Azərbaycanla Meksika arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial var

 

 Oktyabrın 9-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Meksika Konqresinin Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri  Porfirio Munyoz Ledo ilə görüşüb.

Oqtay Əsədov deyib ki, bu gün Azərbaycan ilə Meksika arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Son bir ildə Meksikadan Azərbaycana bir neçə nümayəndə heyəti gəlib. Meksika dövləti və parlamenti ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir və hər iki dövlət arasında olan münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Biz, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Meksika parlamentinin qəbul etdiyi qərarları yüksək qiymətləndiririk və buna görə, meksikalı dostlarımıza minnətdarlıq edirik". 

Milli Məclisin Sədri bildirib ki, Azərbaycan və Meksika arasında siyasi əlaqələr çox yüksək səviyyədədir, amma iqtisadi, ticarət dövriyyəmiz günün reallıqlarını əks etdirmir. Buna görə də iqtisadi münasibətlərin genişləndirilməsi üçün ciddi iş görülməlidir və buna geniş imkanlar vardır.

O.Əsədov tezliklə Azərbaycanda Meksikanın səfirliyinin fəaliyyətə başlamasının hər iki tərəfin xeyrinə olacağını bildirib.

Porfirio Munyoz Ledo Azərbaycanda olmaqdan şərəf duyduğunu və məmnun qaldığını deyib: "Həqiqətən də, ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin böyük rolu var. Meksika parlamentinin hər iki palatası - Senat və Deputatlar Palatası Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Biz də hesab edirik ki, iqtisadi əlaqələrimizin inkişafı üçün geniş imkanlar var. Bakıda Meksikanın səfirliyinin açılması münasibətlərimizin daha da genişlənərək bütün sahələri əhatə etməsində mühüm rol oynaya bilər. Meksikaya qayıdan kimi bu məsələni yenidən qaldıracağam".

Porfirio Munyoz Ledo Meksikanın mərkəzi meydanlarından birinə ulu öndər Heydər Əliyevin adının verildiyini xatırladaraq bunu Azərbaycan xalqına və onun ümummilli liderinə olan hörmətin bariz nümunəsi kimi qiymətləndirib.

Görüşdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu, Azərbaycan ilə Meksika arasında iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S.6.