Bakıda Azərbaycan-Özbəkistan hökumətlərarası birgə komissiyanın 10-cu iclası keçirilmişdir

 

 Oktyabrın 9-da Bakıda Azərbaycan-Özbəkistan hökumətlərarası birgə komissiyanın 10-cu iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasa Azərbaycan Respublikası tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan Respublikası tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Uluqbəy Rozukulov sədrlik etmişlər.

Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan iqtisadiyyatı barədə qonaqlara məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti qeyri-neft sektorunun inkişafıdır. Elə bunun nəticəsidir ki, təkcə son bir ildə qeyri-neft sektorunda artım 10 faiz təşkil etmişdir. Ölkədə iri infrastruktur layihələri həyata keçirilirbu baxımdan Azərbaycan regionda liderdir. Aparılan iqtisadi siyasət bu gün respublikamızın idxaldan asılılığını minimuma endirməklə yanaşı, onu ixracatçıya çevirmişdir.

Əhalinin rifahı təmin olunur, sosial vəziyyət yaxşılaşdırılır. Ölkədə sürətlə qazlaşdırılma aparılır, hazırda bu sahədə ümumi göstərici 85 faizdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Y.Eyyubov bu məsələdə Özbəkistanın hər zaman ölkəmizə dəstək olduğunu diqqətə çatdırmış, dost ölkənin ərazi bütovlüyümüzü daim müdafiə etdiyini demişdir.

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin hazırkı durumundan danışan Y.Eyyubov, ticarət dövriyyəsinin nisbətən aşağı olduğunu diqqətə çatdırmışdır. "Son iki ildə mühüm irəliləyişlər əldə olunmasına baxmayaraq, bu istiqamətlə komissiyanın fəaliyyəti davam etməlidir" - deyə Baş nazirin birinci müavini vurğulamışdır. Bildirmişdir ki, buna təkan olaraq hər iki respublikada keçirilmiş sərgilərdə çoxsaylı adamlarının iştirakı təmin olunmuşdur.

 Özbəkistan Respublikasının Baş nazirinin müavini Uluqbəy Rozukulov ölkələrimizin tarixi köklərə söykənən möhkəm əlaqələri olduğunu demişdir.

İqtisadi dövriyyənin real potensialı əks etdirmədiyini vurğulayan Baş nazirin müavini, komissiyanın iclasının nəticələrinin uğurlu olacağına əminliyini  ifadə etmişdir.  Özbəkistan iqtisadiyyatı barədə məlumat verən qonaq demişdir ki, ölkəsi avtomobil istehsalı, kimya, qida sənayesi, kənd təsərrüfatı sahəsində sürətlə inkişaf edir. Ötən il ölkə iqtisadiyyatına 120 milyard dollar sərmayə yatırılmışdır.

Azərbaycana səfəri nəticəsində bir sıra görüşlər keçirdiyini nəzərə çatdıran U.Rozukulov həmin danışıqlardan konkret nəticələr gözlədiyini bildirmişdir. Baş nazirin müavini ölkəsinin adamlarının müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı və nəqliyyatda azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduğunu söyləmişdir.

İclasda elm və rabitə texnologiyaları sahəsində konkret təkliflər səslənmişdir.

 

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S.7.