Təşkilatının standartlarına cavab versin. Əminəm
ki, buna nail olacağıq. Zərdab rayonuna verilən içməli
su çox gözəl, təmiz mənbədən gələn
sudur, keyfiyyətli sudur və bir neçə gündən
sonra zərdablılar bunu görəcəklər.
Bu layihənin böyük mənası,
böyük əhəmiyyəti vardır. Çünki bir
daha demək istəyirəm ki, bizdə içməli su
problemi həmişə, bütün dövrlərdə olub.
Tədricən bu məsələ öz həllini
tapmaqdadır və hər bir bölgə üçün
konkret investisiya proqramı, konkret proqramlar, planlar vardır. Bu
işlər plan üzrə gedir və qarşıya məqsəd
qoyulmuşdur ki, gələn ilin sonuna qədər əksər
layihələr icra edilsin. Yəni, biz bütün rayon mərkəzlərini
gələn ilin sonuna qədər içməli su ilə təmin
etməliyik. Bununla paralel olaraq, ətraf kəndlərə də
təmiz içməli su verilməlidir. Ondan sonrakı mərhələdə
daha da geniş miqyasda bu layihələr icra ediləcəkdir.
Eyni zamanda, kanalizasiya layihələri də icra ediləcəkdir.
Biz bu məsələni həll etdikdən
sonra demək olar ki, infrastruktur layihələri arasında həllini
gözləyən məsələ qalmayacaqdır. Bu məsələ
ilə bağlı bir neçə il bundan əvvəl konkret
tapşırıqlar verilmişdir. Dövlət İnvestisiya
Proqramında su layihələri nəzərdə tutulur. Bu,
bir daha Azərbaycan hökumətinin, dövlətinin siyasətini
əks etdirir. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik
və indi ölkə iqtisadiyyatı uğurla inkişaf edir.
Bu, bizə imkan verir ki, sosial məsələlərin həllinə
lazımi səviyyədə maliyyə vəsaiti ayıraq və
bunu edirik.
Su layihəsi sırf
sosialyönümlü layihədir. Çünki bu layihənin
dövlət üçün heç bir kommersiya önəmi
yoxdur. Azərbaycanda su tarifləri çox
aşağıdır və bu layihələrə qoyulan vəsait
heç vaxt, yəni, su tariflərinin ödənilməsi
hesabına qaytarıla bilməz. Bu, bir daha Azərbaycan
dövlətinin nə qədər güclü sosial siyasət
apardığını göstərir.
Bu, belə də olmalıdır.
Çünki ölkəmiz inkişaf edir, ölkəmizin
bütün bölgələri inkişaf edir və biz
çalışırıq, çalışmalıyıq
ki, Azərbaycan vətəndaşları üçün daha
da yaxşı şərait yaradaq. Hər bir vətəndaş
üçün yaşadığı yerdən asılı
olmayaraq, gözəl şərait yaradılmalıdır.
İnsanlar işlə təmin olunmalıdır, təhlükəsizlik
təmin edilməlidir, səhiyyə, təhsil ocaqları
tikilməlidir. İnfrastruktur layihələrinin icrası, əlbəttə
ki, ümumi işlərdə mühüm yer tutur. Son illər
ərzində ölkəmizdə həyata keçirilən
infrastruktur layihələri, artıq öz gözəl nəticəsini
verir.
Bu gün həm Zərdab, həm də
ümumiyyətlə, ölkə üçün çox əlamətdar
bir gündür. Çünki qeyd etdiyim kimi, bütün
bölgələrdə içməli su layihələri
artıq icra edilir, yaxud da ki, onların icrasına
hazırlıq işləri aparılır. Onların
içində birinci layihə məhz Zərdabda
reallaşır. Ona görə bu gün tarixdə
qalacaqdır. Bu gün yeni layihələr əsasında Azərbaycan
bölgələrinə verilən suyun ilkin mərhələsidir.
Təsadüfi deyildir ki, birinci layihə Zərdabda
reallaşır. Zərdabın inkişafına böyük
diqqət göstərilir. Əvvəlki dövrdə rayonun
inkişafı üçün Prezidentin Ehtiyat Fondundan vəsait
ayrılmışdır. Zərdabda quruculuq, abadlıq işləri
aparılır. Eyni zamanda, əvvəlki dövrlərdə
Kür boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici
qurğular da quraşdırılıb və insanlar təmiz
sudan istifadə edirlər. Digər layihələrin icrası,
əminəm ki, Zərdabın gələcək
inkişafını təmin edəcəkdir.
Ümumiyyətlə, ölkə
miqyasında işlər çox müsbət istiqamətdə
gedir. Artıq bir neçə gündən sonra biz
üçüncü rübün yekunlarını müzakirə
edəcəyik. Birinci altı ayın yekunları çox
müsbət olmuşdur - iqtisadiyyat, qeyri-neft iqtisadiyyatı
artır, sosial məsələlər həll olunur, sovet
dövründən qalan əmanətlərin
qaytarılması prosesi başlamışdır və deyə
bilərəm ki, MDB məkanında ən qısa müddət
ərzində qaytarılacaq vəsait məhz Azərbaycanda
olacaqdır. Azərbaycanda bu vəsaitlər ən yüksək
əmsalla insanlara veriləcəkdir. Digər sosial layihələr
icra edilir. Yəni, ölkənin ümumi inkişaf
dinamikası onu göstərir ki, seçdiyimiz yol
düzgün yoldur. Biz bu yolla gedirik, gedəcəyik və elə
etməliyik ki, hər bir vətəndaş, hər bir vəzifəli
şəxs öz vətəndaşlıq borcunu dərk etsin
və ümumi işimizə töhfəsini versin.
Mən əminəm ki, ilin sonuna qədər
iqtisadi və sosial göstəricilərimiz müsbət olacaq
və 2012-ci ili də biz uğurla başa vuracağıq.
Ondan sonrakı dövr üçün də bizim konkret
proqramlarımız vardır. 2004-cü ildə birinci
regionların sosial-iqtisadi inkişafı proqramının
icrası nəticəsində böyük işlər
görülmüşdür. Artıq ikinci proqram icra edilir, o
da gələn ilin sonuna qədər başa
çatacaqdır. Bu proqramın icrası nəticəsində
əsas infrastruktur, sosial məsələlər öz həllini
tapacaqdır. Ondan sonrakı dövr üçün də
bizim konkret konsepsiyamız, baxışlarımız vardır.
"Azərbaycan-2020" strateji inkişaf planımız
vardır. 2020-ci ilə qədər görüləsi işlər
haqqında bizdə çox dəqiq təəssürat
vardır və bu proqram üzərində işlər gedir.
Biz öz işimizi planlaşdırırıq,
proqnozlaşdırırıq. Hər şey plan üzrə
gedir - istər xarici siyasətlə, istər daxili siyasətlə
bağlı. İqtisadi və infrastruktur layihələrinin
icrası bizim işimizin mühüm hissəsidir.
Mən bir daha sizi ürəkdən təbrik
edirəm. Biz sizinlə keçən il
görüşmüşdük. O vaxt Heydər Əliyev Mərkəzində
tamamlanma işləri gedirdi, çox səmimi
görüş idi. Mən o vaxt da dedim ki, Zərdabda gedən
proseslər daim diqqət mərkəzində olacaqdır. Bir
il keçdi, gözəl hadisə münasibətilə yenə
də görüşürük. Yenə də deyirəm, bu
gün tarixdə qalacaqdır. Onilliklər, bəlkə də
yüzilliklər ərzində ilk dəfə olaraq Zərdaba
24 saat təmiz içməli su veriləcəkdir. Əminəm
ki, siz hamınız bu gün eyni hissləri keçirirsiniz. Mən
də bu hissləri keçirirəm, mən çox sevinirəm,
sizi ürəkdən salamlayıram, təbrik edirəm və
sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Sağ olun.
"Azərsu" Açıq Səhmdar
Cəmiyyətinin sədri Qorxmaz HÜSEYNOV hazırda
Bakıda və regionlarda su xətlərinin çəkilişi
və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi
ilə bağlı görülən işlər barədə
məlumat verərək dedi:
- Möhtərəm Prezident, hörmətli
tədbir iştirakçıları.
Əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf
strategiyası Sizin rəhbərliyinizlə uğurla davam edir.
Ölkəmizin sosial-iqtisadi həyatında inkişaf daha da
sürətlənmiş və infrastruktur layihələrinin
icrasında böyük uğurlar əldə olunmuşdur. Sizin qayğı və diqqətinizin
nəticəsidir ki, içməli su təchizatı sektorunda
həyata keçirilən layihələr artıq
bütün ölkəni əhatə edir və əsas diqqət
Azərbaycan vətəndaşlarının sosial
rifahının yaxşılaşmasına yönəldilmişdir.
Möhtərəm cənab Prezident, bu
gün açılışına
toplaşdığımız Küllülü-Zərdab
magistral su kəməri Sizin "Azərbaycan əhalisi 24 saat
keyfiyyətli su almalıdır"
tapşırığınızın icrası istiqamətində
atılmış növbəti uğurlu addımdır.
Cənab Prezident, diqqətinizə
çatdırmaq istəyirəm ki, Zərdab şəhərində
mərkəzləşdirilmiş içməli su sistemi
1980-ci illərin əvvəllərində
yaradılmışdır. Şəhərin təxminən
yarısını əhatə edən şəbəkə
artıq istismar müddətini başa vurmuşdur. Mərkəzləşdirilmiş
şəbəkə olmadığından Zərdab şəhərinin
əhalisinin yarısı suya olan tələbatını fərdi
qaydada ödəyir. Şəhərdə kanalizasiya şəbəkəsi,
ümumiyyətlə, yoxdur.
Möhtərəm cənab Prezident, diqqətinizə
çatdırım ki, Zərdab şəhərinin su təchizatı
və kanalizasiya sisteminin yenidən qurulması layihəsi
üzrə tikinti işlərinə təxminən bir il əvvəl
başlanılmışdır. Layihə çərçivəsində
Küllülü mənbəyində sugötürücü
qurğu tikilmiş və buradan Zərdab şəhərinə
72 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri
çəkilmişdir. Bu müddətdə magistral kəmərlə
yanaşı, şəhərdaxili şəbəkənin
tikintisi də aparılmışdır. İndiyə qədər
Zərdab şəhərində 28 kilometr su xətləri, 12
kilometr kanalizasiya xətləri tikilmişdir. Layihənin
icrası nəticəsində Zərdab şəhəri və
rayonun 15 kəndində yaşayan 36 min əhalinin içməli
su problemi birdəfəlik həll olunacaqdır.
Qeyd edim ki, ilkin layihədə çirkab
sularının kənarlaşdırılması
üçün 7 nasos stansiyasının inşası nəzərdə
tutulmuşdu. İntensiv yağıntılar zamanı
nasosxanalar şəbəkəyə toplanan suları kənarlaşdıra
bilmir və nəticədə kanalizasiya sisteminin işi pozula
bilərdi. Bu amilləri nəzərə alaraq çirkab,
yağış və yeraltı suların birgə idarə
olunması əsas götürülməklə layihəyə
dəyişikliklər edilmişdir. Zərdab şəhərinin
kanalizasiya şəbəkəsi layihəsində nasos
stansiyaları ləğv edilmiş, əvəzində
özüaxımlı mikrotunellərin tikintisi variantına
üstünlük verilmişdir. Bu sistem çirkab suların
optimal idarəolunması ilə yanaşı, gələcəkdə
yağış və drenaj şəbəkəsinin tikintisi
üçün də etibarlı kommunikasiya rolunu
oynayacaqdır.
Möhtərəm cənab Prezident, icazənizlə,
paytaxt Bakıda və Abşeron yarımadasında, eləcə
də regionlarda həyata keçirdiyimiz digər layihələr
haqqında qısaca məlumat verim. 2011-ci ilin may ayında təsdiqlədiyiniz
"2011-2013-cü illərdə Bakı şəhəri və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"na uyğun olaraq, Ceyranbatan
ultrasüzgəcli sutəmizləyici qurğusunun,
Ceyranbatan-Balaxanı-Ramana-Zirə magistral su kəmərinin,
anbar komplekslərinin inşası uğurla davam etdirilir. Qəsəbə
və kəndlərin içməli su və kanalizasiya şəbəkəsinin
tikintisinə başlanılmışdır.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı çərçivəsində isə
35 rayon mərkəzinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması ilə bağlı tikinti
işləri sürətlə davam etdirilir. Bu layihələr
çərçivəsində 250-dən artıq kəndə
də suyun verilməsi nəzərdə tutulur.
Bir faktı xüsusi qeyd etmək istəyirəm
ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin
sifarişi ilə 22 rayonda həyata keçirilən layihələr
çərçivəsində bu ilin 9 ayı ərzində
140 kilometr magistral su kəməri, 430 kilometr su şəbəkəsi,
55 kilometr kanalizasiya kollektoru və 230 kilometr kanalizasiya xətti
tikilmişdir.
Cənab Prezident, "Azərsu"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən
ölkə ərazisində qeyri-bərabər paylanmış
su ehtiyatlarından səmərəli istifadə, içməli
su, kanalizasiya xidmətləri və yağış sularının
idarəolunmasını özündə əks etdirən
layihələr hazırlanır. Bakı şəhəri və
Abşeron yarımadası üzrə "Master plan"
yekunlaşmaq üzrədir. Bu konsepsiyanın davamı olaraq
bütün ölkə ərazisini əhatə edəcək
"Master plan"ın işlənməsinə
hazırlıq görülür. Bu "Master plan"da qlobal
iqlim dəyişikliyi nəzərə alınmaqla respublika ərazisindəki
yeraltı və yerüstü su ehtiyatları yenidən qiymətləndiriləcəkdir.
Layihədə bu ehtiyatlardan əhalinin su təchizatında
optimal istifadə variantları da öz əksini tapacaqdır.
Artıq bununla bağlı müəyyən tədqiqatlar
aparılmış və ilkin təkliflər
hazırlanmışdır. Hazırlanmış təkliflər
yaxın vaxtlarda Sizə təqdim olunacaqdır.
Möhtərəm cənab Prezident, "Azərsu"
Açıq Səhmdar Cəmiyyəti ölkə əhalisini
fasiləsiz keyfiyyətli içməli su ilə təmin etmək,
kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması barədə
tapşırıqlarınızı, eləcə də təsdiq
etdiyiniz dövlət proqramlarını vaxtında və
keyfiyyətlə icra etmək üçün bütün
qüvvələrini səfərbər etmişdir. Daim Sizin
diqqət və qayğınızı hiss edən
çoxminli kollektivimiz etimadınızı doğrultmaq
üçün bundan sonra da səylə
çalışacaqdır.
Diqqətinizə görə təşəkkür
edirəm.
Zərdab şəhər 1 nömrəli məktəb-liseyin
müəllimi, "Tərəqqi" medalı ilə təltif
olunmuş Firuzə QOCAYEVA respublikanın bütün
regionları kimi, Zərdaba da göstərdiyi diqqət və
qayğıya görə dövlətimizin
başçısına zərdablıların adından minnətdarlıq
edərək dedi:
- Möhtərəm cənab Prezident, bu
gün biz zərdablılar üçün çox sevimli bir
gündür. Siz bu gün zərdablılara insan həyatı
üçün əvəzsiz olan bir nemət - təmiz su bəxş
edirsiniz. İcazə verin rayonumuzun bütün sakinlərinin
dərin minnətdarlığını və səmimi təşəkkürlərini
Sizə çatdırım.
Həyatımızda təmiz suyun necə
böyük əhəmiyyət kəsb etdiyini hamımız
yaxşı bilirik. Biz zərdablılar həmişə təmiz
sudan korluq çəkmişik. Daim Kür çayının
bulanıq və çirkli suyundan istifadə etməyə məcbur
olmuşuq. Bu da bizim sağlamlığımıza, həyat
şəraitimizə öz mənfi təsirini göstərirdi.
Uzun illər idi ki, biz təmiz su həsrəti ilə
yaşayırdıq. Bu gün isə Siz bizi çoxdan
gözlədiyimiz arzumuza çatdırmısınız.
Tapşırığınızla qısa müddətdə
Ağsu rayonundan, uzaq məsafədən Zərdaba bulaq suyu
çəkilmişdir. Bu, zərdablılar üçün
son 100 ildə ən böyük bir hadisədir. İndi təmiz
sudan rayon əhalisinin yarısından çoxu istifadə edəcəkdir.
Yeni çəkilmiş bu su xətti Sizin zərdablılara
verdiyiniz böyük bir töhfədir. Bu Sizin sakinlərimizin
sağlam yaşamasına, ümumiyyətlə, insan amilinə
necə yüksək diqqət yetirməyinizin və önəm
verməyinizin bariz bir nümunəsidir.
Möhtərəm cənab Prezident, Siz həmişə
insanların qayğıları ilə
yaşayırsınız. Harada bir problem, çətinlik
görürsünüzsə, həmin anda onu aradan
qaldırırsınız. Sizin həyata keçirdiyiniz
bütün tədbirlər bizim yaxşı, firavan
yaşamağımıza, rifah halımızın yüksəlməsinə
xidmət edir. Siz həm də bizim təhlükəsizliyimizin
qarantısınız. Bütün Azərbaycan xalqı kimi,
biz zərdablılar da bunu hər zaman hiss edir və daim Sizə
arxalanırıq.
Mən şahidi olduğum bir məsələni
demək istəyirəm ki, 1978-ci ildə ulu öndərimiz
Heydər Əliyev, 2010-cu ildə isə Siz Zərdabı və
zərdablıları Kür çayının daşması
nəticəsində baş vermiş təbii fəlakətdən
xilas etmisiniz. Sakinlərimiz o çətin günlərdə
dövlətin gücünü və onun rəhbərinin
qayğısını bir daha gördülər. Sizin bir
çağırışınızla bütün ölkə
ayağa qalxmışdı. Doğrudan da, heç bir
neçə ay keçmədi ki, bütün fəlakət
bölgəsində olduğu kimi, Zərdabda da zərər
çəkmiş ailələr üçün yeni qəsəbə
salındı, sosial obyektlər inşa edildi, insanlara maddi
kömək göstərildi. Zərdablılar bütün
bunlara görə bir daha Sizə öz dərin minnətdarlıqlarını
bildirirlər.
Möhtərəm cənab Prezident, Sizin
diqqət və qayğınız sayəsində bu gün Zərdab
rayonunda çoxlu işlər görülür, insanları
narahat edən problemlər aradan qaldırılır. Şəhərimiz
tamamilə qazlaşdırılıb, kəndlərimizə
yeni qaz xətləri çəkilir, yollarımız asfaltlanır,
yeni təhsil obyektləri tikilib istifadəyə verilir. Yeri gəlmişkən,
mən burada bir məsələni də qeyd etmək istərdim
ki, son illərdə təhsilimizə göstərdiyiniz
qayğı xüsusilə yaddaqalandır. Rayonumuzda təkcə
son 3 ildə 13 məktəb binası tikilib istifadəyə verilmiş,
3 məktəb binası hazırda inşa edilməkdədir. Məlumat
üçün bildirmək istəyirəm ki, ötən əsrin
80-ci illərindən son dövrlərə qədər isə
cəmi 3 məktəb binası tikilmişdi.
Cənab Prezident, şəhərimiz də
gündən-günə gözəlləşir, hər tərəfdə geniş
abadlıq-quruculuq işləri aparılır, sakinlərimizin
istirahəti üçün hər cür şərait
yaradılır. Bu gün açılışını
etdiyiniz Heydər Əliyev və gənclər mərkəzləri
isə bütün rayon sakinlərinə, xüsusən də,
gənclərimizə ən böyük hədiyyədir.
Bütün bunlar Sizin və Sizinlə
çiyin-çiyinə çalışan çox hörmətli
Mehriban xanım Əliyevanın rayonumuza, biz zərdablılara
göstərdiyiniz yüksək diqqət nəticəsində
həyata keçirilən çoxsaylı tədbirlərdəndir.
Cənab Prezident, bizim yaxşı və
firavan yaşayışımız üçün
gördüyünüz bütün bu həyati əhəmiyyətli
işlərə görə Sizə bir daha bütün Zərdab
sakinlərinin dərin minnətdarlığını bildirir,
Sizə və ailənizə cansağlığı, xoşbəxtlik
arzulayıram. Ömrünüz su qədər uzun olsun. Allah
Sizi qorusun.
Diqqətinizə görə çox
sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
Sonra dövlət başçısı
veteranlarla görüşdü.
VETERAN: Cənab Prezident, Zərdaba xoş gəlmisiniz!
Siz həm bizim Prezidentimiz, həm də zərdablısınız.
Mən bunu səmimi deyirəm. Mən yaxşı
xatırlayıram, vaxtilə bura şoran torpaq idi, burada
heç nə yox idi. Allah ulu öndərimiz Heydər Əliyevə
qəni-qəni rəhmət etsin! Onun qarşısında
baş əyirəm. 1978-ci ildə mən ulu öndərimizlə
görüşmüşəm. Mənim əməyimi o,
mükafatlandırdı.
Mən xoşbəxtəm. Beşinci dəfədir
Sizinlə görüşürəm. Axırıncı dəfə
"Bibiheybət" məscidinin açılışında
görüşmüşük.
Bu yaxınlarda Mərdəkana getmişdim.
Siz oraya açılışa gəlmişdiniz. Nələr
yaradılıb orada?! Biz Sizə minnətdarlığımızı
bildiririk. Sizə uzun ömür, cansağlığı
arzulayırıq. Siz bizim gözəl, sadə Prezidentimizsiniz.
Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Çox
sağ olun.
VETERAN: Keçən il mayın 6-da
Sizin buraya gəlişiniz bizim
üçün çox uğurlu, gözəl gün oldu. İnanın,
biz Sizi görəndə elə bilirik ki, bütün
dünyanı bizə bəxş edirsiniz. Sizin 155 dövlət
tərəfindən dəstək almağınız, cənab
Prezident, Sizin şəxsinizdə bütün Azərbaycan
xalqına verilən qiymətdir. Keçən il öz əllərinizlə
mənə verdiyiniz "Tərəqqi" medalına görə
Sizə minnətdarlıq edirəm.
Mən əzizimiz Mehriban xanıma, Leyla
xanıma da Allahdan cansağlığı arzulayıram. Çünki
onlar da Azərbaycanın bütün dünyada
tanıdılmasında böyük işlər görürlər.
Veteranlara təşəkkür edən
Prezident İlham Əliyev onlarla xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.-2012.-
10 oktyabr.- S. 4-5.